“Musiqi tarixi” kafedrası Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris fəaliyyətində mühüm yer tutur. O, gənc musiqiçilərin estetik baxışlarının və bədii zövqün formalaşmasında önəmli rol oynayır.
Məhz musiqi tarixi dərslərində BMA-nın tələbələri bir başa musiqi sənətinin bu və ya digər “qəhrəmanları” ilə tanış olurlar, eyni zamanda, onlar müəyyən tarixi dövrün, cərəyan, istiqamətin, bəstəkar üslubunun bədii özünəməxsusluğunu dərk etmək imkanı əldə edirlər.
“Musiqi tarixi” kafedrası 1955-ci ildə yaranmışdır. Təbii ki, bu ildən başlayaraq kafedranın fəaliyyəti məqsədyönlü şəkildə dəyişir. 1955-1956-cı illərdə kafedranın rəhbəri Ə.Abbasov olmuşdur, 1956-cı ildən başlayaraq uzun müddət onu rəhbəri D.X.Danilov, sonralar bu vəzifədə çalışanlar A.Tağızadə və N.Mehdiyeva olublar. Hal-hazırda kafedranın müdiri Ülviyyə İmanovadır.
Keçən əsrin 50-ci illərində “Musiqi tarixi” kafedrasının tərkibi xeyli genişlənir. Çox müsbət hal kimi onu qeyd etməliyik ki, kafedrada müəllim vəzifəsində çalışanlar əsasən konservatoriyanın məzunları idi. Onlardan S.Qasımova (1954-cü ildən), E.Abasova (1955), L.Məlikova (1953), A.Tağızadə (1958), N.Mehdiyevanın (1959) adlarını çəkmək olar. 1954-cü ildən “Musiqi tarixi” kafedrasına Moskva konservatoriyasının məzunu İ.Abezqauz dəvət alır və çalışdığı illər ərzində aparıcı müəllim olan İzabella Vladimirovna bir sıra fənlərdən dərs deyir. “Rus musiqi tarixi” (xüsusi kurs), “İxtisas” (fərdi), “Musiqi tarixi fənnlərin tədrisi metodikası”, “Pedaqoji hazırlıq” və s. Təəssüflə qeyd etməliyik ki, yuxarıda adlarını çəkdiyimiz istedadlı müəllimlərdən bəziləri aramızda yoxdur, lakin onların tələbələri bu gün kafedrada çalışır, eləcə də, yazdıqları kitablar, məqalələr, onlarla bağlı olan təəssüratlar bizim üçün olduqca təsiredici və doğmadır.
Kafedranın timsalında demək olar ki, gənc musiqiçilərlə ciddi və gələcəklə bağlı olan mənalı iş aparılır. Hal-hazırda “Musiqi tarixi” kafedrasında mobil və istedadlı kollektiv çalışır və burada bütün nəsil nümayəndələri təmsil olunur. 1960-cı illərin məzunu olan Əməkdar incəsənət xadimi, professor Z.Qafarova, Əməkdar müəllim, dosent, T.Hüseynova, professor,Əməkdar müəllim Ü.İmanova əsl peşəkardırlar və fəal şəkildə öz peşələrini yerinə yetirirlər.
“Musiqi tarixi” kafedrasının ən böyük hissəsini 70-80-cı illərdə bitirən müəllim qrupu təşkil edir ki, onlardan Əməkdar incəsənət xadimi, professor, Şəhla Həsənova, professor Könül Nəsirova, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, dosent Xatirə Həsənzadə, dosent Rəna Səfərəlibəyova, dosent İnna Pazıçevanın adını çəkmək olar.
Bununla yanaşı “Musiqi tarixi” kafedrasında çalışanların sırasında dosent Kəmalə Ələsgərli, dosent Ayanda Adilova, Kamina Məmmədova, dosent Natavan Cəfərova, dosent Nuridə İsmayılzadə, Ruqiyyə Süleymanova, Aytən Hüseynova, Minaxanım Babayeva, Aybəniz Növrəslini göstərmək olar. Onlardan bəziləri kafedrada uzun illər çalışanlardır, digərləri isə son illər kafedrada fəaliyyət göstərillər.
Ümumilikdə “Musiqi tarixi” kafedrasının elmi potensialı çox yüksəkdir. Bunu fəxrlə qeyd etmək olar. Çünki, kafedrada çalışan müəllimlərin böyük hissəsi namizədlik və doktorluq dissertasiyalarını müdafiə edən mütəxəssislərdir və onların yüksək elmi səviyyəyə malik olması, öz üzərində daim çalışmaları onları səciyyələndirən xüsusiyyətlərdir.
Musiqi tarixi kafedrasında aşağıdakı fənnlər tədris olunur:
1. Xarici musiqi tarixi
2. Azərbaycan musiqi tarixi
3. İxtisas
4. İxtisasa giriş
5. Arxiv-biblioqrafik iş
6. Xüsusi pedaqoji hazırlıq
7. Tarixi musiqişünaslıq
8. Müasir musiqi
9. Lektorluq
10. Lektor təcrübəsi
11. İnformatika
12. Musiqi tənqidi
13. Musiqi ədəbiyyatının tədris metodikası
14. Asiya və Afrika xalq musiqisi
15. Musiqili teatrın dramaturgiyası
Bu fənnlərin tədrisi xüsusi və ümumi qruplarda həyata keçirilir.
Ü.Hacıbəyli adına BMA-nın “Musiqi tarixi” kafedrasında magistr pilləsində isə İxtisas, Musiqi metodologiyası, Musiqi tarixinin müasir problemləri, Redaktorluq, Musiqi jurnalistikası, XX əsr bəstəkar yaradıcılığının təmayülləri, Elmi-tədqiqat fəaliyyətinin əsasları, XX əsrin musiqi teatrı adlı fənnlər tədris olunur.
Kafedranın əməkdaşları müəllimliklə yanaşı, elmi-tədqiqat işi ilə məşğul olurlar, onlar Azərbaycan musiqi tarixinin müxtəlif aspekt və məsələlərini, eləcə də milli bəstəkarlarımızın yaradıcılığına müraciət edirlər. Diqqəti cəlb edən odur ki, kafedrada araşdırılan məsələlərin məqsədi müəyyən qanunauyğunluqların, ayrı-ayrı bəstəkarların, ümumilikdə, Azərbaycan musiqisinin üslub təmayüllərinin üzə çıxarılmasıdır. “Musiqi tarixi” kafedrası Üzeyir bəyin müqəddəs ocağına sadiq bir qurum kimi fəaliyyət göstərir və bu ocağın müqəddəsliyi çalışan hər kəs üçün olduqca vacib və əzizdir.