1920-1939
Xalq konservatoriyasına yaşından və musiqi istedadından asılı olmayaraq, bir neçə tələbə imtahansız qəbul edilmişdir. Onun məqsədi "geniş zəhmətkeş kütlələr arasında musiqi sənətini tanıtmaqdan ibarət idi".
Dərin düşüncə və uzaqgörənliyi ilə seçilən Ü.Hacıbəyli digər musiqi tədrisi ocağının yaranmasını da lazım bildi. Həmin tədris ocağının əsas işi xüsusi musiqi təhsilinə istiqamətlənmək, məqsədi isə hər il bütün profillər üzrə ixtisasçı - musiqiçilər yetişdirməkdən ibarət idi.
Ü.Hacıbəyli Xalq maarif şöbəsində ətraflı və dəqiq məruzə etmişdi ki, bu məruzə Azərbaycan Dövlət Konservatoriyasının proqramı və nizamnaməsi, Ü.Hacıbəyli isə onun qanuni yaradıcısı oldu.
Nizamnamə, 1921-ci il 21 avqust tarixində hökümətin qərarı ilə təsdiq edilmiş və xalq komissarları Soveti sədri N.Nərimanov və xalq maarif komissarı D.Bünyatzadə tərəfindən imzalanmışdır.
Konservatoriya musiqi təhsilinin üç ən'ənəvi pilləsini: kiçik, orta və ali musiqi təhsilini özündə cəmləşdirirdi. Sonuncu musiqi Akademiyası adlanır, respublikada professional musiqi təhsilinin bütöv sistemini idarə edir və "professor dərəcəli şəxslər" tərəfindən rəhbərlənir.
Ü.Hacıbəylinin Nizamnaməsi Peterburq və Moskva konservatoriyalarının quruluşuna istinad edirdi. Bununla bərabər, böyük bəstəkar mürəkkəb və tarixən zəruri məsələni irəli sürürdü, çünki onun köməyi ilə, bəstəkar dediyi kimi, "ümumi musiqi sənətinin öyrənilməsi bizə şərq xalq musiqisinə elmi-nəzəri cəhətdən yanaşmaq və onu hərtərəfli işıqlandırmaq imkanı verir".
Faktiki olaraq, artıq o dövrdə Ü.Hacıbəyli nəzəri planda Şərq və Qərb musiqi mədəniyyətlərinin əlaqələri problemini irəli sürmüşdü ki, həmin problem XX və XXI əsr dünya musiqi elmi və mədəniyyətində mərkəzi yerlərdən birini tutur.
Artıq 20-ci illərdə Ü.Hacıbəyli bu problemi konservatoriyada aktiv və fəal surətdə həll etmişdi. Onun təşəbbüsü ilə Şərq şöbəsi yaradılır və özü bu şöbəyə rəhbərlik edir. Ü.Hacıbəyli şöbədə təhsilin iki üsulunu tədbiq etmişdir: biri - ənənəvi - xalq alətlərində "şifahi" ifa; digəri - yazılı, Avropa not sisiteminə əsaslanmış. Bəstəkar ikinci təhsil üsulunu diqqətlə işləyib hazırlamış, tar sinfində notla ifa üsulunu keçmiş və həmin alət üçün yazılı repertuarın nümünələrini yaratmışdır.
Xalq çalğı alətlərinin notlu ifası Ü.Hacıbəylinin novatorluğunun ən əhəməyyətlisi idi, desək, bəlkə də yanılmarıq. O, xalq alətlərini bəstəkarlıq yaradıcılığının inkişafı zəmininə cəlb etmişdir ki, bu da milli musiqi mədəniyyətinin əsas istiqamətlərindən olmuşdur.
Xalq musiqi alətlərinin bu tərzdə bölünməsi gələcəkdə Kiyev, Daşkənd, Alma-Ata, Qnesinlər adına Moskva institutlarında da öz əksini tapmışdır. Ü.Hacıbəylinin digər yeniliyi də maraqlıdır.
1925-ci ildən o, konservatoriyada "Şərq musiqisinin öyrənilməsi sinfini" aparır. Məhz həmin ildən başlayaraq Ü.Hacıbəyli 1945-ci ildə nəşrdən çıxmış "Azərbaycan xalq musiqisinin əsasları" adlı klassik nəzəri əsərini yaradır.
Beləliklə, Ü.Hacıbəylinin yaradıcı ideyalarının və praktiki səylərinin nəticəsində respublika konservatoriyası yalnız coqrafi mənada deyil, həm də öz təhsil istiqamətinə görə əsil Azərbaycan Dövlət Konservatoriyasına çevrildi.
