• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 may 2020-ci il

    Görkəmli Azərbaycan bəstəkarları haqqında videoçarxlar

    Əziz dostlar! Artıq uzun müddətdir ki, evlərimizdə qalmaq məcburiyyətində olduq. Düzdür, əvvəl bunu bir qədər istirahət kimi qəbul etdik, lakin sonra işə getməyimizi, yenidən doğma Bakı Musiqi Akademiyasının qapılarından keçməyi, musiqiçi dostlar, həmkarlarımızla ünsiyyətdə olmağı istədik. Təbii ki, yaradıcı insan üçün bu qədər müddəti passiv qalmaq heç uyğun deyil. O, daim nə isə etmək, yenilik axtarışındadır. Mən də, uzun illərdir BMA-nın “Bəstəkarlıq” kafedrasında işlədiyimə görə və hələ tələbə olarkən 13 ildən artıq bu kafedra ilə sıx əlaqədə olduğumdan mənim də görkəmli bəstəkarlarımıza bir töhfəm olsun düşündüm. Öncə Mədəniyyət Nazirliyinin Mədəniyyət kanalı ilə birgə “Bizi birləşdirən mədəniyyət” layihəsinə qoşulub çox sevdiyim şəxsiyyət, illərdir ünsiyyətdə olduğum gözəl insan Arif Məlikov haqqında video hazırladım.
    Arif Məlikov – bəstəkar, rəssam, pedaqoq, güclü insan, cəsarətli şəxsiyyət, əsl vənətpərvər və əsl Azərbaycanlı vətəndaşıdır. Qürur duyuruq onunla. Eyni zamanda Arif Məlikov həm də səmimi, gözəl insan, incə, təmiz qəlbli bir şəxs idi...
    Hələ də inanmaq olmur onun yoxluğuna, otağının yanından keçərkən hələ də onun ruhunun orada olduğunu düşünürsən. Musiqisini duyarkən həzin bir hisslər keçir onu sevənlərin qəlbindən... Nə yaxşı ki, bu insanı tanıdım, ünsiyyətdə oldum və ondan xatirələri qoruyub saxladım...
    Beləliklə, material hazırlayıb həvəslə, sevə-sevə üzərində çalışmağa başladım. Lakin Arif Məlikov həftəsi olduğundan bəstəkarın çoxşaxəli yaradıcılığının müxtəlif istiqamətlərinə toxunub silsilə olaraq bir neçə video daha düşündüm. Bir, iki, üç..., beş...., səkkiz və budur, artıq həvəslənib digər bəstəkarların yaradıcılığına toxunmağa qərar verdim – Aqşın Əlizadə, Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov. Onlarla ünsiyyətdə olduğum üçün özümü xoşbəxt sayıram və bu ithaflarımı izləyicilərin nəzərinə təqdim edirəm. Ola bilsin çəkiliş professional deyil, bəlkə də səs problemləri duyulsun, lakin bu layihədə mən və mənim çağırışıma səs verənlər, xahişimi qəbul edib kömək edənlər böyük məhəbbətlə çalışıblar.
    Bu silsilə videoların üzərində işləyən və böyük əməyi olan Aytən Heydərova və Nurlan Abbasa, gözəl ifaları ilə paylaşıb mənə dəstək olan Töhfə Babayeva, Ülviyyə Kazımova və Rüfət Piriyevə dərin təşəkkürümü bildirirəm. Sağ olsunlar, bu yaradıcı işimdə mənə dəstək olub, videolarıma rəng qatdılar. Əziyyətinizi halal edin, əziz musiqiçi dostlarım.
    Əbədiyaşar görkəmli şəxsiyyətlərə Allah rəhmət eləsin! Ruhları şad olsun! Amin!



    Böyük hörmət və ehtiramla...
    sənətşünaslıq üzrə fəlsəfə doktoru
    Aytən Oqtay qızı İbrahimova

    https://youtu.be/3BNIy8NSp-s
    https://youtu.be/qlwanPaK9uk
    https://youtu.be/p6H37GBaCo0
    https://youtu.be/g19kox5cxyg
    https://youtu.be/EMKN6cXHoyU
    https://youtu.be/BbpjYsLNCLQ
    https://youtu.be/g_6EZmTgr6k
    https://youtu.be/h1pfRjM-qUI