90 illik tarixə malik Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrası xüsusi əhəmiyyətə malikdir. Onun əsas vəzifəsi Musiqi Akademiyasında aparılan klassik musiqi təhsili çərçivəsində dərin köklərə malik, hər zaman milli bəstəkarlıq məktəbinin nümayəndələri üçün ilham mənbəyi olmuş xalq musiqisi, aşıq sənəti və muğamın incəliklərini tələbələrə aşılamaqdan ibarətdir. Kafedranın yaranması və təşəkkülü ilə bağlı bəzi məqamları çatdırmaq istərdik.
Rəsmi məlumatlarda “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının 1980-ci ildə müstəqil qurum kimi fəaliyyətə başlaması göstərilsə də, zənnimizcə, onun təməli illər öncə dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulmuşdur. 1921-ci ildə Üzeyir bəy “Vostoçniy otdel” (ona həm də “Azərbaycan şöbəsi” deyirdilər) təşkil edir, orada tar və kamança ifaçılığı tədris olunurdu. 1922-ci ildə həmin şöbə Azərbaycan Dövlət Türk musiqi məktəbinə çevrilir, 1926-cı ildə isə o Konservatoriyaya birləşdirilir. Ü.Hacıbəyli Konservatoriyada həmin şöbədə dərs deyir, orada bir çox gələcək bəstəkarlara xalq musiqisinin sirlərini öyrədir (onların sırasında S.Rüstəmov, A.Rzayeva, H.Nəcəfova, Ş.Axundova və b. adlarını çəkmək olar).
1948-ci ildə bəstəkarın vəfatından sonra bu şöbə bağlansa da, 1957-ci ildə o dövrdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru Cövdət Hacıyevin əmri ilə “Azərbaycan xalq musiqisi” kafedrası adı ilə yenidən açılır. Bu kafedra iki şöbəni - xalq musiqisinin nəzəriyyəsi və xalq çalğı alətləri şöbələrini özündə birləşdirirdi. Kafedrada bir çox tanınmış bəstəkar və musiqişünaslar - Səid Rüstəmov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Məmməd Saleh İsmayılov, Bayram Hüseynli və başqaları xalq musiqisi üzrə dərslər aparırdı. Kafedranın nəzdindəki şöbə bilavasitə xalq musiqisinin nəzəri problemləri ilə bağlı tədrisi həyata keçirirdi. Azərbaycan Dövlət Konservatoriyasının 50 illiyi ilə bağlı buraxılımış kitabda kafedrada həmin dövrdə işləmiş müəllimlər haqda belə yazılmışdır: “Kafedrada həmçinin dosentlərdən N.Əliverdibəyov, N.Məmmədov, A.Məmmədbəyli, T.Qaziyeva, K.İbrahimov, O.Quliyev, V.Əbdülqasımov (R.Quliyev - C.M.) işləyir”.
1959-71-ci illərdə kafedraya M.S.İsmayılov (qısa müddət ərzində S.Rüstəmov), 1971-80-ci illərdə isə S.Ələsgərov rəhbərlik etmişdir. Süleyman Ələsgərov kafedranın həyatında əhəmiyyətli rol oynamış, xalq çalğı alətlərinin dirijorluğu ixtisası üzrə, bir çox gənc elmi kadrların hazırlanmasında onun böyük əməyi olmuşdur.
Həhayət, 1980-ci ildə, rektor E.Abbasovanın qərarı ilə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” adlandırılan müstəqil kafedra təşkil olunur, folklorşünaslar, musiqi orqanologiyası, muğam, aşıq musiqisinin tədqiqi ilə məşğul olan alimlər kafedrada iki əsas fənn - Ü.Hacıbəylinin öz fundamental əsərində təməlini qoyduğu “Azərbaycan xalq musiqisinin əsasları” və “Azərbaycan xalq musiqi yaradıcılığı”, habelə xalq çalğı alətlərinin orkestrləşməsi və partituraların oxunuşu, “Azərbaycan xalq musiqi nümunələrinin nota salınması” fənlərini tədris edir.
