Azərbaycanda vokal ifaçılıq sənətinin inkişafında “Solo oxuma” kafedrasının müstəsna rolu vardır. Dahi bəstəkar Ü.Hacıbəyli 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının yaradarkən təsis edilən doqquz kafedradan biri də “Oxuma” kafedrası olmuşdur. Sonradan kafedranın adı təkmilləşdirilərək “Solo oxuma və opera hazırlığı” kafedrası adlandırılmışdır. Bu kafedra Azərbaycan Dövlət Konservatoriyası nəzdində çox mütəşəkkil, layiqli, inkişaf yolu keçərək, neçə-neçə vokal kadrlarının yetişdirilməsində, onların peşəkar səhnəyə addımlamasında böyük iş görmüşdür. Qeyd edək ki, kafedranın ilk məzunu görkəmli müğənni, SSRİ-xalq artisti,professor Bülbül olmuşdur.
Uzun illər fəaliyyət göstərən vokal kafedrasına bir sıra görkəmli şəxslər rəhbərlik etmişdir. S.X.Məmmədova (1946-1950), R.M.Trifonov (1950-60), K.H.Kərimov (1967-1993) kafedranın müdiri vəzifəsində çalışmışlar.
İfaçılıq sənətinin təkmilləşməsi əlbəttə ki, möhkəm bünövrəyə əsaslanmalı, düzgün məktəbin sayəsində inkişaf etməlidir. Gənc istedadların yetişdirilməsində müxtəlif dövrlərdə kafedrada çalışan görkəmli pedaqoqların əvəzsiz zəhməti olmuşdur. Ötən əsrin 20-40-cı illərində “Solo oxuma” kafedrasında G.V.Bolonskaya, S.K.Qalaskaya, M.A.Kolotova, A.Drozdov, V.Nikolski kimi müğənni və pedaqoqlar fəaliyyət göstərmişlər.
1940-1960-cı illərdə kafedranın tərkibi daha da genişlənir. İ.A.Lvoviç, R.Trifonov, N.R.Valatski, Y.K.Yemelyanova kimi vokal mütəxəsisləri, pedaqoqlar vokal sənətinin, incəsənətin mürəkkəb növünün tədris spesifikasına müxtəlif yeniliklər daxil edirlər. Bu dövrdə Ş.X.Məmmədova, Bülbül kimi Azərbaycanlı müğənnilərin pedaqoji fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onların tələbələri sırasında F.Əhmədova, F.Mehdiyev, K.Kərimov, M.Bədirov, L.İmanov, R.Kərimova, S.Aslanova, E.Quliyeva, H.Əliyev, M.Əhmədov və b. adlarını göstərə bilərik. Təqdirəlayiqdir ki, bu tələbələr təcrübəli, tanınmış müğənni kimi fəaliyyət göstərməklə yanaşı, həm də onların əksəriyyəti öz müəllimləri çiyin-çiyinə kafedrada pedaqoq kimi çalışmağa başlamışlar.
Düzgün tədris metodikası istiqamətində aparılan işlər artıq öz nəticəsini göstərirdi. Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinin tələbələri müxtəlif Beynəlxalq, Zaqafqaziya, müsabiqələrində iştirak edir, Moskva Konservatoriyası, La Skala teatrında stajorluq keçirdilər. Kafedranın yetirməsi F.Qasımova ilk dəfə olaraq 1977-ci ildə Beynəlxalq müsabiqədə (İtaliya, Vietti adına Beynəlxalq müsabiqə I yer) qalib olmuşdur.
X.Qasımova 1977-ci ildə M.Kallas adına Beynəlxalq müsabiqədə “Qran pri” və I yerlə mükafatlandırılır. 1982-ci ildə isə “Çaykovski adına Beynəlxalq müsabiqədə II yerə layiq görülmüşdür. R.Kərimova, S.Mirzəyeva, V.Kərimov, J.Cəfərova Zaqafqaziya müsabiqəsinin qalibləri oldular.Geniş ifaçılıq fəaliyyəti ilə yanaşı, onlar həm də uzun illərdir pedaqoji fəaliyyətlə məşqul olurlar.
