Hüseynova Könül Qabil qızı
Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh.
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsil: 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə attestatı ilə bitirib. Təhsildəki uğurlarına görə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Fəxri fərmanı” ilə təltif olunub. 1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinə daxil olaraq professor Y.Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil ocağının bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. Təhsil illərində Niyazi adına təqaüdə layiq görülüb. 2004-cü ildə daxil olduğu Bakı Musiqi Akademiyasının əyani aspiranturasında bütün minimumları əla qiymətlərlə tamamlayaraq vaxtından əvvəl dissertasiya işini müdafiəyə təqdim etmiş, 2008-ci ilin may ayında “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2008-ci ildə Bakı Musiqi Akademiyasının assistent stajorluq pilləsini də fərqlənmə ilə bitirmişdir.
Pedaqoji fəaliyyəti: 2004-cü ildən Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent, 2021-ci ildən isə professor vəzifəsində çalışır.
2010-cu ildən həmçinin 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.
Elmi və ifaçılıq fəaliyyəti: K.Hüseynova, həmçinin 22 ç.v. həcmində "Musiqimizin Fərhadı" adlı monoqrafiyanın, "R.Şumanın "Şairin məhəbbəti" vokal silsiləsinin ifaçılıq xüsusiyyətləri" adlı dərs vəsaitinin, professor Y.Sabayevin metodikası, “R.Şumanın “Simfonik etüdlər” silsiləsinin ifaçılıq xüsusiyyətləri” və s. mövzuları əhatə edən elmi əsərlərin müəllifidir və o, hazırda yeni elmi tədqiqat mövzuları, həmçinin doktorluq dissertasiyası üzərində işlərini davam etdirir. 30-dan artıq elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.
2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş “Elmi məqalələr müsabiqəsi”ndə diploma layiq görülmüşdür. Onun “Musiqimizin Fərhadı” adlı monoqrafiyası 2008-ci ildə Kitab Nominasiyası üzrə “Humay” Milli Mükafatına layiq görülmüşdür. Fərhad Bədəlbəyli yaradıcılığının bütün sahələrini əks etdirən, 2011-ci ilin 23 fevral tarixində təqdimatı keçirilmiş elmi saytın müəllifidir. O, həmçinin əməkdar incəsənət xadimi, professor Nailə İbrahimovanın həyat və yaradıcılığını əks etdirən kitabın və bu mövzuda çəkilmiş “Qəlbimizdə yaşayan insan” sənədli filminin ssenari müəllifi olaraq səsləndirilməsini də həyata keçirmişdir.
R.Şumanın “Şairin məhəbbəti” vokal silsiləsi (2013) və R.Leonkovallonun "Məzhəkəçilər" operası (2015), Ş.Qunonun “Faust” operasından səhnələr (2018), Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş (2023), Gənclər gününə həsr olunmuş “İstedadlı gənclərin musiqi dünyası” (2024) adlı iri həcmli opera səhnələrindən və instrumental musiqidən ibarət və b. konsert-layihələrini tələbələri ilə birlikdə uğurla təqdim etmişdir. K.Hüseynovanın tələbələri Beynəlxalq və Resbublika müsabiqələrinin laureatlarıdırlar.
K.Hüseynova son zamanlarda vətənpərvərlik mövzusunda ciddi bəstəkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Onun 2020-ci ilin noyabr ayında şəhidlərimizə və müzəffər ordumuzun erməni işğalçıları üzərində qazandığımız qələbəmizə həsr edilmiş, söz və musiqisinin özünə məxsus olduğu, Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərovun ifasında “Yenilməzsən Azərbaycan” musiqili layihəsi təqdim olunmuşdur. Bunlardan əlavə bu mövzuda “Şəhidlik zirvəsində”(söz. Xalq şairi Vahid Əziz), “Şuşam mənim” (söz. Xalq şairi Vahid Əziz), ”Murov qartalı” ( söz. Könül Hüseynova) “Zəfər”(söz. Ramiz Abdullayev), “Yuxunda görmüsən” ”(söz. Xalq şairi Vahid Əziz), , “Qəhrəman övladıyıq” ( söz. Könül Hüseynova), “Qoruyaq dünyamızı” (söz. Xalq şairi Vahid Əziz), “Vətən qəhrəmanı” (söz. Xalq şairi Vahid Əziz), “Azərbaycan əsgəri” (söz. H.Mansurov) mahnıları da məşhur ifaçılar tərəfindən ifa olunur. Bu mahnılardan əlavə müxtəlif mövzuları əks etdirən “Deyəsən” (söz. Xalq şairi Vahid Əziz), “Fərəh” (söz. Könül Hüseynova), “Oğlum” (söz. Könül Hüseynova) mahnıların da müəllifidir.
Fəxri adlar- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 sentybr 2021-ci il tarixli sərəncamına əsasən “TƏRƏQQİ” medalı ilə təltif edilmişdir.
Beynəlxalq müsabiqə - 2023-cü ildə Türkiyənin Antalya şəhərində keçirilən Harmony XI Beynəlxalq İfaçılıq müsabiqəsində fortepiano dueti nominasiyası üzrə 1-ci dərəcəli mükafata layiq görülərək qalibi olmuşdur. Elə həmin müsabiqə çərçivəsində keçirilən festivalda da müəllifi olduğu “Qoruyaq dünyamızı” əsəri ilə uğurla çıxış etmişdir. Qeyd edək ki, qeyd olunan müsabiqə və festivalda Könül Hüseynovanın duet həmkarı Azərbaycan Respublikasının əməkdar artisti Nigar Məlikova idi.
Konsertlər- Könül Hüseynova eyni zamanda solo və konsertmeyster kimi ölkəmizdə və xaricdə keçirilən konsertlərdə çıxış edir. Buna misal olaraq Fransanın Paris şəhərində Bakı Mədəniyyət Evinin konsert salonunda Xalq artisti Fidan Hacıyeva ilə birgə konsertini (24 may 2022), Beynəlxalq Muğam Mərkəzinin səhnəsində qardaşı, Almaniyada fəaliyyət göstərən pianoçu, Beynəlxalq müsabiqələr laureatı, Toğrul Hüseynli ilə birgə “Romantik ruhun yüksəlişi” adlı konsert proqramını (23 dekabr, 2023), Azərbaycanın möhtəşəm səhnələri- Heydər Əliyev sarayı, Heydər Əliyev Mərkəzi, Şuşa şəhərində keçirilən konsert tədbirlərində və b. böyük konsert salonlarındakı çıxışlarını misal göstərmək olar.
Beynəlxalq konfranslar - K.Hüseynova 2021-ci və 2022-ci il illərdə Bakıda keçirilən “Şərq-Qərb Musiqi Mədəniyyətlərinin Dialoqları” adlı Beynəlxalq elmi-praktik konfranslarda uğurla çıxış etmiş və konfransda təqdim olunmuş məruzələri bəyənilərək “Musiqi dünyası” jurnallarında nəşr olunmuşdur.
2023-cü ilin 26 noyabr tarixində keçirilən “Rast Music Congress” adlı Beynəlxalq konfransın iştirakçısıdır.
Bütün bunlardan əlavə Qəhrəman Şəhidlərimizin övladlarının iştirakı ilə yaradılmış “Qəhrəman övladları” xor qrupunun bədii rəhbəridir.