Bülbül - Məmmədov Murtuza Məşədi Rza oğlu
(22.06.1897, Şuşa - 26.09.1961, Bakı)
Müğənni, xanəndə, pedaqoq, xalq musiqisi tədqiqatçısı, musiqi ictimai xadim, professor (1940).
Azərbaycan professional vokal məktəbinin banisi (lirik-dramatik tenor). SSRİ xalq artisti (1938 il), SSRİ Dövlət Mükafatı laureatı (1950 il). İki dəfə “Lenin” ordeni, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni, İtaliyanın “Qaribaldi” ordeni və çox saylı medallarla təltif olunmuşdur.
1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal kafedrasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasının vokal sinfini (professorlar Cüzeppe Anselmi, Delliponti və R.Qrani) bitirmişdir.
Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist olub. Azərbaycan bəstəkarlarının operalarında baş rolların ilk ifaçısı olub: Əliyar (M.Maqomayev “Nərgiz”), Aslan (Q.Qarayev və C.Hacıyev “Vətən”), Nizami (Ə.Bədəlbəyli “Nizami”) və b. Koroğlu obrazı (Ü.Hacıbəyli “Koroğlu”) yaradıcılığının zirvəsi hesab olunur. Avropa bəstəkarlarının operalarında baş rolların ifaçısı kimi tanınmışdır: C.Verdinin “Riqoletto” operasında Hersoq və digər yaddaqalan obrazlar yaratmışdır. Bülbül həmçinin, Azərbaycan bəstəkarlarının romanslarının ilk ifaçısı kimi tanınmışdır. O, bir çox ölkələrdə qastrol səfərlərində olmuş, Azərbaycan musiqi incəsənətini təmsil etmişdir.
1931-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. Azərbaycan opera müğənnilərinin böyük bir nəslini yetişdirmişdir.
1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tətqiqat kabineti yaradılmışdır. Bu kabinetin fəaliyyəti Azərbaycan etnomusiqişünaslığının inkişafında mühüm mərhələ olmuş, milli musiqi irsini xalq mahnı və rəqsləri, aşıq havaları və muğamların səs yazıları və not yazıları ilə zənginləşdirmişdir (1945-ci ildən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır).
Bakıda Bülbül adına 11 illik musiqi məktəbi fəaliyyət göstərir.