Xalq artisti X.Qasımova 1994-cü ildən “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiridir. Onun rəhbərliyi dövründə kafedranın imkanları daha da genişlənmiş, gənc müəllimlər kafedraya cəlb olunmuşdur. Kafedranın tələbələri mütəmadi olaraq Beynəlxalq və Respublika müsabiqələrində iştirak edir, Azərbaycan vokal məktəbini inamla təmsil edirlər. Dövlət tərəfindən fəxri adlara layiq görülmüşlər. Onların bir çoxları Y.Eyvazov, Ə.Abdullayev, D.Əliyeva, E.Əzizov və b. dünyanın nüfuzlu teatrlarının solistləridir.
Yüksək səviyyəli, peşəkar ifaçıların ərsəyə gəlməsində onların müəllimlərinin zəhməti əvəzsizdir. Bu nəticə böyük bir kollektivin vəhdətli fəaliyyətindən əmələ gəlmişdir.
Hal-hazırda “Solo oxuma və opera hazırlığı” kafedrasında SSRİ Xalq artisti, Şöhrət ordenli, professor F.Qasımova, Şöhrət ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor X.Qasımova, Xalq artisti, professor Ş.Məmmədova, Xalq artisti, professor N.Şeyxova, Əməkdar artist, professor H.Əliyev, Əməkdar artisti, professor R.Kərimova, Əməkdar İncəsənət Xadimi, professor K.Əliverdibəyov, dosentlər Ş.Mirzəyeva, J.Cəfərova, S.Məmmədova nüfuzlu və təcrübəli pedaqoqlar çalışır. Onlar vokal ifası kimi çətin, mürəkkəb sənətin sirlərini tələbələrinə səbrlə, inamla aşılayırlar. Kafedrada çalışan müəllimlər daima olaraq bir-birləri ilə təcrübə mübadiləsi aparırlar. Mütəmadi olaraq açıq dərslər, sinif konsertləri təşkil olunur.
“Solo oxuma və opera hazırlığı” kafedrasında ixtisas dərslər bakalavr və magistr pillələrində aparılır. Kafedrada ixtisas fənninin tədris metodikası, xüsusi pedaqoji hazırlıq, vokal ifaçılıq tarixi, kamera ifaçılığı, kamera ansamblı, vokal ansamblı, opera hazırlığı, səhnə danışığı, aktyorluq sənəti, səhnə hərəkətləri, qədim rəqs, müasir rəqs fənləri tədris olunur. Dosent R.Məmmədova, Əməkdar müəllim Z.Safina, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.Hüseynova, dosent L.Yusifova, dosent İ.Sadıx-zadə, müəllimlərdən – R.Ağayeva, Q.Danilova, İ.Ljkova, E.Süleymanova, L.Zairbəyovanın adlarını çəkməliyik. Həmçinin tədris repertuarının mənimsənilməsində biz kafedrada çalışan konsertmeysterlərdən - R.Zimina, L.İmanova, N.Məlikova, M.D.Kərimova, V.Qasımzadə və b. əməyini də qeyd etməliyik
Ənənələri ilə zəngin kafedranın yetirmələri hal-hazırda Azərbaycan opera və balet teatrında, Musiqili komediya teatrında və digər mədəniyyət müəssisələrində çalışırlar. Azərbaycanın Xalq və Əməkdar artistləri adına layiq görülmüşlər. S.Quliyev, Q.Kərimov, Z.İsmayılova, A.Zeynalov, Ə.Əsgərov, G.İsmayılova, S.Əsədova, F.Əliyev, Ç.Sirinova, S.Cəfərov, Ə.Poladov, F.Hacıyeva və b. vokal sənətini layiqli təmsil edirlər.