Konservatoriyanın ilk onilliyində milli musiqi kadrlarının fəal hağı ilə əlaqədar məsələsi mürəkkəb və aktual problemə çevrilmişdı. Konservatoriyada azərbaycanlı tələbələr azlıq təşkil edirdilər. Həmişə olduğu kimi, problemi Ü.Hacıbəylinin uzaqgörənliyi həll etdi. 1922-ci ildə o, Azərbaycan türk musiqi məktəbi yaradır, sonralar bu məktəb musiqi texnikumuna çevrilir, məktəbə Ü.Hacıbəyli özü rəhbərlik edir və əsasən azərbaycanlı tələbələr qəbul edilirdi.
Belə ki, birinci təhsil ilində 383 tələbədən 350-si azərbaycanlı idi. 1926-cı ildə bu məktəb konservatoriya ilə birləşir. Ü.Hacıbəyli onun rəhbəri və prorektoru vəzifəsinə təyin edilir.
Konservatoriyanın tələbələrinin milli tərkibi zənginləşir. Artıq 1929-cu ildə onu gələcəkdə məşhur bəstəkar və xalq çalğı alətləri orkestrinin dirijoru S.Rüstəmov tarzən kimi; 1932-ci ildə Azərbaycan musiqisində romans və kamera-instrumental janrının əsasını qoymuş A.Zeynallı bitirirlər.
1928 il
Professor L.E. Ab və B.V. Karagiçev
tələbələri arasında
1930 il
Konservatoriyanın müəllim və tələbə qrupu
1928-1929-cu ildə konservatoriyanın quruluşu dəyişdirilir - birinci və ikincə pillələr ondan ayrılır. Respublikada bir sıra musiqi məktəbləri və musiqi texnikumları yaranır. Konservatoriya yalnız ali musiqi tədris ocağı kimi fəaliyyət göstərir. Belə quruluş bu günkü günə qədər də qorunub saxlanır. Konservatoriya tədrislə bərabər bədii funksiyaları da həyata keçirirdi. Məhz buna görə onun ən ali idarə orqanı - Bədii-Şura kimi adlandırılmışdır. Burada ən mühüm yaradıcılıq işi - Azərbaycan xalq mahnılarının toplanması, yazılması və işlənməsi məsələsi həll olunurdu.
Həmin işə Rusiyanın müxtəlif şəhərlərindən dəvət olunmuş müəllimlər - B.Karaqiçev, İ.Aysberq, L.Yablonko cəlb edilmişdilər. Lakin 1927-ci ildə Ü.Hacıbəyli və M.Maqomayev tərəfindən ilk dəfə nəşr edilmiş "Azərbaycan xalq mahnıları" məcmuəsi respublikada böyük hadisə kimi qarşılandı. Onlar milli lad-intonasiya əsasının Avropa bəstəkarlıq yaradıcılığında bir neçə əsrlər boyu təşəkkül tapmış major-minor sistemi ilə vəhdətini dəqiq sübut etdilər.
20-ci - 30-cu illərdə konservatoriyada tədris prosesini əsasən Bakıda Moskva, Peterburq, Saratov şəhərlərindən gəlmiş milliyyətcə qeyri-azərbaycanlı musiqiçilər həyata keçirirdilər. Onlardan - violonçelist M.Rostropoviçin atası, L.V.Rostropoviç, bəstəkar və nəzəriyyəçi L.Rudolf, pianoçu G.B.Şaroyev (Bakı musiqi məktəblərindən biri onun adını daşıyır), qaboyçalan V.Knyazkov, valtorna çalan və nəzəriyyəçi S.Berolski, vokalçılardan N.Speranski, M.Kolotova, V.Nikolski və başqalarının adlarını çəkmək olar.
Sonralar bu tərkibə yeni pedaqoji kadrlar - respublikada piano məktəblərindən birinin yaradıcısı, pianoçu M.R.Brenner, musiqişünas-nəzəriyyəçi, Azərbaycan musiqişünas-nəzəriyyəçilik məktəbinin yaradıcısı, N.S.Çumakov, F.Əmirov, S.Hacıbəyov, C.Cahangirov, A.Rzayev və H.Rzayev, R.Mustafayev kimi musiqiçiləri yetişdirən B.İ.Zeydman da qoşuldular.
20-ci - 30-cu illərdə konservatoriyanın rəhbərliyi daimi deyildi.
Onun ilk rektorları - pianoçu L.Pressman və İ.Aysberq idilər. Onları başqaları da əvəz edirdi. Lakin konservatoriyanın əsil ruhu və lideri həmişə Ü.Hacıbəyli olmuşdur. Məhz o, bütün Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolunu istiqamətləndirmiş, cəsarətlə milli klassik ənənələrinin Avropa bəstəkarlıq yaradıcılığı ilə sintezini həyata keçirmişdir.
