• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Məmmədov Tariyel Aydın oğlu

    Kafedra müdiri, professor, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi

     Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 28.02.1949.

    Təhsil: 1974-cü ildə ADK-nı musiqişünas ixtisası üzrə bitirmişdir. 1983-cü ildə Moskvada SSRİ Mədəniyyət Nazirliyinin Ümumittifaq Elmi Araşdırmalar Sənətşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə isə həmin İnstitutda doktorluq dissertasiyasını müdafiə etmiş, musiqi elmində ilk Azərbaycan sənətşünaslıq doktoru elmi adına layiq görülən musiqişünaslardan biri olmuşdur.

    Pedaqoji fəaliyyəti: 1996-cı ildən Bakı Musiqi Akademiyasının «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasında professor vəzifəsində çalışır. Ali Attestasiya Komissiyası tərəfindən Professor elmi adını 2004-cü ildə almışdır. 2006-2009-cu illərdə Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.

    Elmi fəaliyyəti: T.A.Məmmədov 37 monoqrafiya, dərsliyin, elmi-publisistik kitabların müəllifidir. Onun 100-dən artıq elmi məqaləsi beynəlxalq və respublika nəşrlərində çap olunmuş, alim bir sıra beynəlxalq konfrans və simpozumlarda ölkəmizi layiqincə təmsil etmişdir.

    T.Məmmədov pedaqoji və elmi-tədqiqat sahəsində göstərdiyi fəaliyyətlə yanaşı, ölkəmizin mətbuatının inkişafında da böyük xidmətləri olan yaradıcı bir insandır.
    Belə ki, məhz T.A.Məmmədovun rəhbərliyi ilə 1999-cu ildən etibarən Azərbaycanda ilk musiqili elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif beynəlxalq mətbu orqan olan «Musiqi Dünyası» jurnalı nəşr edilməyə başlanmışdır. Jurnalının təsisçiləri Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Üç dildə - Azərbaycan, rus və ingilis dillərində və ölkəmizdə ilk dəfə olaraq həm də elektron formatda nəşr olunan, redaksiya heyəti nüfuzlu xarici və yerli mütəxəssislərdən təşkil olunmuş.

    16 il ərzində T.Məmmədovun rəhbərliyi ilə 70-dan artıq sayı işıq üzü görən "Musiqi dünyası" jurnalının yaradıcı heyəti müasir kompüter texnologiyalarının musiqi elmində tətbiqi sahəsində yorulmadan çalışmış, milli mətbuatımıza bir sıra yeniliklər gətirmişdir. İndiyədək jurnalın əməkdaşları tərəfindən Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əks etdirən 40-dan artıq İNTERNET saytı və bir sıra CD-DVD nəşrləri hazırlamışdır.

    «Musiqi dünyası»nın yaradıcı qrupu 2005-ci ildə «Azərbaycan Mədəniyyətinin dostları» fondu ilə birgə bütün dünyada geniş təbliğ olunan «Qarabağ xanəndələri» layihəsini müvəffəqiyyətlə həyata keçirmişdir. Layihənin müəllifi və rəhbəri UNESCO və İSESKO - nun xoşməramlı səfiri, «Heydər Əliyev» fondunun, «Azərbaycan Mədəniyyətinin dostları» fondunun Prezidenti xanım Mehriban Əliyeva olmuşdur. Layihənin koordinatoru isə – professor T.A.Məmmədov. 2008-ci ildə nəşr olunmuş «Muğam ensiklopediyası»nın məsul redaktoru da o olub. Həmin ensiklopediya da H.Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşmərəmli səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çap olunmuşdur.

    T.A.Məmmədov 2007-ci ildə Azərbaycan musiqi mədəniyyətinin müasir texnologiyalar vasitəsi ilə təbliğinə görə «Humay» mükafatına, 2008-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.

    2016-cı ildən Ü.Hacıbəyli ad. BMA-nın «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasının müdiri vəzifəsində çalışır.

    Nəşrlər