Quliyev Əyyub Ramiz oğlu
Dosent, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dirijorların Beynəlxalq müsabiqə laureatı
Doğum yeri və tarixi: Bakı şəhərində, 1984-cü il.
Təhsil: 15 yaşında ikən Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakultəsinə daxil olmuş və 2005-ci ildə oranı fərqlənmə ilə bitirmişdir.
Ə.Quliyev 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında prof. A.İ.Polişukun sinfində (opera-simfonik dirijorluğu ixtisası üzrə) və 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində prof. Mark Stringerin sinfində təhsil almışdır.
Elmi fəaliyyəti: Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 23 avqust 1998-ci ildəki sərəncamı ilə Əyyub Quliyevin adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılmış və Prezident təqaüdünə layiq görülmüşdür.
2002-ci ildə YUNESKO və ISESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbəri olduğu «Azərbaycan Mədəniyyətinin Dostları» Fondunun təsis etdiyi «İlin ən yaxşı tələbəsi» nominasiyasında qalib gəlmişdir.
2006-cı ilin dekabr ayında Azərbaycanın Milli Mədəniyyət Mərkəzi tərəfindən «Uğur-2006» mükafatına, 2008-ci ildə isə qazandığı nailiyyətlərə görə Əyyub Quliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüşdür.
2013-ci ildə V.Safonov adına Dövlət Akademik Filarmonik orkestrinin baş dəvətli dirijoru və 2014-ci ildə isə Mixaylovski adına Sankt-Peterburq Opera Teatrının dəvətli dirijoru təyin olunmuşdur.
2013-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezident mükafatına layiq görülmüşdür.