O, deyirdi: "Biz azərbaycan türklərinə vaxtımızı, qüvvəmizi və vasitələrimizi ümumi musiqi sənətinin, başqa sözlə desək Avropa musiqisinin öyrənilməsinə sərf etməyə dəyərmi? Bəli, bu lazımdır və zəruridir, çünki, Avropa musiqisini öyrənərək, biz birincisi, dünyaya bir sıra dahi sənətkarlar bəxş etmiş və əsrlərlə inkişaf etmiş ümumi musiqi sənətinin sirrlərinə yiyələnirik. Bu dahilərin əsərlərinə heç bir mədəniyyətə malik olan xalq biganə qala bilməz, çunki onların yaratdığı əsərlər sözün əsl mənasında universal və bəynəlxalq əhəmiyyətə malik olaraq bütün dünyada şöhrət tapmış və bəşəriyyətin inkişafında mühüm aparıcı rol oynamışdır…
İkincisi, ümumi musiqi sənətinin öyrənilməsi ona gətirib çıxaracaq ki, hamımız biləcəyik ki, mənalı-ağıllı musiqi insan orqanizminin ruhi-estetik və intellektual cəhətdən inkişafında böyük rol oynayır… Üçüncü, ümumi musiqi sənətinə yiyələnərək biz - Azərbaycan türkləri ümumbəşəri mədəniyyətə yaxınlaşırıq…
Dördüncü, ümumi musiqi sənətinin öyrənilməsi və həmin istiqamətdə aparılan işin düzgünlüyü Azərbaycan xalqına şübhəsiz, musiqi sənəti sahəsində öz istedadını üzə çıxarmaq imkanı verəcək…" Ü.Hacıbəyli qürurla qeyd edirdi: "Heç kəs inkar edə bilməz ki, azərbaycanlılar ümumiyyətlə musiqisevən xalqdır və düzgün istiqamətə ehtiyacı olan sağlam estetik dərrakəyə malikdir".
1939-1956
1939-cu ildə Ü.Hacıbəyli rəsmi olaraq konservatoriyanın rəhbəri seçilir (1934-cü ildən bu vəzifə direktor adını alır). Həmin dövrdə Ü.Hacıbəyli öz yetkin yaradıcılıq illərini yaşayır. O, artıq qəhrəmani epik dastan əsasında yazdığı "Koroğlu" operasının müəllifi, milli bəstəkarlıq məktəbinin bədii estetik prinsiplərinin əsasını qoyan banisi idi. Ü.Hacıbəyli ömrünün axırına qədər konservatoriyanın rəhbəri vəzifəsində qalır.
1939-cu ildə konservatoriyaya arxitektura cəhətdən özünə məxsus gözəl bina verilir və bu günə qədər respublikanın ali musiqi təhsili ocağı bu binada məskunlaşır. Binanın müəllifləri - istedadlı arxitektorlar S.Dadaşov və M.Hüseynov olmuşlar.
Ü.Hacıbəylinin Şərq və Qərb musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqəsinin zəruriliyi haqqında tərtib etdiyi musiqi-estetik proqramlı tezisi milli vokal sənətində də öz əksini tapır və XX əsrin istedadlı müğənni-aktyorları Bülbül və Ş.Məmmədova tərəfindən həyata keçirilir. Onlar yeni milli müğənni məktəbinin baniləri oldular. Hər ikisi musiqi təhsili və respublikanın opera sənəti sahəsində layiqli iz buraxmışlar. Ş.Məmmədova R.Qliyerin eyni adlı Şahsənəm operasında Şahsənəm surətinin təkraredilməz yaradıcısı, Bülbül isə Üzeyir Hacıbəylinin "Koroğlu" operasının əsas qəhrəmanının çətin partiyasının klassik interpretatorudur.
30-cu illərdə konservatoriyanın tələbə tərkibi üçün hərtərəfli hazırlıqlı kadrlar və istedadlı uşaqların cəlb edilməsi vacib məsələlərdən biri idi. Konservatoriyanın nəzdində 1933-1934-cü illərdə "Xüsusi istedadlı uşaqlar üçün qrup"-un yaranması bu məsələnin həllinə köməklik göstərdi. "Qrupun" ilk şagirdləri sırasında gələcəkdə dünya şöhrətli pianoçu B.Davidoviç var idi. Artıq 1937-1938-ci illərdə bu "qrup" respublika mərkəzi uşaq musiqi məktəbinin əsasına, sonralar xüsusi orta musiqi məktəbinə çevrildi, daha sonra Bülbülün adını daşıdı. Məktəbin direktoru istedadlı pedaqoq, gözəl təşkilatçı, Ü.Hacıbəylinin tələbəsi K.Səfərəliyeva idi. Onun rəhbərliyi ilə məktəb konservatoriya üçün başlıca təhsil bazasına çevrildi.
30-cu illərdə konservatoriyanın nəzdində digər təhsil bazası təşkil edilir - Fəhfak (Rabfak) - musiqi fəhlə fakültəsi. Onun məqsədi musiqi təhsilinə Azərbaycan millətindən olan fəhlə nümayəndələri cəlb etmək idi. Fəhlə fakültəsində gələcəyin bəstəkarlarından - Q.Qarayev, C.Hacıyev, T.Quliyev, Z.Bağırov, A.Hüseynzadə, musiqişünas M.S.İsmayılov təhsil alırdılar.
