• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Opera studiyası

    1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Opera studiyası yaranır.

    1983-cü ildə müasir texniki avadanlıqlarla təchiz olunmuş, 750 yerlik konsert zalına, məşq zalına, siniflərə, qrim və köməkçi otaqlara malik bu studiya yeni binada yerləşdirildi.

    Opera studiyası Musiqi Akademiyasının vokal fakültəsi tələbələrinin təhsil və praktika keçdiyi tədris teatrıdır. Opera və musiqi teatrlarının gələcək aktyorları burada formalaşırlar. Təsadüfi deyildir ki, 1984-cü ildə ona azərbaycanın ilk vokalçısı Şövkət Məmmədovanın adı verilir.

    Opera studiyası müəllimlər, dirijorlar, rejissorlar, rəssamlar,baletmeysterlər, xorçular, orkestrantlar, konsertmeysterlər və müdiriyyət işçilərindən ibarət bir kollektivdir.

    Artıq 4-cü onillikdır ki, Opera studiyası opera tamaşalarının qoyulması tədris planını vokal kafedrası ilə birlikdə işləyirlər. Studiya öz işlərində tədris, eksperimental və istehsalat tapşırıqlarını uyğunlaşdırır. Tələbələr burada teatr professionallığı vərdişlərinə yiyələnir, səhnəni dərk edir, kurs və diplom işlərini göstərirlər. Opera studiyasının müəllimləri keçmişdə olduğu kimi, indi də opera teatrının pedaqoji və spesifikasını yaxşı bilən, tanınmış və populyar olan incəsənət xadimləridir.

    Bu illər ərzində P.Maskaninin «Kəndli Şərəfi», S.Raxmaninovanın «Aleko», C.Verdinin «Aida», «Trubadur», «Traviata», «Riqoletto», P.Çaykovskinin «İolanta», «Yevgeni Onegin», «Motsart və Salyeri», D.Çimarozanın «Xəlvəti kəbin», N.Rimski-Korsakovanın «Çar gəlini», İ.Bizenin «Karmen», V.Motsartın «Hamı belə hərəkət edir», «Bostyen və Bastyena» və digərləri tamaşaya qoyulmuşdur. Opera klassikləri ilə yanaşı azərbaycan bəstəkarlarının – Ü.Hacıbəylinin «Koroğlu», «Leyli və Məcnun», «Arşın mal alan», M.Maqomayevin «Şah İsmayıl», F.Əmirovun «Sevil», S.Əsgərovun «Ulduz» və b. əsərlərin tamaşaya qoyuluşu həyata keçirilmişdir.

    Operaları orijinalın dilində ifa etmək bir ənənə şəklini alıb. Belə ki, ilk dəfə V.Motsartın «Bastyen və Bastyena» operası alman dilində ifa olunmuşdur.

    Opera studiyasına F.A.Aleksandrov, A.T.Məlikov, Ç.P.Əhmədov, A.S.Əliyev və b. kimi enerjili, təşəbbüskar, yaradıcı incəsənət xadimləri rəhbərlik etmişlər.

    Opera studiyasının 1971-2001-ci ilər ərzindəki tamaşalarında - dirijorlar: A.Y.Radomski, N.A.Rzayev, K.A.Əliverdibəyov, R.D.Abdullayev, S.E.Ələsgərov, R.Z.Məlik-Aslanov, R.Q.Kərimov;
    - rejissorlar: V.T.Ravlovski, V.B.Qurbanov, V.T.Papov, H.A.Məmmədov, A.T.Usubov, Q.Ş.Güləhmədova-Martınova, U.S.Əliyeva, Z.D.Safina, R.S.Qocayev, Ş.Q.Məmmədova;
    - xormeysterlər: B.Z.Vəkilova, Q.A.İmanova;
    - baletmeysterlər: L.Pavliy, R.Z.Əhmədov;
    - rəssamlar: P.Yeqorov, R.Məmmədov, N.Toropov, S.Piraeşi;
    - konsertmeysterlər: F.Kabakova, M.Mirsəlimova, R.Kazımova, Q.Annağıyeva, N.Bağırova, T.Levkina, L.Sadıxzadə, E.Mansurov və b. çıxış etmişlər.

    Eyni zamanda opera studiyasında çalışan professional solistlərə də mühüm yer ayrılır. Solistlərin tədris prosesinə cəlb olunması, faydalı məsləhətlərin verilməsi və bilavasitə iştirakları tələbə tamaşalarının təbii səviyyəsinin qalxmasına kömək edir.

    Uzun illər Opera studiyası ilə əməkdaşlıq etmiş; A.Axverdiyev, T.Əhmədov, S.Mirzəyeva, A.Ağayeva, V.Paşayeva, L.Trifonova, F.İbrahimova, A.Kərimov, Ş.Quliyev, V.Sitnikov, İ.Sazonov, A.Qusyev, M.Məlikov, Y.Manaenkov, Q.Vayner, B.Əliyev, R.Əliyev və b. kimi müğənni-aktyorların adlarını qeyd etmək lazımdır.

    Opera tamaşalarında rəqslərin qoyuluşunun vacibliyi ilə əlaqədar 1985-ci ildə ştat cədvəlinə baletmeyster vəzifəsi daxil edildi və balet truppası yaradıldı. Bu truppanın gücü ilə A.Əlizadənin «Yaradıcılıq» (1988), T.Bakıxanovun «Şərq poeması» (1989), «Xeyir və şər» (1993) musiqiləri və digərləri baletmeyster R.Əhmədovanın qoyuluşunda göstərilmişdir.

