Məmmədli Sevda Məhərrəm qızı
Baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsili: 1987-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinə (dosent F.Hacıyeva və Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə Elmlər doktoru, professor T.Seyidovun sinfi) daxil olmuş, 1992-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Oxuduğu müddət ərzində görkəmli bəstəkar Leonid Vaynşteyndən bəstəkarlıq dərsləri də almışdır.
Pedaqoji fəaliyyəti: Konservatoriyanı bitirdiyi ildən etibarən (1992) həmin ali məktəbdə konsertmeyster kimi əmək fəaliyyətinə başlamış, 2003-ci ildən İxtisas fortepiano kafedrasına müəllim, 2009-cu ildən isə baş müəllim vəzifəsinə təyin olunmuşdur.
Elmi və ifaçiliq fəaliyyəti: Pedaqoji fəaliyyətlə yanaşı, bəstəkarlıqla da məşğuldur. 200-dək mahnının, instrumental əsərlərin müəllifidir.
Bir sıra tamaşa və teleseriallara musiqinin, habelə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən səhnələşdirilmiş “Dahi” əsərinə musiqili kompozisiyanın, görkəmli dramaturq İlyas Əfəndiyevin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən səhnələşdirilmiş “Sən həmişə mənimləsən” tamaşasına musiqinin, “Bir kəndin sevinci” teleserialının musiqisinin müəllifidir. Mahnılardan, “Yaşayır Heydər Ata!” (bu əsər 2005-ci ildən etibarən Novosibirsk şəhəri Heydər Əliyev adına Forumun himnidir), “Elin Mehriban qızı”, “Ata”, “Yanır ürəyim”, “Demirəm”, “Azərbaycanım” və s. misal göstərmək olar. Sevda Məmmədli bir pianoçu kimi fəaliyyətdədir.
8 aprel 2005-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində bəstəkarın yaradıcılıq gecəsi keçirilmişdir. Bir sıra mükafatlarla (“Zirvə” mükafatı – 2000, “İlin qadın bəstəkarı” – 2001 və s.) təltif olunmuşdur. 2008-ci ildə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı gecələri” estrada mahnı müsabiqəsinin “Ən yaxşı bəstəkar” nominasiyası üzrə qalibi olmuşdur. Dissertantdir, “Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq mahnılarından istifadə məsələləri (XX əsrin I yarısı)’’ adlı elmi işi var. Bir sıra elmi məqalə və tezisləri mətbuatda çap olunmuşdur.