Abdullayev Azər Can-Baxış oğlu
(1929, Bakı - 2010, Bakı)
Qoboy ifaçısı, pedaqoq, professor, Azərbaycanın əməkdar incəsənət xadimi (2008).
III Beynəlxalq Gənclər festivalın Laureatı (Berlin, 1951). “Əməkdə fərqlənmə” medalı ilə təltif olunub (1959).
Azərbaycan Dövlət Konservatoriyasında (1947-1950) və Moskva Dövlət Konservatoriyasında (1950-1952) təhsil almışdır. Moskva Dövlət Konservatoriyasının aspiranturasını (N.Soloduyevin sinfi) bitirib (1960).
1952-61-ci illərdə Azərbaycan Dövlət Simfonik orkesrinin solisti olub. 1959-cu ildən Azərbaycan Dövlət Konservatoriyasında çalışmağa başlamışdır. 1965-92-ci illərdə Nəfəs və zərb alətləri kafedrasının müdiri olmuşdur. 1963-71-ci illərdə A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.
İlk dəfə Bakıda Nəfəs alətləri üçün Zaqafqaziya müsabiqəsinin keçirilməsinin təşəbbüskarı (1979, 1985), Zaqafqaziya festivalında kamera musiqi ifaçılarının (1982) münsiflər heyətinin sədri olub. Həmçinin, dəfələrlə Beynəlxalq müsabiqələrinin münsiflər heyətinə daxil olub.
İ.S.Baxın qoboy, violin və orkestri üçün konsertinin E.Meleşkinlə birlikdə SSRİ-də ilk ifaçısı olub (Moskva, 1952).
1969-cu ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi adına layiq görülmüşdür. Bir sıra elmi işlərin müəllifidir. “Теория и практика исполнительства на гобое” (“Qoboy ifaçılığının nəzəriyyəsi və təcrübəsi”) adlı dərs vəsaiti SSRİ-də qoboy üçün ilk dərs vəsaitidir. Qoboy və kamera ansamblları üçün Azərbaycan və xarici bəstəkarlarının əsərlərinin köçürmələrinin və işləmələrinin müəllifidir.