• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Tarix-nəzəriyyə fakültəsi

    Bəstəkarlıq kafedrası. Tarix

    Azərbaycan musiqi təhsilinin təməlini qoyan Üzeyir Hacıbəyli yüksək səviyyəli kadrlar yetişdirmək üçün Azərbaycan konservatoriyasına böyük musiqiçiləri işləməyə cəlb etmişdir.

    Bəstəkarlıq məktəbinin inkişafında onun rolu əvəzsizdir. Belə ki, Hacıbəyli ilə yanaşı çalışan Zeydman, E.Rudolf və başqa təcrübəli pedaqoqlar tərəfindən qoyulmuş möhkəm təməl bizim görkəmli korifeylərin Q.Qarayev, C.Hacıyev, Ə.Abbasov, S.Hacıbəyov, daha sonra A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Qarayev, A.Cəfərova, İ.Hacıbəyov, Üzeyir Hacıbəyli tərəfindən inkişaf etdirilmişdir və bu günə qədər də istedadlı bəstəkarlar yetişdirilməkdədir. 

     

    Bəstəkarlıq kafedrası yarandığı gündən etibarən  Peterburq və Moskva konservatoriyalarının ənənələri ilə sıx bağlıdır.

    1920-1930 – cu illərdə görkəmli musiqiçi Rudolfla bərabər bəstəkarlar - Qara Qarayev və Cövdət Hacıyev və başqaları ilə bəstəkarlıq kafedrasında yaradıcılıq işi aparırlar.

    1947-1957-ci ilə qədər Leninqrad konservatoriyasının məzunu B.İ. Zeydman kafedrada rəhbərlik edir. Onun məzunları arasında F.Əmirov, C. Hacıbəyov, R. Mustafayev, Ş. Axundova ilə başqalarının adını çəkmək olar.

    Müasir dövrün bəstəkarı D. Şostakoviçin məzunları 1946-cı ildə Q.Qarayev, 1947-ci ildə C.Hacıyev Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra bəstəkarlıq fənninin tədrisinə başlayırlar.

     Qara Qarayev 30 ildən artıq bəstəkarlıq sinfində dərs demişdir. C.Hacıyevin 1940-1990-cı illərə qədər pedaqoji fəaliyyəti davam etmişdir. Həmçinin bəstəkarlıq kafedrasında Soltan Hacıbəyov 1947 – ci ildən alətşünaslıq fənnindən dərs demişdir, 1952-ci ildən çalışmağa başlamış bəstəkar Əşrəf Abbasov 1957-1973 – cü illərə qədər kafedraya rəhbərlik etmişdir.

    1973-1983-cü illərə qədər kafedra müdiri Qara Qarayevin tələbəsi görkəmli bəstəkar Xəyyam Mirzəzadə olmuşdur.

    1960-cı illərin sonunda bəstəkar Fərəc Qarayev daha sonra Afaq Cəfərova və İsmayıl Hacıbəyov pedaqoji fəaliyyətə başlayır. Onlar bəstəkarlıq, polifoniya, orkestrləşdirmə fənnlərini tədris ediblər.

    Müxtəlif illərdə bəstəkarlıq kafedrasında Rauf Hacıyev, Emin Mahmudov Sabitoğlu rəhbərlik etmişdir.

    1983-cü ildən – 2019-cu ilədək bəstəkarlıq kafedrasına Azərbaycan musiqi mədəniyyətinin parlaq sənətkarı, dünya şöhrətli bəstəkar Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Şərəf Nişanı Ordeni mükafatçısı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatçısı, SSRİ xalq artisti, İstiqlal Ordeni mükafatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Heydər Əliyev Mükafatı laureatçısı, Nizami qızıl medalı və Heydər Əliyev ordeni ilə təltif olunmuş, akademik Arif Məlikov rəhbərlik edib. Kafedrada çalışdığı illərdə o bir çox istedadlı bəstəkarlar yetişdirmişdir. Hal-hazırda isə bəstəkarlıq kafedrasına Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor Aydın Əzimov rəhbərlik edir.

    Cövdət Hacıyevin sinfinin nümayəndəsi olan görkəmli bəstəkar Aqşin Əlizadə 1967-ci ildən 2014-cü ilə qədər bəstəkarlıq kafedrasında çalışıb. O, orkestr  yazılışının mürəkkəbliyini bəstəkar tələbələrə öyrədib.
           

    Hal-hazırda kafedrada N. Mirişli (C. Hacıyevin sinfi), C.Allahverdiyev (A.Məlikovun sinfi), G. Məmmədova (A.Məlikovun sinfi), A.Məmmədova (A.Məlikovun sinfi) kimi  təcrübəli müəllimlər çalışır.