21 aprel 2026-cı il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan musiqi irsinin incəliklərini müasir yanaşmalarla birləşdirən növbəti elmi-pedaqoji tədbir – açıq dərs baş tutdu.
“Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova tərəfindən keçirilən dərs “Şüştər” muğam dəstgahına həsr olunaraq iştirakçılara bu zəngin ladın emosional dərinliyi, struktur xüsusiyyətləri və ifaçılıq ənənələri barədə ətraflı məlumat verdi.
Dərs zamanı muğamın nəzəri əsasları ilə yanaşı, onun müasir interpretasiya imkanları da geniş şəkildə müzakirə olundu. Canlı izahlar, musiqi nümunələri və analitik yanaşma tədbiri yalnız maarifləndirici deyil, eyni zamanda ilhamverici bir mühitə çevirdi.
Bu cür açıq dərslər milli musiqi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addım olmaqla yanaşı, gənc musiqiçilərin və tədqiqatçıların peşəkar inkişafına da töhfə verir.
Açıq dərsdə Akademiyanın professor-müəllim heyəti geniş tərkibdə iştirak etmişdir: Əməkdar incəsənət xadimi, BMA-nın “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar kafedrası”nın müdiri, professor Tariyel Məmmədov, “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, profesor Gülzar Mahmudova, Əməkdar incəsənət xadimi, “Musiqi tarixi” kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova, Əməkdar müəllim, professor Leyla Məmmədova, Metodiki şuranın üzvü, professor Lalə Cəfərova iştirak etmişlər.


