Komitəsi haqqında
Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsi işçi və tələbə ittifaq üzvlərinin sosial hüquqlarının qorunması,təhlükəsizlik əmək şəraitinin yaradılması, əmək intizamının möhkəmləndirilməsi, gənc nəslin tərbiyələndirilməsi, əməkdaşlarının mədəni səviyyəsinin yüksəldilməsi,onlarının istirahətinin təşkili sahəsində öz öhdəsinə düşən funksiyalarını layiqincə yerinə yetirir.
2008-ci ilin aprel ayından təşkilata əməkdar müəllim,dosent Aqil Müzəffər oğlu Qafulov başçılıq edir.Təşkilat işçi və tələbə ittifaq üzvləri ilə birgə 1012 nəfər birləşdirir.Rayon hüquqlu Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsi birbaşa Azərbaycan Təhsil Işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeçiliyindədir.
İttifaq üzvlərinin sosial-iqtisadi hüquqlarının qorunması ilə yanaşı Akademiyanın həmkarlar təşkilatı onları mədəni-kütləvi və idman tədbirlərinə cəlb edir. İttifaq üzvlərinin asudə və istirahət vaxtının səmərəli keçirilməsi məqsədilə birgünlük ekskursiyalar təşkil edilir, ehtiyacı olanlar sağlamlığının bərpası üçün Bigahda,Mərdəkanda, Masallıda yerləşən sanatoriyalara güzəştli yollaşışlarla təmin olunur. Əməkdə fərqlənən işçilər öz istəyi ilə Nabranda,İsmayıllıda,Qəbələdə,Qaxda və respublikanın digər mənzərəli güşələrindəki istirahət evlərinə göndərilir.
Tədrisdə və ictimai həyatda fərqlənən tələbələr ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü ilə mükafatlandırılır. Aztəminatlı ailələrdən olan tələbələr ATİAHİ Respublika Komitəsinin maliyyə vəsaiti hesabına büfet sahəsində pulsuz yemək ilə təmin olunur.Tələbələr müxtəlif mədəni-kütləvi və idman tədbirlərində iştirak edir.Görülən işlər barədə həmkarlar təşkilatı ittifaq üzvlərinə müntəzəm olaraq hesabat verir.
Komitə öz işini akademiya rəhbərliyi və həmkarlar təşkilatı arasında bağlanan Kollektiv Müqavilə əsasında tənzimləyir. Həmin müqavilədə muasir tələblərə uyğun olaraq həmkarlar təşkilatı və rəhbərlik arasında təhsil işçilərinin və təhsilalanların əmək və sosial-iqtisadi və qanuni mənafelərinin müdafiəsi,əmək münasibətləri,əməyin mühafizəsi,işçilərin sağlamlığının mühafizəsi və digər sahələrdə öhdəliklərinin bölünməsi,işçilərin sosial müdafiəsinin təşkili,onlara kompensasiya və güzəştlərin verilməsi və digər vacib məsələlər öz əksini tapmışdır.
Səmərəli fəaliyyətinə görə Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsi və onun ittifaq üzvləri dəfələrlə ATİAHİ Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri diplomları ilə təltif edilmişdir.