Bədəlbəyli Fərhad Şəmsi oğlu
Professor, SSRİ və Azərbaycanın Xalq artisti, rektor
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsili: 1955-1965-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsində, 1965-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında (Y.Zak və B.Davidoviçin siniflərində) təhsil almışdır.
Pedaqoji fəaliyyəti: 1971-ci ildə Moskva Dövlət Konservatoriyasının aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə pedaqoq kimi Azərbaycan Dövlət Konservatoriyasında başlayan Fərhad Bədəlbəyli 1971-1973-cü illərdə müəllim, 1973-1976-cı illərdə baş müəllim, 1976-1983-cü illərdə dosent, 1983-cü ildən professor və 1991-ci ildən rektor vəzifəsinə qədər yüksəlmişdir. F.Bədəlbəylinin yetirmələri sırasında Beynəlxalq müsabiqələr laureatları, xalq artistləri (M.Adıgözəlzadə, M.Hüseynov və b.) var.
İfaçılıq və elmi fəaliyyəti: F.Bədəlbəyli Beynəlxalq müsabiqələrin qalibi və laureatıdır. B.Smetana adına (III dərəcəli mükafat və B.Smetana əsərlərin ən yaxşı ifasına görə xüsusi priz, Çexoslovakiya, 1967-ci il) Viana da Mota adına Pianoçuların IV Beynəlxalq müsabiqəsi (I dərəcəli mükafat, Portuqaliya, 1968-ci il).
Dünyanın 50-dən çox ölkəsində (ABŞ, Almaniya, Fransa və b.) konsert proqramları ilə çıxış edib. Onun dövri mətbuatda ayrı-ayrı elmi-nəzəri toplularda, habelə Azad Mirzəcanzadə ilə birlikdə yazdığı "Musiqi çələngi" adlı kitabında təkcə musiqimizin aktual problemləri deyil, həmçinin ictimai-siyasi proseslərə münasibəti, eləcə də müxtəlif məsələlərə dair baxışları geniş şəkildə öz əksini tapmışdır. Çox saylı monoqrafiyaların, dərsliklərin, metodik vəsaitlərin redaktorudur. F.Bədəlbəyli bir çox janrda yazılan əsərlərin müəllifidir.
İctimai-siyasi fəaliyyəti: Müxtəlif qurultay və konfranslarda çıxış edib. 1987-1996-cı illər ərzində öz təşəbbüsü ilə yaradılan Bakı İncəsənət Mərkəzinin, həmçinin Musiqi Xadimləri İttifaqının rəhbəri (1989-cu ildən), 1995-ci ildən Azərbaycan Respublikası Mədəniyyətinin Dostları Fondunun üzvi olmuşdur.
1971-ci ildə "Əməkdə fərqlənməyə" görə medalı, 1972-ci ildə Azərbaycan SSR-in əməkdar artisti, 1971-1973-cü illərdə Lenin komsomolu mükafatı, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 1983-1985-ci illərdə Dövlət Mükafatı, 1990-cı ildə SSRİ xalq artisti, 1997-ci ildə Şöhrət ordeninə, 2000-ci ildə Fransanın "Şevalye" Dövlət mükafatı və başqa mükafatlara layiq görülmüşdür.
Qəbələ Musiqi Festivalların bədii rəhbəri və pianoçuların müsabiqələrinin sədridir. Azərbaycanda və xarici ölkələrdə ustad-dərslərində iştirak edib. Müxtəlif Respublika və Beynəlxalq müsabiqələrin münsiflər heyyətinin sədri və üzvidür.