1932 il
Üzeyir Hacibəyov yaradıcısı olduğu azərbaycan xalq instrumentləri not opkestrinin iştirakçıları arasında
1937 il
Professor A.M. Rudolf tələbələrlə birlikdə
30-cu illərin axırlarından başlayaraq Azərbaycan konservatoriyası daha istedadlı və perspektivli tələbələrin təhsillərini təkmilləşdirmək üçün onları P.İ.Çaykovski adına Moskva Konservatoriyasına göndərir. Q.Qarayev, C.Hacıyev XX əsrin görkəmli bəstəkarı Dm.Şostakoviçin sinfini bitirmişlər. Burada T.Quliyev, Z.Bağırov təhsil almış, nəfəsli alətlərdə çalan ifaçılardan M.Zeynalov, M.Orucov, E.Paşayev SSRI Böyük teatrının solistləri olmuşlar. Pianoçu R.Atakişiyev, S.Qəniyev, musiqişünas N.V.Abezqauz Moskva Konservatoriyasında öz təhsillərini təkmilləşdirmişlər.
Azərbaycan konservatoriyasının irəli sürdüyü vacib məsələlərdən biri də yüksək səviyyəli pedaqoji kadrların yetişdirilməsi idi. Konservatoriyanı bitirəndən sonra yüksək səviyyəli tələbələr kafedrada qalırdılar. Onlardan D.X.Danilov - musiqi tarixi kafedrasının ilk müdiri, musiqişünaslardan X.Əliyeva, E.M.Nikomarova, L.V.Varkiçeva, X.Məlikov, pianoçulardan V.Səfərəliyeva, E.Nəzirova, C.Məmmədov, fleytaçı A.M.İsgəndərov, faqot çalan A.X.Maqomedov və başqalarının adları çəkilə bilər.
Konservatoriyanın həyatında məsuliyyətli dövrlərdən biri də Böyük Vətən Müharibəsi illəridir. Ü.Hacıbəylinin rəhbərliyi ilə o öz ənənəvi tədris prosesini fəal davam etdirərək eyni zamanda öz işini "hər şey cəbhə üçün" şuarı altında qururdu. Konservatoriyanın binası hərbi qospitala verildi. Ü.Hacıbəyli hərbi komissiyanın rəhbəri seçildi və döyüşçulərə yüzlərlə konsert verildi. Konservatoriyanın müəllim və tələbələri bu işdə fəal iştirak etdilər. O dövrün ən mühüm hadisələrindən biri Bülbülün rəhbərlik etdiyi konsert briqadasının uzaq Bryansk cəbhəsinə qastrol səfəri idi.
Musiqiçi-pedaqoqlar və tələbələr döyüşlərdə bilavasitə iştirak etdilər - onlardan F.Əmirov, Ə.Abbasov, A.X.Maqomedov, M.S.İsmayılov, X.Məlikov kimləri göstərmək olar. Gənc bəstəkarlardan M.İsrafilzadə, H.Neymətov, S.Skrebnitskiy, E.Cavid qəhrəman kimi həlak oldular.
Ü.Hacıbəylinin vəfatından sonra konservatoriyaya Q.Qarayev rəhbərlik etdi. O, bütün Azərbaycan musiqi mədəniyyətinin yaradıcı lideri oldu. İstedadlı pedaqoq Q.Qarayev Şərq - Qərb musiqi ənənələrinin sintezini həyata keçirən yeni milli bəstəkarlıq məktəbi yaratdı. Onun nümayəndələri - R.Hacıyev, H.Xanməmmədov, A.Məlikov, V.Adıgözəlov, X.Mirzəzadə, T.Bakıxanov, M.Mirzəyev, M.Quliyev, A.Cəfərova, F.Qarayev, İ.Hacıbəyov, A.Dadaşov, E.Dadaşova, F.Əlizadə və b. idilər.
Sonralar konservatoriyanın rəhbərliyi Ə.Abbasova tapşırılır.
1956-1974
1956-1969-cu illərdə konservatoriyaya C.Hacıyev rəhbərlik etdi. Yuksək təfəkkürə malik olan böyük bəstəkar-simfonist pedaqoji fəaliyyətə böyük maraq göstərirdi.
Bir sıra bəstəkar nümayəndələri yetişir - bunlardan A.Əlizadə, G.Abdullazadə, D.Dadaşov, R.Qasımova və b. göstərmək olar.
