İxtisas fortepiano kafedrası. Tarix
Azərbaycan musiqi mədəniyyəti tarixində fortepiano ifaçılığı sənəti əldə edilmiş nailiyyətləri və artıq qazanılmış nüfuzu sayəsində bu gün də layiqli mövqeyini qorumağa davam edir. Sorağı Azərbaycanın hüdudlarını aşmış istedadlı pianoçularımızın konsert və pedaqoji fəaliyyəti, milli piano ifaçılığı məktəbinin danılmaz uğurlarını bir daha isbatlayır.
Məlumdur ki, fortepiano aləti ilk olaraq, XIX əsrin axırları XX əsrin əvvəllərində Bakıda keçirilən musiqi gecələrində təmsil olunmağa başlamışdır. XIX əsrin axırları fortepiano alətində həm solo, həm ansambl ifaçılığının fəal surətdə inkişafı ilə dəəlamətdardır. Bu dövr musiqi tariximizə Xədicə xanım Qayıbova, Nəzirə xanım Şahmirzə, Kişvər xanım Əliyeva kimi istedadlı simaları bəxş etmişdir. Qeyd olunan pianoçular Qərb musiqi mədəniyyətinin Azərbaycanda fəal təbliğatçıları kimi tanınırdılar.