Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№-li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır.
Tələbə Gənclər Təşkilatı ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrə ictimai həyatda daha fəal həyat tərzi bəxş edir.
TGT-lərin əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
- tələbələr arasında maarifləndirmə işinin aparılması;
- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
- tələbələrin hüquqlarının təmin edilməsi;
- respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
- tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
- tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
- tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
- tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
- təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
- qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı da ölkənin fəal tələbə gənclər təşkilatlarından biridir. Təşkilat akademiya tələbələrinin asudə vaxtlarının səmərəli təşkili, daha çox biliyə və dünyagörüşünə malik olmaqları, sağlam və vətənpərvər ruhda tərbiyə almaqları, musiqimizin geniş təbliği və digər bir çox istiqamətlərdə müxtəlif layihələr həyata keçirir. Buna misal olaraq Tələbə yaradıcılıq sərgiləri, Tələbə teatr festivalı, idman yarışları (voleybol, futbol, basketbol, dama, şahmat və s.), Bakı şəhəri və bölgələrdə konsert proqramları (Gəncə, Lənkəran, Qazax, Yevlax, Zaqatala, Şirvan və s.), Körpələr evi və Qocalar evində xeyriyyə tədbirləri, bilik yarışları, maarifləndirici təlimlər, tanınmış şəxslərlə görüşlər, tanınmış insanların ev muzeylərinə həmçinin tarixi yerlərə ekskursiyalar, hərbi hissələrdə konsert proqramları, tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə Şəki, Quba, Mərdəkan Dendrarisi, Qala kəndi, Qobustan, Yanardağ və digər bir çox yerlərə ekskursiyalar və s. layihələr həyata keçirməkdə davam edir. Təşkilat dəfələrlə Gənclər və İdman nazirliyinin, Mədəniyyət və Turizm nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin və bir çox dövlət, qeyri hökumət təşkilatlarının fəxri fərman və mükafatları ilə təltif olunub. “İlin Tələbə Gənclər Təşkilatı” və digər bir çox mükafatlara layiq görülmüş təşkilatın fəal üzvləri tək ölkəmizdə deyil xaridə baş tutan bir çox tədbirlərdə də akademiyanı layiqincə təmsil ediblər. (Türkiyə, Gürcüstan, Cənubi Koreya, Litva, İran, Brazilya, Rusiya, Macarıstan, İnquşetiya, Səudiyyə Ərəbistanı Krallığı və s.)
2012-2013-cü illərdə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı ölkənin ilk və tək tələbə gənclər təşkilatı jurnalı olan “Mezzo” jurnalını təsis etmiş və jurnalın 11 buraxılışı çapdan çıxmışdır. Hal hazırda sözügedən jurnal Bakı Musiqi Akademiyasının elmi, publisistik, informasiya jurnalı olaraq fəaliyyətini davam etdirir.
Təşkilata müxtəllif illərdə Mənzər Nurəliyeva, Zəhra Bədəlbəyli, Fidan Hüseynova, Vüqar Hümbətov sədrlik etmiş, hal hazırda isə Nəcəf Vəliyev bu vəzifəni icra edir.