C.Hacıyev tədris ocağının illər boyu formalaşmış və genişlənmiş ənənələrini bu ocağın yaradıcılıq statusunun qorunub saxlanması istiqamətinə yonəldirdi. C.Hacıyevin təşəbbüsü ilə konservatoriyada yeni ifaçılıq kollektivləri təşkil edilir, sonralar Dövlət Kollektivlərinə çevrilir. Bu, A.Əliyev, M.Tağıyeva, R.Seyidzadə, S.Əliyevin iştirakı ilə yaranan və Çexoslovakiyada bəynəlxalq müsabiqənin laureatı adına layiq görülmüş simli kvartet və konservatoriyanın yetişdirməsi E.Novruzovun yaratdığı xor kapellası idi.
1940 il
ADK-ın müəllimləridən bir qrup.
1948 il
Professor A.B. Qoldenveyzer və B.İ. Zeydman tələbə bəstəkarlar arasında.
Bu illərin ən vacib hadisələrindən biri də Z.Cəfərovanın bir neçə illər rəhbərlik etdiyi orqan sinfinin yaranması idi. C.Hacıyevin rektorluq etdiyi dövrdə konservatoriyanın təşəbbüsü ilə Zaqafqaziya musiqi müsabiqələri keçirilməyə başladı.
İlk laureatlar R.Quliyev və E.Səfərova oldular. C.Hacıyev musiqi elminin inkişafına böyük əhəmiyyət verirdi. Konservatoriya dövrü olaraq "elmi qeydlər" məcmuəsi nəşr etməyə başladı. Onun səhifələrində şifahi ənənəvi xalq musiqisinə aid, Azərbaycan bəstəkarları və onların yaradıcılığı haqqında məqalə və oçerklər dərc edildi. Bu dövrdə konservatoriyanın nəzdində musiqi təhsili maarif ocağı - xalq konservatoriyası yarandı. A.X.Maqomedovun rəhbərliyi ilə o bir neçə onilliklər fəaliyyət göstərdi. F.Bədəlbəyli ilk Bəynəlxalq müsabiqələr laureatı adına layiq görüldü.
1969-cu ildə görkəmli bəstəkar S.Hacıbəyov konservatoriyanın rektoru təyin edilir.
1974-1991
1974-cü ildən 1977-ci ilə qədər musiqişünas B.Məmmədova müvəqqəti rektor vəzifəsini icra edir.
Bu dövrün ən əhəmiyyətli hadisələrindən biri Azərbaycan konservatoriyasının 50 illik yubileyinin qeyd edilməsi idi. Yubiley yazda keçirilmiş və respublikanın musiqi həyatında bayrama çevrilmişdir. Bakıya Moskva, Peterburq, Zaqafqaziya şəhərlərindən Orta Asiyadan musiqiçilər gəlirlər. Silsilə bayram konsertləri verilir. "Bəstəkar və folklor" mövzusunda bəynəlxalq əhəmiyyətli yubiley elmi konfransı keçirilmişdir.
Azərbaycan konservatoriyasının yubileyi Moskvada P.İ.Çaykovski adına konservatoriyada, şəhərin digər təşkilatları tərəfindən qeyd edilmiş, paytaxt mətbuatının səhifələrində işıqlandırılmışdır. S.Hacıbəyovun təşəbbüsü və redaktəsi ilə yubiley gününə konservatoriya haqqında ilk fundamental əsər nəşr edilir. Onun müəllifləri E.Abbasova, D.Danilov, L.Karagiçeva və K.Səfərəliyeva idilər.
Bu illərdə respublika televiziya və radiosu nəzdində ikinci simfonik orkestr yaranır. Onun dirijoru R.Məlik-Aslanov idi.
S.Hacıbəyovun rəhbərliyi ilə hər ayın cümə günlərində konservatoriyada həmin kollektivin konsertləri keçirilirdi. Onun repertuarına gənc bəstəkarların əsərləri də daxil edilirdi. Konservatoriyanın musiqi həyatının səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, kafedra müdirləri və dekanlar konservatoriyanın yetirmələri olan azərbaycanlı müəllimlər idilər. Bunlar - C.Cahangirov, S.Ələsgərov, A.Abdullayev, X.Mirzəzadə, K.Kərimov, S.Əliyev, M.Tağıyev, O.Abbasquliyev, R.Nərimanbəyli, T.Yaqubova və s. kimi mütəxəssislər idi.
Müğənni F.Qasımova Beynəlxalq müsabiqələr laureatı, violonçel çalan Y.Abdullayev Ümumittifaq müsabiqələr laureatı adına layiq görülür.
Konservatoriyanın fəaliyyətinin yeni dövrü 1977-1991-ci illərə düşür. Məşhur musiqişünas Ü.Hacıbəyli, Q.Qarayev və digər bəstəkarlar, muğam sənəti, respublikanın musiqi mədəniyyətinin inkişafının yolları haqqında əsərlərin müəllifi, ictimai-musiqi xadimi E.Abbasova konservatoriyanın rektoru vəzifəsini tutur.