1980-ci ildə kafedra müstəqil şəkildə fəaliyyətə başlayanda, orada işləyən birinci nəsil Azərbaycan musiqişünaslarının ən tanınmış simalarından Üzeyir bəyin bilavasitə tələbəsi olmuş Məmməd Saleh İsmayılovun adı xüsusi olaraq çəkilməlidir. Sənətşünaslıq namizədi, professor M.S.İsmayılov (1912-1993) Üzeyir bəyin eyni adlı əsəri əsasında “Azərbaycan xalq musiqisinin əsasları” fənnini uzun illər tədris etmiş təcrübəli pedaqoq və alim olmuşdur. O dahi müəllimindən aldığı bilikləri tələbələrlə səxavətlə bölüşərək, daim Üzeyir Hacıbəylinin musiqimizin inkişafında nə kimi rol oynadığını çatdırmağa müvəffəq olmuşdur.
M.S.İsmayılov iki dəyərli elmi əsərin müəllifidir. Onlardan birincisi 1984-cü ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin janrları”, digəri isə 1991-ci ildə çapdan çıxmış “Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodiki oçerklər” kitablarıdır. Alimin əsas tədqiqat sahəsi lad nəzəriyyəsi olmuşdur. M.S.İsmayılov bir çox elmi kadrların yetişdirilməsində istər müəllim, istərsə də kafedra müdiri kimi böyük rol oynayır. Elə onu qeyd etmək kifayətdir ki, onun diplom rəhbəri olmuş iki musiqişünas - R.Zöhrabov (sənətşünaslıq üzrə) və B.Qurbanov (fəlsəfə üzrə) sonradan elmlər doktoru elmi dərəcəsinədək yüksəlmişdir.
1970-ci ildə kafedranın nəzdində yaradılan Xalq musiqisi kabineti 30-cu illərdə dahi Bülbülün rəhbərlik etdiyi Elmi-Tədqiqat Musiqi kabinetinin ənənələrini davam etdirirdi. 1971-ci ildən kafedrada uzun illər səmərəli işləmiş pedaqoq-alimlərdən Bayram Hüseynli (1923-1992) kabinetə rəhbərlik etməyə başlayır. B.Hüseynli ciddi, tələbkar müəllim və geniş maraq dairəsinə malik alim kimi tanınmışdır. Xalq rəqsləri üzrə namizədlik dissertasiyası müdafiə etsə də, onun elmi maraq dairəsi daha geniş və çoxşaxəli idi. O “Azərbaycan xalq mahnıları”, “Azərbaycan xalq rəqsləri” dərs vəsaitlərinin, digər elmi əsər və məqalələrin müəllifi idi. B.Hüseynlidən sonra müxtəlif illərdə kafedranın müəllim və işçilərindən professorlar S.Seyidova və F.Xalıqzadə, S.Əliverdibəyov, dosent A.Məmmədov və Q.Şeyxov kabinetin müdiri vəzifəsində işləmişlər.
70-80-ci illərdə kafedrada xalq musiqisi və şifahi ənənəli musiqi sahəsində ixtisaslaşan yeni nəsil musiqişünaslar yetişir. Onların arasında R.Zöhrabov, N.Məmmədov, E.Babayev, S.Abdullayeva, S.Seyidova, F.Xalıqzadə, A.Ziyadlı və başqalarının adlarını çəkmək olar. Bu pedaqoq-alimlərdən hər biri öz tədqiqat sahəsində Azərbaycanda musiqişünaslıq elminin inkişafına dəyərli töhfələrini vermişlər. 1989-cu ildə kafedra müdiri vəzifəsinə həmin kollektivin istedadlı nümayəndələrindən biri olan Ramiz Zöhrabov seçilir. R.Zöhrabov artiq həmin illərdə musiqişünaslıqda öz sözünü demiş alimlərdən idi. O, pedaqoji fəaliyyətlə yanaşı, şifahi ənənəli musiqi sahəsində ardıcıl olaraq bir çox dəyərli əsərlərin, elmi araşdırma və kitabların müəllifidir. Sənətşünaslıq doktoru, professor, xalq artisti Ramiz Zöhrabov “Azerbaycanskiye tesnifı”, “Azərbaycan zərbi muğamları”, “Muğam” və bir çox digər dəyərli əsərləri ilə musiqişünaslıq elmində yeni cığırlar açmışdır.
