Dirijorluq kafedrası. Tarix
1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının, Tarix-nəzəriyyə fakültəsinin nəzdində “Xor-dirijorluğu” şöbəsi açılmışdır. Şöbənin ilk müəllimi Q.Qarayevin dəvəti ilə gəlmiş Moskva Dövlət Konservatoriyasının məzunu L.V.Frolova olmuşdur. O, 1951-57-ci və 1964-75-ci illər ərzində kafedra müdiri vəzifəsində çalışmışdır.
1953-cü ildə “Xor-dirijorluğu” şöbəsində istedadlı bəstəkar C.Cahangirov pedaqoji fəaliyyətə başlayır. C.Cahangirov uzun müddət xor kollektivləri ilə çalışıb. O, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor kollektivinə, Azərbaycan Dövlət Televiziya və Radio xoruna rəhbərlik etmişdi. Onun bəstəkar kimi yaradıcılığı xor musiqisi ilə bilavasitə bağlı olmuşdur.
1954-cü ildə daha bir gənc pedaqoq “Xor-dirijorluğu” şöbəsində fəaliyyətə başlayır. A.A.Yurlov (Moskva Dövlət Konservatoriyasının məzunu, professor A.Sveşnikovun sinfi) bir sıra dirijorlar yetişdirib və Respublikada xor musiqi sənətinin yüksək inkişafında böyük rol oynamışdı. Elə həmin ildə ADK-da “Xor-dirijorluğu” kafedrası yaranıb.