Həmin illərin mühüm hadisələrindən Ü.Hacıbəylinin 100 illiyinə həsr edilmiş ifaçılırın Yeddinci Zaqafqaziya müsabiqəsi, şərq alətləri ifaçılarının Birinci Zaqafqaziya müsabiqəsi, nəfəs alətləri ifaçılarının Birinci Zaqafqaziya müsabiqəsi, nəfəs alətləri ifaçılarının Birinci Zaqafqaziya festivalını göstərmək olar. Konservatoriya yubileylərin keçirilməsində fəal iştirak etmiş və bu münasibətlə silsilə Konsert və elmi konfranslar təşkil etmişdir.
Bunlardan Ü.Hacıbəylinin 100 , Q.Qarayevin 60 , F.Əmirovun 60, Ş.Məmmədovanın 80 illik yubileylərini göstərmək olar. Müəllimlərdən F.Bədəlbəyli, Z.Adıgözəlzadə, S.Qəniyev, A.Əliyev, F.Qasımova, Ə.İsgəndərov geniş qastrol fəaliyyəti aparırdılar. Beynəlxalq müsabiqələr laureatlarının sayı çoxalır. Onlardan geniş şöhrət qazanmıs populyar müğənni X.Qasımova, pianoçular V.Həsənov, F.Adıgözəlzadə və başqalarını göstərmək olar.
Tərbiyəvi-tədris prosesi Yeni "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının yaranması ilə zənginləşir. Onun ilk müdiri M.S.İsmayılov, sonra R.Zöhrabov olmuşdur. Solo-vokal kafedrasının nəzdində yeni ixtis - muğam oxumaq - yaranır. Konservatoriyanın tələbə tərkibi üçün yeni fundamental baza - T.Seyidovun rəhbərlik etdiyi məktəb-studiya yaranır. Konservatoriyanın yetirmələri arasında yeni kadrlar kafedra müdiri və dekan vəzifələrinə təyin olunurlar. Bunlardan A.Tağızadə, N.Mehdiyeva, N.Əliyeva, Z.Qafarova, Y.Abdullayev və s. göstərmək olar.
Müəllim və tələbələr tərəfindən elmi-tədqiqat işləri yeni yüksək səviyyəyə qalxır. Bu işin nəticəsində konservatoriyada Yaxın və Orta Şərq xalqlarının musiqisinin öyrənilməsinə həsr edilmiş ümumittifaq və respublika konfransları təşkil edilir. Respublika tədris ocaqları arasında çox həcmli konfranslar təşkil edilir ki, onlar musiqiçilərlə bərabər filosofların, filoloqların və dilçilərin diqqətini cəlb edir. Konservatoriya musiqiçi-tələbələrin ənənəvi ümumittifaq müsabiqilərinin keçirilməsi üçün əsas bazaya çevrilir. Bir sıra Bakı tələbələri bu müsabiqələrin müxtəlif dərəcəli diplomları ilə təltif edilirlər.
1984-cü ildə Ş.Məmmədova adına Opera studiyasının binasının tikinti işləri tamamlanır. Bakı musiqi sənətinin yeni ocağı ilə zənginləşir.
Burada müvəffəqiyyətlə birpərdəli opera və balet əsərləri tamaşaya qoyulur. Respublikada ilk uşaq musiqi teatrının yaranması xüsusi əhəmiyyət kəsb edir. Gənc artistlər yüksək bədii səviyyədə bir sıra operaların, o cümlədən, Ş.Çalayevin "Mauqli", S.Hacıbəyovun "İsgəndər və çoban", S.İbrahimovanın "Nənəmin nağılları" (rejissorlar Q.Güləhmədova-Martınova, U.Əliyeva) əsərlərini göstərmək olar.
Opera studiyasının binasında müxtəlif şəhərlərin konservatoriyalarının nümayəndələri tərəfindən təşkil edilmiş konsertlər keçirilir. Burada ilk dəfə Sovet İttifaqı respublikalarının, hal-hazırda müstəqil dövlətlərin milli sənətini təşkil edən xalq çalğı alətləri ifaçılarının konsertləri təşkil olunur.
Konservatoriyanın müvəffəqiyyətli inkişafı, onun Q.Qaryev, C.Hacıyev, C.Cahangirov, S.Ələsgərov, H.Xanməmmədov, A.Məlikov, X.Mirzəzadə, V.Adıgözəlov və bir sıra müxtəlif ixtisaslı musiqiçilərinin təşkil etdiyi sanballı pedaqoji tərkibi ali məktəbə birinci kateqoriya dərəcəsinə sahib olmaq imkanı verdi.
Konservatoriyanın növbəti dövrü 1991-ci ildən başlanır. Onun rektoru, görkəmli pianoçu F.Bədəlbəyli milli ifaçılıq sənətinin geniş dünya miqyasında məşhurlaşmasına böyük əmək sərf etmişdir.
1991- 2002
1991-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının rəhbəri SSRİ və Azərbaycan xalq artisti, professor F.Ş.Bədəlbəylidir.