Qətiyyətlə demək olar ki, R.Zöhrabovun rəhbərliyi ilə 1990-cı illərdən başlayaraq kafedranın işində yeni dönəm başlayır. Aktiv musiqişünaslıq və ictimai fəaliyyəti (R.Zöhrabov 1990-cu ildən bugünədək Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsini yerinə yetirir, televiziya və radio sahəsində bir sıra verilişlərin müəllifidir) ilə paralel olaraq, Ramiz müəllim həm də kollektivə yeni pedaqoji kadrların cəlb edilməsi ilə də məqsədyönlü şəkildə məşğul olur. Həmin illərdə tanınmış alimlərdən elmlər doktorları Ə.İsazadə, G.Abdullazadə, E.Babayev, R.Məmmədova, T.Məmmədov və başqaları kafedrada dərs demək üçün dəvət olunur, kollektivin elmi-tədris prosesində yaxından iştirak edirlər. İşə cəlb edilmiş hər bir müəllim öz tədqiqat sahəsini gözəl bilərək, maraqlı, bir-birindən dəyərli əsərlər yaratmışdır. Kafedrada müxtəlif illərdə dərs vermiş və hal-hazırda çalışan alimlərdən G.Abdullazadənin “Filosofskaya suşnost muzıkalnoqo iskusstva” və “Qədim və Orta əsrlərin musiqi mədəniyyəti” monoqrafiyaları, S.Seyidovanın “Dini musiqi mərasimləri” və “Qədim Azərbaycan mərasim musiqisi”, E.Babayevin “Azərbaycan muğam dəstğahlarında ritm-intonasiya problemləri” və “Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri”, T.Məmmədovun aşıq sənətinin tədqiqinə həsr etdiyi “Koroğlu aşıq havaları” və “Tradisionnıye napevı azerbaycanskix aşıqov” (rus dilində), S.Abdullayevanın orqanologiya sahəsi ilə bağlı “Narodnıy muzıkalnıy instrunentariy Azerbaycana”, R.Məmmədovanın “Muzıkalno-estetiçeskiye osobennosti azerbaydjanskix muqamov”, “Muğam-sonata qovşağı” və digər kitablar xalq və şifahi ənənəli musiqinin inkişafında əhəmiyyətli mərhələni təşkil edir.
Digər tərəfdən, kafedraya yeni nəsil musiqişünaslardan C.Həsənova, C.Mahmudova, N.Rəhimbəyli, N.Axundova, L.Hüseynova, A.Abduləliyev, bəstəkarlardan Ə.Yusifova, E.Bakıxanov, C.Abbasov, M.Əhmədova və digərləri müəllim qismində cəlb olunsa da, tez bir zamanda onlar elmi dərəcə alaraq artıq dosent vəzifələrinədək yüksəlir.
Bu cür qüvvəli professor-müəllim heyətinə arxalanaraq, R.Zöhabov fənlərin sayını artırır və onlar getdikcə musiqi elminin daha geniş sahələrini əhatə etməyə başlayır. Belə ki, artıq uzun illər tədris olunan fənlərin yeni proqramları tərtib olunur, yeni fənlər daxil edilir. Onlardan bəziləri - “Muğam sənəti”, “Aşıq yaradıcılığı”, “Türk xalqlarının musiqisi”, “Yaxın Şərq xalqlarının şifahi ənənəli musiqisi”, “Etnik mədəniyyət tarixi” nəzəri, digərləri isə - “Muğam”, “Azərbaycan xalq melodiyalarının işlənməsi və aranjimanı”, “Xalq melodiyalarının nota salınması” praktiki fənlərdir. Bununla yanaşı, digər kafedralarda olduğu kimi, “İxtisas”, “Tədris metodikası”, “Xüsusi pedaqoji hazırlıq” fənləri də keçilir.
