Məmmədova Həbibə Vaqif qızı
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı. 09.08.1983
Təhsili: 2001-2005-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası bakalavr, 2006-2008-ci illərdə Azərbaycan Milli Konservatoriyasında magistr pilləsində musiqişünaslıq ixtisası üzrə təhsil almışdır.
Pedaqoji fəaliyyəti: 2004-2009-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında laborant, 2011-2014-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında baş müəllim, 2009-cu ildən elmi-tədqiqat laboratoriyasında elmi işçi, hal-hazırda “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. 2013-2020-ci illərdə Bakı Musiqi Akademiyasının F/D 02.151 Dissertasiya Şurasının elmi katibi, 2021-ci ildən Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya Şurasının 6213.01-Musiqi sənəti ixtisası üzrə Elmi Seminarın elmi katibi vəzifəsini icra edir.
Elmi fəaliyyəti: 2011-ci ildə “Azərbaycan operalarında tarixi-qəhrəmanlıq mövzusunun təcəssümü (lad-məqam xüsusiyyətləri)” mövzulu dissertasiya işini müdafiə etmişdir. 2012-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2015-ci ildə isə dosent elmi adına layiq görülmüşdür.
Ege Universitesi Türk Musiqisi Dövlət Konservatoriyası və Bakı Musiqi Akademiyasının arasında bağlanmış qarşılıqlı müqavilə əsasında 2004-cü ilin may ayında Şamaxı, dekabr ayında isə Gəncə və Qazax rayonlarında folklor ekspedisiyasında iştirak etmişdir.
2005-ci ildə iki cilddən ibarət nəşr olunan Azərbaycan xalq mahnıları toplusunun korrektoru olmuşdur (Tərtibçi - Siyavuş Kərimi).
2014-cü ildə nəşr olunmuş - “Tarixi-qəhrəmanlıq mövzusu Azərbaycan bəstəkarlarının operalarında” adlı dərs vəsaitinin və “Azərbaycan şifahi ənənəli musiqi irsində tarixi-qəhrəmanlıq mövzusunun təcəssümü (Elmi ədəbiyyatın icmalı)”, “Tarixi-qəhrəmanlıq mövzulu aşıq havalarının musiqi dilinin təhlili” adlı 2 metodik vəsaitin və tədris proqramlarının müəllifidir.
Yerli və beynəlxalq jurnallarda 20-yə yaxın elmi məqaləsi nəşr olunmuşdur. 30-dan çox Respublika və xarici ölkələrdə - İtaliya, Rusiya, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Türkiyənin bir çox şəhərlərində keçirilən beynəlxalq simpozium-konqreslərdə moderator və məruzəçi olaraq çıxış etmişdir. O cümlədən Azərbaycanda və xaricdə keçirilən bir sıra elmi və yaradıcılıq tədbirlərinin təşkilatçısı və koordinatorudur.
2016-cı ildən SCOPUS, EBSCOhost indekslər bazasına daxil olan - Rast Uluslararası Müzikoloji elmi jurnalının və 2018-ci ildən Ulakbim indekslər bazasına daxil olan Eurasian Journal of Music and Dance (EJMD) elmi jurnalının redaksiya və idarə heyətinin üzvüdür.
2020-ci ildə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Azərbaycan musiqisinin beynəlxalq konfranslarda təbliğinə və bu tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq bacarığına görə diploma layiq görülmüşdür.