Proqressiv düşüncəli, uzaqgörən musiqiçi F.Bədəlbəylinin rektor vəzifəsinə təyin olunması ilə koservatoriyanın fəaliyyətində bir çox müsbət irəliləyişlər baş verdi. Yaradıcılıq həyatının aktivləşməsi, təməli dahi Ü.Hacıbəyli tərəfindən qoyulan ənənələrin dərinləşməsi, beynəlxalq musiqi ictimaiyyətilə əlaqələrin genişlənməsilə xarakterizə olunan yeni mərhələ başlayır. 1997-ci ildə F.Bədəlbəylinin dəvətilə BMA-ya dünya şöhrətli violonçelistlərdən biri, bizim həmyerlimiz M.L.Rostropoviç qonaq gəlir. O, konsert və bir sıra ustad dərsləri verərək Bakıya hər il gəlmək qərarına gəlir. 1998, 1999, 2000-2002-ci illər onun gəlişi ilə əlamətdar oldu. BMA-nın müəllim və tələbə heyəti böyük maestronun ustad dərslərini, eləcə də konsertlərini səbirsizliklə gözləyirdilər.
1998, 1999, 2001-ci illər parlaq pianoçu Bella Davidoviç və onun oğlu skripkaçı və dirijor Dmitri Sitkovetski kimi gözəl musiqiçilərin qastrolları ilə əlamətdardır.
1999-cu ildə Dmitri Sitkovetski «Avropa simliləri» orkestri ilə BMA-nın divarları arasında bir sıra parlaq konsertlər verdi.
BMA-nın zalında 1991-2001-ci illər ərzində müxtəlif ölkələrdən – ABŞ, Almaniya, Yaponiya, Çin, Fransa, Rusiyadan gəlmiş musiqiçilər – nəzəriyyəçi, bəstəkar, violonçelist, pianoçu, skripkaçı, nəfəsli alətlərin ifaçıları və dirijorlar konsertlər, maraqlı məruzələr və s. ilə çıxış etmişlər.
1991-2001-ci illər BMA həyatında bir sıra müsabiqə və festivallar dövrü kimi əlamətdar olmuşdur. Belə ki, 1994-cü ildə Gənc musiqişünasların Ü.Hacıbəyli ad. I Respublika müsabiqəsi keçirilmişdir.
1992-ci ildə orqan ifaçılarının I Respublika müsabiqəsi, 1998-ci ildə «Fransa və Azərbaycan musiqisi» adlı orqan musiqi festivalı, 2000-ci ildə isə İ.S.Baxın xatirəsinə həsr olunmuş Almaniyanın Azərbaycandakı səfirliyi ilə birgə orqan musiqisi festivalı keçirilmişdir.
1999-cu ilin yayında konsertmeyster ustalığı kafedrasının müdiri, professor N.A.İbrahimovanın təşəbbüskarlığı ilə ən yaxşı konsertmeyster adı üçün I Respublika müsabiqəsi keçirilir.
1996-cı ildə «Ən yaxşı pianoçu» müsabiqəsi keçirilmişdir (təşkilatçılar: BP və AMOCO şirkətləri).
90-cı illər BMA-nın rektoru F.Bədəlbyəlinin təşəbbüsü ilə skripkaçıların Respublika müsabiqəsi təsis olunur. Son illər simlilər üzrə gənc ifaçılarımız beynəlxalq müsabiqələrdə öz yüksək professional səviyyələrini nümayiş etdiriblər.
1997-2000-ci illər vokalçıların Bülbül ad. Müsabiqəsinin keçirilməsi, İ.Arxipovanın rəhbərlik etdiyi və tərkibinə müxtəlif ölkələrin görkəmli musiqiçilərinin daxil olduğu münsiflər heyətinin gəlişi ilə qeyd olunur.
XX əsrin axırıncı onilliyi nəfəs və zərb alətləri kafedrasının həyatında F.Əmirov adına müsabiqələrin keçirilməsi ilə əlamətdardır. Müsabiqənin təşəbbüskarı 1992-ci ildən kafedraya rəhbərlik edən BMA-nın I prorektoru, sənətşünaslıq doktoru, professor E.Ə.Babayevdir. İlk müsabiqə F.Əmirovun 70 illik yubileyi münasibətilə 1992-ci ildə, sonrakılar isə ilaşırı (1994, 1996, 1998, 2000) keçirilmişdir. BMA-nın nəzəriyyə kafedraları 1991-2001-ci illər ərzində Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunmuş bir sıra elmi-tədqiqi işlər təqdim etmişlər. Bu dövr bir sıra dərs vəsaitlərinin, proqramların, metodiki işlərin və s. işıq üzü görməsilə əlamətdar oldu. BMA-da bir sıra elmi-praktiki konfranslar keçirilmişdir.