Kafedranın baza fənləri olan “Azərbaycan xalq musiqisinin əsasları” və “Azərbaycan xalq musiqi yaradıcılığı” əvvəllər olduğu kimi təkcə tarixi-nəzəriyyə, bəstəkarlıq və dirijorluq fakültələrində deyil, Bakı Musiqi Akademiyasının bütün fakültələrində tədris olunmağa başlayır. Bununla da klassik musiqi təhsilinə yiyələnən gənclərin milli musiqi haqqında biliklərinin daha da artırılması, onlarda milli özünüdərketmənin gücləndirilməsi üçün şərait yaradılmışdır.
“Muğam” fənninin tədrisi ilə bağlı kafedraya bu sahənin ifaçılıq istiqaməti üzrə mütəxəssislərindən A.Əsədullayev, M.Qafarova, A.Məmmədov dəvət edilir. Tezliklə bu müəllimlər kafedrada dissertasiya müdafiə edərək, elmlər namizədləri elmi dərəcəsini alır. Bütün fənlər üzrə yeni proqramlar, dərs vəsaitləri və dərsliklər işlənib hazırlanır.
Qeyd etmək lazımdır ki, həmin illərdə təməli qoyulan ənənələr indi də davam etdirilməkdədir. Kafedranın istər pedaqoji, istərsə də elmi fəaliyyəti günü-gündən inkişaf edir. Hal-hazırda “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında 27 professor və dosent dərs deyir. 2002-2012-ci illərdə kafedrada 50-yə yaxın sənətşünaslıq üzrə fəlsəfə doktoru, 6 elmlər doktoru elmi adını almaq üçün dissertasiya müdafiə edilmişdir. Müəllimlərimiz Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən müxtəlif elmi konfrans və simpoziumlarda, “Muğam aləmi” I və II Beynəlxalq elmi simpoziumlarında uğurla çıxış etmişlər, həmçinin bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və başqa ölkələrin elmi məcmuələrində, müxtəlif dərgilərdə alimlərimizin çoxlu sayda məqaləsi nəşr edilmişdir.
Kafedranın professor və dosentləri tədris olunan fənlər üzrə bir çox dərs və tədris vəsaitlərinin müəllifləridir. Belə ki, sənətşünaslıq doktoru, professor T.Məmmədovun “Azərbaycan xalq-professional musiqisi: aşıq sənəti” (2002) və “Azərbaycan aşıq yaradıcılığı” (2011), sənətşünaslıq üzrə elmlər doktoru C.Həsənovanın “Azərbaycan bəstəkarlarının əsərlərində milli ladların təzahürü” (2004) və “Azərbaycan musiqisinin məqamları” (2012), sənətşünaslıq namizədi, dosent A.Yusifovanın “Azərbaycan xalq melodiyalarının işlənməsi və aranjimanı” (2004) və “Azərbaycan bəstəkarlarının işləmələri” (2009), A.Əsədullayevin “Yeddi instrumental muğam” (2009) və “Yeddi klassik Azərbaycan muğamı (violonçel üçün)”(2011) dərslik və dərs vəsaitlərini qeyd etmək olar.
Bütün deyilənlər “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının durmadan inkişafda olduğunu, elmi-tədris səviyyəsini daim yüksəltdiyini sübut edir. Son illər kafedraya yeni, gənc mütəxəssislər də cəlb olunmuşdur. Onlardan sənətşünaslıq üzrə fəlsəfə doktorları L.Zöhrabova və H.Məmmədova, N.Qaralova və P.Fətullayevanın adlarını çəkmək olar. Vaxtilə kafedranın yetirmələri olmuş bu istedadlı gənc alimlər gələcəkdə təməli Ü.Hacıbəyli, M.S.İsmayılov tərəfindən qoyulmuş ənənələrin inkişaf etdirəcəklərinə inam yaradır.