Azərbaycan musiqi mədəniyyəti tarixində fortepiano ifaçılığı sənəti əldə edilmiş nailiyyətləri və artıq qazanılmış nüfuzu sayəsində bu gün də layiqli mövqeyini qorumağa davam edir. Sorağı Azərbaycanın hüdudlarını aşmış istedadlı pianoçularımızın konsert və pedaqoji fəaliyyəti, milli piano ifaçılığı məktəbinin danılmaz uğurlarını bir daha isbatlayır.
Məlumdur ki, fortepiano aləti ilk olaraq, XIX əsrin axırları XX əsrin əvvəllərində Bakıda keçirilən musiqi gecələrində təmsil olunmağa başlamışdır. XIX əsrin axırları fortepiano alətində həm solo, həm ansambl ifaçılığının fəal surətdə inkişafı ilə dəəlamətdardır. Bu dövr musiqi tariximizə Xədicə xanım Qayıbova, Nəzirə xanım Şahmirzə, Kişvər xanım Əliyeva kimi istedadlı simaları bəxş etmişdir. Qeyd olunan pianoçular Qərb musiqi mədəniyyətinin Azərbaycanda fəal təbliğatçıları kimi tanınırdılar.
1895-ci ildə A.N.Yermolayeva tərəfindən ilk musiqi məktəbinin təsis olunması, 1920-ci ildə isə Bakıda Milli Konservatoriyanın fəaliyyətə başlaması Azərbaycan fortepiano ifaçılığı sənətinin təşəkkül və inkişafı istiqamətində atılan mühüm addımlardan idi.
Bünövrəsi keçən əsrin 30-ci illərində qoyulmuş və istedadlı pedaqoji heyəti ilə tanınan “İxtisas fortepiano” kafedrasına müxtəlif illərdə Q.Q.Şaroyev, K.K.Səfərəliyeva, N.İ.Usubova, R.İ.Atakişiyev, F.Ə.Quliyeva, E.M.Nəzirova, E.Səfərova, R.Quliyev kimi istedadlı musiqiçi , nadir və parlaq şəxsiyyətlər rəhbərlik etmişdirlər. Milli pianoçuluq məktəbinin tarixinə K.K.Səfərəliyeva professor adına layiq görülmüş ilk Azərbaycan pianoçu-qadın, Bülbül adına orta ixtisas musiqi məktəbinin yaradıcısı və ilk müdiri kimi, N.İ.Usubova pianoçu və bacarıqlı təşkilatçı kimi, 1968-cı ildən bir saylı İxtisas fortepiano kafedrasına rəhbərlik etmiş R.İ.Atakişiyev tanınmış vokalçı və yüksək mədəniyyətə sahib pianoçu kimi imza atmış, müstəsna xidmətlərinə görə milli musiqi tariximizdə dərin iz qoymuşdurlar. Uzun illər boyu iki saylıİxtisas fortepiano kafedrasının müdiri vəzifəsini icra etmiş F.Ə.Əliyeva pianoçu kimi fərdi dəst xəttə malik ifaçı olmuş, elmi fəaliyyətində isə pianoçuluq tarixini əhatələmişdir.
1974-1988-ci illərdə fəaliyyət göstərən üç saylı İxtisas fortepiano kafedrasına başçılıq etmiş E.M.Nəzirova təfsir məqamlarını ustalıqla incələyən mahir interpretator, həmçinin çox maraqlı fortepiano əsərlərinin müəllifi olmuşdur. Lakin, heç zaman inzibati vəzifə tutmayan boyük pedaqoq M.R.Brennerin adını çəkmək də şübhəsiz ki, vacibdir. Milli pianoçuların müsabiqələrdə qazandıqları ilk uğurları da məhz onun adı ilə bağlıdır. Onlardan biri 1960-cı illərdən adını milli fotepiano ifaçılığı məktəbinin tarixinə qızıl hərflərlə yazmış, SSRİ-nın Xalq artisti, professor F.Ş.Bədəlbəylidir. 1994-cü ildən etibarən məhz F.Ş.Bədəlbəyli şəxsi təcrübəsinə arxalanaraq fortepiano kafedralarını birləşdirmiş və tədris prosesinə bir sıra mühüm yeniliklər daxil etmişdir. 2004-cü ildə yenidən iki hissəyə bölünmüş kafedralara F.Bədəlbəyli və professor O.H.Abasquliyev rəhbərlik etmişdir. Zəngin idarəetmə təcrübəsinə malik professor O.H.Abasquliyev 1978-2003-cü illərdə Fortepiano fakültəsinin dekanı vəzifəsində uğurla çalışmış, 2003-2016 illərdə isə həmin vəzifəni professor N.Quliyeva icra etmişdir. Tədris prosesinə dialektik yanaşmanın, habelə yeni nəslin işə cəlbetmə təmayülünün daha bir sübütü isə 2015-ci ildə İxtisas fortepiano kafedralarının yenidən birləşdirilməsi olmuşdur. Bu dəfə kafedraya başçılıq Moskva Dövlət Konservatoriyasının məzunu, fəal konsert fəaliyyəti ilə məşğul olan pianoçu, professor S.R.Aşumovaya həvalə edilmişdir.
Bu dövr ərzində görkəmli və sıravi müəllimlərimizin səbirli, təmkinli əməyinin nəticəsi artıq öz bəhrəsini verməyə başlamışdır. Milli fortepiano ifaçılığı məktəbinin qazandığı yüksək göstəriciləri kafedra üzvlərinin regional və beynəlxalq müsabiqələrin münsiflər heyətinə, orta və ali təhsil ocaqlarının Dövlət attestasiya komissiyalarına dəvət olunmaları bir daha isbatlayır.