1991-ci ildə qədim Azərbaycan musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi üzrə elmi laboratoriya yaradıldı. 1991-2001-ci illər ərzində BMA-da 3 yeni kafedra yaradıldı: 1992-ci ildə – incəsənət tarixi və nəzəriyyəsi kafedrası, 1995-ci ildə – orqan və klavesin kafedrası, 2000-ci ildə – muğam kafedrası.
BMA-nın bugünkü fəaliyyəti iki əsas prinsipə: Ü.Hacıbəyli ənənələrinə sədaqət və daimi tərəqqiyə söykənir.
2002 - bu günədək
Ü.Hacıbəyli adına Baki Musiqi Akademiyasının son dövr fəaliyyətinə diqqət yetirdikdə burada görə gözə çarpan bəzi yenilikləri və yadda qalan hadisələri qeyd etmək olar .
İlk növbədə 2004-2005-ci tədris ilindən başlayaraq BMA-da Bolonya təhsil sisteminin tətbiq olunması nı cəhd etməliyik.Təhsil ocagımızın iki pilləli təhsil proqramına riyayət etməsi, təbii ki Musiqi Akademiyasının tədris prosesin yenidən qurulması demək idi. Bununla baglı olaraq BMA-da iki pilləlı təhsil proqramı qəbul olundu ki,onun birincu pilləsi olan bakalavratura ilə ,ikinci pilləsi olan magistratura isə 1.5-2 ilə əhatə edir.
İlk baxışdan Bolonya təhsil sistemi illər boyu ugurla istifadə olunan bir çox ənənə və qaydalardan sanki uzaqlaşmaq kimi qəbul oluna bilərdi.Əslində , bu təhsil sistemi tədris praktikasında hər zaman ugurla istifadə olunan və xüsusi məna kəsb edən hər bir ənənə, qayda və mühtəlif işüsulların yaradıcı yolla istifadəsini nəzərdə tutur.Odur ki, yeni tədris prosesinin tədbiq olunması qısa zaman çərçivəsində və çətinliksiz baş vermişdi.
Bolonya təhsil sistemi tətbiqi ilə bilavasitə olaraq tələbələrin daha inamlı və cəsarətli çıxış etməsi, öz hüquqi tələblərini müdafiyəyə hazır etmələri xoş təsir bagışlayir.Buna da dövrümüzü xarakterizə edən çoxpozitiv cəhəti kimi qəbul etmək olar.
Ali təhsil ocagımızın son illərin tarixində yadda qalanm hadisə kimi onun əsaslı təmir olunmasını qöstərmək olar .Ciddi təmirə ehtiyac olan təhsil ocagımızın təmamilə yeniləşməsi hamının ürəyindən oldu. 2008-2009-ci tədris ilin başlangıcına və təhsil ocagımızın və təhsil ocagımızın əsaslı təmirin həsr olunan təntənəli iclasda Azərbaycab Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi yadda qalan oldu.Ölkə prezidentin çıxışında təhsil ocagımıza verilən yüksək qiymət və onun banisinə həsr olunan ən gözəl sözlər və digər tərəfdən BMA-na Azərbaycan musiqisinin banisinin adının bərpa olunması bütün musiqiçilərin və eləcə də musiqi sevənlərin ürəyindən oldu.
Ü.Hacıbəyli adına BMA-nın son dövr fəaliyyətinin harakterini qöstərən edən təmayül kimi müxtəlif seriyadə özünü bildirən beynalxalq əlaqələrin rolu qeyd olunmalıdır.Şübhəsiz ki, bu əlaqələrin bir tərəfdən mövcutlugu və diqər tərəfdən qenişlənməsi qənc musiqiçilər üçün oldugca vacib və faydalıdır.Təbii ki,akademiyada baş verən qörüşlər ,konsertlər eləcədə keçirilən müsabiqələr,masterklaslar hər bir qənc musiqiçinin peşəkər kimi formalaşmasında çox vacib amil kimi, çıxış edir.Dediyimizin təsdiqi kimi Azərbaycan Norveç əlaqələrini göstərmək olar. Bu əlaqələrin ən geniş təzahürü kimi beynəlxalq yarışmalarda gənc ifaçıların iştirak etməsidir. Tədbirə layiq odurki, bu müsabiqələrdə Musiqi Akademiyasının ifaçılıq fakultəsinin tələbələri ,həmdə BMA-nı nəzdində Məktəb studiyasının tələbələri iştirak edir.Çox sevindirici hal kimi onu göstərmək olar ki , bu müsabiqə qalibləri arasında hər iki təhsil qurumunu təmsil edən gənc musiqiçilərimizin adlarına rast gəlmək olar.
Son olaraq vurgulamaq istərdik ki Ü.Hacibəyli adına BMA-nın həyatı öz aharı ilə cərəyan edir və burada çalışan hər bir insan müəllim və tələbə öz işinə məsuliyyətlə yanaşır.