Kamera ansamblı kafedrası 1960-cı ildə təşkil edilmişdir. Onun ilk rəhbəri İ.M.Turiç olmuşdur. Kafedraya 1962-ci ildən 1976-cı ilədək V.T.Anşeleviç rəhbərlik etmişdir. Kafedranın yaradıcılıq və təşkilatı əsaslarının formalaşması məhz bu illərdə qoyulmuşdur. Növbəti illər ərzində kamera ansamblı kafedrasına B. Məmmədzadə, R. Nərimanbəyli, T. Aslanov, A. Rzayev rəhbərlik etmişlər.
Kamera ansamblı kafedrasının müvəffəqiyyətli işi burada çalışmış böyük musiqiçilərin adı ilə bağlıdır: A.S. Şvarts (violonçel), V.T. Anşeleviç (violonçel), İ. Turiç (violonçel), S.H. Əliyev (violonçel), A.X. Neyman (violonçel), A.H. Rzayev (violino), T. Bakıxanov (violino), T.R. Aslanov (viola), R.C. Nərimanbəyli (violino).
Kafedranın müəllim – professor heyətinin fəaliyyətinin əsas istiqamətləri tədris, ifaçılıq və elmi – metodiki tədqiqatlardır.
Tədris prosesində ənənəvi qapalı və açıq konsertlərlə yanaşı müxtəlif illərdə maraqlı müsabiqələr və festivallar təşkil edilmişdir. 1983 – cü ildə kamera ansambllarının respublika festivalı, 1992 – ci ildə kamera ansambllarının Bakı festivalı, Q.Qarayevin violino və fortepiano üçün sonatasının, sovet bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına həsr olunmuş müsabiqələr keçirilmişdir. Son illərdə kafedranın tələbələri Avropa ölkələrində keçirilən beynəlxalq kamera ansamblı müsabiqələrində I – ci yerlər tutmuş, beynəlxalq festivallarda müvəffəqiyyətlə iştirak etmişlər.
Kamera ansamblı kafedrasının yarandığı illərdən onun müəllim – professor heyəti parlaq ifaçılıq fəaliyyəti ilə seçilmişdir. Müxtəlif tərkibli ansambllar Azərbaycanda və onun hüdudları kənarında maraqlı proqramlarla çıxış etmişdir. B. Məmmədzadə (violino), A.İsgəndərova (f-no), E.İsgəndərov (violonçel) tərkibli trio, A.Rzayev (violino) və G.Rzayeva (piano) tərkibli duet, T. Abdullayeva (violino), X .Rəhimova (violino), S. Səidova (viola) və N .Abbaszadə (violonçel) tərkibli simli kvartet, K.Abbasquliyev (violino), T.Aslanov (viola) və K.Məlik-Stepanov tərkibli simli trio 1970 - 1980-ci illərdə parlaq konsert fəaliyyətləri ilə Azərbaycanın musiqi ifaçılığı tarixində əhəmiyyətli iz qoymuşlar.
1990-cı illərdə kafedraya bir qrup piano və simli alətlərdə çalan gənclər gəlmişlər. Onlar öz sələflərinin yolunu layiqincə davam etdirirlər. Azərbaycan Dövlət triosunun tərkibində çalışan N. Əliyarova ( piano), T. Babayeva (violino), F. Əhmədbəyova (piano) və A.Əlizadə (violino) dueti, F.Əhmədbəyova (piano) və M.Sadıxzadə (piano) dueti, Azərbaycan və xarici ölkələrdən olan musiqiçilərlə onlarla kamera musiqisi konserti vermiş K.Neymanova Azərbaycanda və xarici ölkələrdə müxtəlif və maraqlı proqramlarla müvəffəqiyyətlə çıxış etmişlər.