    Opera studiyasının kollektivi orta musiqi məktəbin studiyası «Opera hazırlığı» fakültativi əsasında yaranan uşaq opera teatrı ilə əməkdaşlıq edir. Opera teatrının səhnəsində onun rejissorlarının hazırladığı Ş.Çalayevanın «Mauqli» və B. Brittenin «Gəlin operanı tamaşaya qoyanı» (mus. Rəhbəri – A.Yusifova, rejissor – U.Güləhmədova-Martınova), S.İbrahimovanın «Biri var idi, biri yox» (mus. rəhb. L.Məmmədəliyeva, rejissor – U.Əliyeva) S.Hacıbəylinin «İsgəndər və çoban» (mus. rəhb. İ.Kazımova, rejissor R.Əhmədov və b. uşaq operaları qoyulmuşdur.

    Opera teatrının kollektivi Moskva şəh. II ümumittifaq yaradıcılığı festivalı çərçivəsində teatri incəsənəti həvəskarları dekadasında iştirak etmişdir. Bu festivalda Ü.Hacıbəylinin «Arşın mal alan» (mus. rəhb. S.Ələsgərov, rejissor – U.S.Əliyeva) opperettasının, yüksək səviyyədə qoyuluşuna görə kollektiv laureat adına layıq görülmüş festivalın qalibi olmuşdur.

    Opera studiyasının simfonik musiqi konsertlərində pianoçular F.Bədəlbəyli, M.Adığözəlova və violonçel R.Abdullayevanın yüksək səviyyədə çıxışları olmuşdur.

    2001-ci ildə Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyasının 80 illiyi ilə yanası Ş.Məmmədova ad. Opera studiyası öz 40 illiyini qeyd etmişdir.

    2001-2016-cı illər ərzində Opera studiyası əvvəlki illərdə olduğu kimi Bakı Musiqi Akademiyasının "Opera hazırlığı və solo oxuma" kafedrasının tələbələrinin professional səviyyədə yetişib püxtələşməsi üçün öz yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində opera studiyası tədris planına uyğun olaraq vokal kafedrası ilə birlikdə fəaliyyət göstərir. Studiya bu illər ərzində öz səhnəsində tədris planında nəzərdə tutulmuş Azərbaycan, dünya və avropa bəstəkarlarının operalarını səhnələşdirmişdir.

    2001-2016-cı illər ərzində studiyanın səhnəsində P.Maskaninin “Kənd qüruru”, S.Raxmaninovun “Aleko”, M.Maqomayevin “Şah İsmayıl”, Ü.Hacıbəylinin “Arşın mal alan”, C.Verdinin “Aida”, “Trubadur”, “Traviata”,”Riqoletto”, P.Çaykovskinin “İolanta”, “Yevgeni Onegin”, “Motsart və Saliyeri”, “Qaratoxmaq qadın”, P.Çimarozanın “Xəlvəti kəbin”, N.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, V.Motsartın “Hamı belə edir”, “Bostin və Bostiena”, C.Rossininin “Sevilya bərbəri”, Verdinin “Bal maskarad”, L.Delib “Lakme”, Ş.Qunonun “Faust”, C.Verdinin “Otello”, C.Puççininin “Bohema”  kimi məşhur opera əsərlərinin tamaşa qoyulması həyata keçirilmişdir.

    Bütün bu operalar öz orijinal dilində, öz səhnə təcəssümünü tapmışdır. Bu tamaşaların hazırlanıb təqdim olunmasına dirijorlardan Azad Əliyev. Yaşar İmanov, Kazım Əliverdibəyov, Fəxrəddin Kərimov və bu kimi görkəmli incəsənət xadimləri rəhbərlik etmişlər. Ötən bu illər ərzində tamaşaların professional şəkildə hazırlanıb ərsəyə gəlməsində rejissorlardan C.Güləhmədova-Martinova, S.Məmmədova, Z.Salina kimi sənətkarların böyük əməyi olmuşdur.

    Opera Studiyanın xoruna uzun illər rəhbərlik etmiş G.İmanovanın əməyi də təqdirə layiqdir. Konsertmeysterlərdən C.Sadıqzadəni, V.Məmmədovanı, T.Ubkinanı, R.Səmədovu, N.Bağırovanı, C.Ağamalıyevanın yüksək professionallığını da qeyd etməliyik. Quruluşçu baletmeyster kimi P.Əhmədovun tamaşaların professional hazırlanmasında çox böyük fəliyyəti olmuşdur.

    Eyni zamanda opera studiyasında çalışan professional solistlərin də əvəzolunmaz əməyini qeyd etmək lazımdır. Solistlərin tədris prosesinə cəlb olunması tələbələrin iştirak etdikləri tamaşaların təbii səviyyəsinin qalxmasına kömək edir. Uzun illər opera studiyası ilə əməkdaşlıq etmiş solistlərdən A.Ağayeva, A.Kərimov, A.Haqverdiyev, Ş.Quliyev. R.Əliyev, B.Əliyev, A.Axundov, F.Əliyev, F.Məmmədova, V.Paşayeva, C.Saratonova, F.Məmmədova, A.Ferştandt, R.Babayev və bu kimi müğənni aktyorların adını qeyd etmək lazımdır. 

    Bu illər ərzində opera studiyasının səhnəsində təcrübə qazanıb professional səviyyəyə qalxmış vokal kafedrasının məzunları Azərbaycan və dünya opera səhnələrində böyük müvəffəqiyyətlə Azərbaycan incəsənətini təqdim edirlər.

    Opera studiyası bundan sonrakı illərdə də öz yaradıcılıq fəaliyyətinə sadiq qalaraq onu davam etdirəcəkdir.