Bağırov Zakir Cavad oğlu
(16.03.1916, Şuşa — 8.01.1996, Bakı)
Bəstəkar, pedaqoq, musiqi-ictimai xadim, professor.
Azərbaycanın əməkdar incəsənət xadimi (1961), “Şərəf Nişanı” ordeni ilə təltif edilmişdir.
1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1970-ci ildən isə musiqi nəzəriyyəsi kafedrasının müdiri işləmişdir.
O, 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin bu təşkilatın İdarə Heyətinin üzvü olmuş, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Respublikanın Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır.
Z.Bağırov “Aygün” (1972), “Qoca Xottabıç” operalarının, “Kəndimizin mahnısı” (1958), “Qaynana” (1974) operettalarının, xalq çalğı alərləti orkestri üçün süitaların, fortepiano və orkestr üçün Konsertin, orqan üçün improvizasiya və fuqanın, “Çahargah” muğamı əsasında arfa üçün Rapsodiyanın, kamera-instrumental əsərlərin, mahnı və romnsların müəllifidir. Bir çox teatr tamaşasına və kinofilmə musiqi yazmışdır.
Zakir Bağırov 1935-ci ildə ilk dəfə olaraq, bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasından “Rast”, “Dügah” və “Zabul” muğamlarını nota yazmış və çap etdirmişdir. O, həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin (1951) müəlliflərindən biridir.