Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyası
Zamanın tələbi və Azərbaycanın görkəmli musiqi xadimlərinin təklifi ilə XX əsrin 90-cı illərin əvvəllərində Ü.Hacıbəyli adina BMA-da tədris prosesi ilə yanaşı elmi laboratoriyaların yaradılması qərara alınmışdır. Bu təklifi BMA-nın rektoru, Azərbaycan və SSRİ –nin xalq artisti, professor Fərhad Bədəlbəyli bəyəndi və onun rəhbərliyi altında görkəmli alim, elm və yaradıcılıq işləri üzrə prorektor, professor G.Abdullazadə və musiqişünas-alım M.Kərimovun iştirakı ilə bu layihə üzrə bütün hazırlıqlar görüldü. Bundan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.02.1992-ci ilin № 98 əmrinə əsasən – “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi ” və “Qədim Azərbaycan musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” adlı iki elmi- tədqiqat laboratoriyaları yaradıldı. Həmin laboratoriyaların fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 1995-ci il tarixli 242 № qərarı ilə təsdiq edilmiş “Ali məktəblərdə elmi tədqiqat laboratoriyaları haqqında Əsasnamə” yə uyğun olaraq davam etdirildi.