Ələsgərli Kəmalə Veyis qızı
Professor, sənətşünaslıq üzrə elmlər doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 07.02.1977
2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin musiqişünaslıq və bəstəkarlıq (professor Xəyyam Mirzəzadənin sinfi) ixtisasları üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 1994-cü ildə gənc musiqişünasların Üzeyir Hacıbəyli adına I Respublika müsabiqəsində Tərifnamə; “Qönçə-2002” VI Uşaq Musiqi Festivalında Fəxri fərman; 2003-cü ildə “İlin ən yaxşı simfonik musiqisi” nominasiyası üzrə Fəxri fərman; 2004-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin yaradıcı və istedadlı gənclər üçün təsis etdiyi “Gənclər mükafatı”na layiq görülmüşdür.
2007-ci ildə “Rəhilə Həsənovanın əsərlərində üslub xüsusiyyətləri” (70-90-cı illər Azərbaycan musiqisi kontekstində) adlı dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsi almışdır. 2018-ci ildə “Müasir Azərbaycan musiqisi kontekstində Xəyyam Mirzəzadə yaradıcılığının üslub təkamülü” adlı dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. Bakı Musiqi Akademiyasının professorudur. Beynəlxalq konfrans və elmi simpoziumların mütəmadi iştirakçısıdır. Dövrü mətbuatda və xarici elmi toplularda çap olunmuş 60-dan artıq analitik məqalə, metodik vəsait, üç monoqrafiya (“Rəhilə Həsənovanın musiqi dünyası”, 2009; “Xəyyam Mirzəzadə”, 2016, “Xəyyam Mirzəzadə və Azərbaycan musiqi postmodernizmi”, 2023) və dərs vəsaitinin (“Musiqili-terminoloji izahatlar”, 2013) müəllifi, iki cilddən ibarət “Xəyyam Mirzəzadə: fikirlər, düşüncələr, məqalələr” və “Xəyyam Mirzəzadə barəsində yazılar, fikirlər, məqalələr, düşüncələr” adlı kitablarının (2011) tərtibçisidir. 2014-cü ildə Azərbaycan Elm və Mədəniyyət xadimləri. Bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadənin biblioqrafiyası çapdan çıxmışdır. 2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə, professor Ülviyyə İmanovanın 75 illiyinə həsr olunmuş “Seçilmiş elmi əsərlər” məqalələr toplusu nəşr olunmuşdur.