• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 mart 2026-cı il

    Açıq dərslərin əhəmiyyəti

    10 mart 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının tələbələri BMA-nın İxtisas musiqi məktəb-studiya şagirdləri ilə açıq dərslər keçirdilər.

    Ümumiyyətlə, açıq dərslər – musiqi məktəbləri və ali müəssisələrdə mövcud olan xüsusi dərs formatıdır ki, burada tələbələrin və müəllimlərin fəaliyyətini həm digər pedaqoqlar, həm də geniş auditoriya izləyə bilir. Eyni zamanda, şagirdlər üçün də maarifləndirici və mühüm təşəbbüsdür.

    Bu təcrübənin bir neçə vacib tərəfi var. İlk növbədə, açıq dərslər tələbələrə öz bacarıqlarını nümayiş etdirmək və tənqidi rəylər almaq imkanı verir. Tələbələr səhnədə performans göstərməyi öyrənir, bu, irəlidə konsertlər və müsabiqələr üçün əvəzsiz təcrübədir. Həmçinin gələcəkdə müəllimlik peşəsi üçün də vacib amildir. Müxtəlif ifaları sərgiləyərək tələbə və şagirdlər musiqi təcrübəsini genişləndirir, öz zəif və güclü tərəflərini görürlər.

    Qeyd olunmalıdır ki, açıq dərslər müəllimlər üçün də qiymətli təhlil rəyinin mənbəyidir. Müəllimlər dərs metodikalarını, tələbələrlə ünsiyyət bacarıqlarını və pedaqoji yanaşmalarını kənardan qiymətləndirə bilirlər. Belə ki, digər müəllimlərin dərslərini izləmək yeni metod və texnikaların öyrənilməsi üçün də imkan yaradır.

    Açıq dərslər həmçinin müəllim, tələbə, şagird və valideynlər üçün təhsil prosesini daha görünən, şəffaf edir. Müəllimlər də tədris keyfiyyətini nümayiş etdirərək öz peşəkarlığını sübut edə bilirlər. Bu da, öz növbəsində tədris prosesinin keyfiyyətinin davamlı qiymətləndirilməsinə və inkişafına şərait yaradır.

    Əlbəttə ki, auditoriyada fərqli yaş və təcrübəyə malik insanların iştirakı tələbə və şagirdlər üçün motivasiyaedici olur. Onlar həm öz həmkarlarının, həm də peşəkarların səylərini izləyərək yeni yaradıcılıq ideyaları əldə edir. Belə yönümlü tədbirlər həm də gənc musiqiçilərdə öz ixtisaslarına olan marağı və musiqi mədəniyyətinə bağlılığı artırır.

    Hər tədris ilində mütəmadi şəkildə təşkil edilən Bakı Musiqi Akademiyası tələbələrinin Məktəb-studiya şagirdləri ilə açıq dərslər pedaqoji və metodik baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu dərslər bir tərəfdən ali musiqi təhsili mühitinin prinsiplərini və tələblərini məktəb səviyyəsində nümayiş etdirir, digər tərəfdən isə şagirdlərin gələcək peşə istiqamətinin formalaşmasına stimul verir. Beləliklə, sözügedən təşəbbüs orta ixtisas və ali musiqi təhsili pillələri arasında davamlılıq və varislik prinsipini təmin edən mühüm əlaqələndirici körpü funksiyasını yerinə yetirir. Bu, həm musiqi mədəniyyətinin təbliği, həm də gənc nəsil üçün sosial dəstək yaradır.

    Qeyd olunan tədbirin ilk iştirakçısı Məktəb-studiyanın vokal ixtisası üzrə 8-ci sinif şagirdi Aysel Ələkbərli (müəllim Ofeliya Axundova) və onunla açıq dərs nümayiş edən III kurs tələbəsi Ləman Babazadə (müəllim – dosent Nərgiz Hüseynova) idi. Proqrama G.Zeydlerin Vokaliz № 9, H.Persell “Ah! How pleasant tis to love” (“Ah! Necə də xoşdur sevmək”) əsərləri daxil olunmuşdur. Tələbə öncə vokalizlərdən danışdı və onların tədris prosesində mahiyyətindən, növlərindən söhbət açdı. Daha sonra şagirdin ifası ilə davam edildi və iş prosesi zamanı əsərin öyrənilməsində nələrə diqqət yetirməsi haqda məlumat verildi. Ləman vurğuladı ki, vokalçıların digər musiqiçilər kimi aləti yoxdur, onlar səsi hisslərlə idarə edir. Şagird haqqında danışarkən, o, qeyd etdi ki, Ayselin səs tembri hələ tam formalaşmayıb və hazırda qadın səsinin hansı növünə aidliyi müəyyən deyil. Bunun üçün də ifada bəzi çətinliklər ola bilər. Dərsdə tələbə şagirdlə bərabər oxudu, çənə hərəkətini göstərdi və digər məşğələlər tətbiq etdi. Ümumiyyətlə, çıxış çox əhatəli və dolğun oldu, tələbə isə olduqca gözəl səs tembrinə malik idi.

    Məktəb-studiyanın fortepiano ixtisası üzrə 4-cü sinif şagirdi Mədinə Musayeva ilə dərsi III kurs tələbəsi Xəlil Mütəllibov keçdi. Hər ikisi Əməkdar müəllim, dosent Mədina Tuayevanın sinfinin nümayəndələridir. Proqramda S.Bortkeviçin H.X.Andersenin nağılı əsasında “Золотце” pyesi idi. Əsər çox obrazlı və maraqlı idi. Burada barabanda ifa edən, lakin violin ifaçısı olmaq arzusu ilə yaşayan bir uşaq haqqında söhbət gedir. Əsərdə həm zərb alətinin ritmi, həm də simlinin melodikliyi aydın şəkildə duyulurdu. Tələbə pyesi öyrənərkən hansı çətinlikləri aşmalı olduğu haqqında bəhs etdi və şagirdlə düzgün ritmi, melodiyada ifadəliliyi çatdırmaq üçün məşq etdi.

    Növbəti çıxış isə dosent Sevinc Sultanovanın sinfində təhsil alan pianoçular – III kurs tələbəsi Rəna Babayeva və 4-cü sinif şagirdi Minaxanım Mirzəbəyliyə aid idi. Bu dəfə L.Bethovenin F-dur Sonatinasının I hissəsi üzərində iş aparıldı. Tələbə sonatina haqqında məlumat verdi. Sonra melodiyanın düzgün göstərilməsi üçün frazalar üzərində məşq olundu.

    Fortepiano və vokal ixtisasları ilə yanaşı violin aləti üçün də açıq dərs təqdim olundu. Belə ki, violində 10-cu sinif şagirdi Yusuf Məmmədli (müəllim – dosent Gülnarə Quliyeva) V.Motsartın 4 №-li Konsertin I hissəsini ifa etdi. Onunla əsər üzərində III kurs tələbəsi Fidan Musayeva (müəllim – Nairə Qulamova) məşğul oldu. Fidan konsertin strukturu haqqında danışdı, violin alətində pozisiyalardan bəhs etdi. Çıxışın sonunda müəllimlərin xahişi ilə tələbə fortepianoda Motsartın Fantaziyasını ifa etdi və bunula da tədbiri yekunlaşdırdı.

    Çıxışlar zamanı müəllimlər tərəfindən verilən suallar da ətraflı şəkildə cavablandırıldı, müəyyən disskussiya aparıldı.

    Beləliklə, nəticədə aydın olur ki, açıq dərslər təkcə tədris və pedaqogika üçün deyil, həm də tələbələrin özünüifadəsi, müəllimlərin peşəkarlığının inkişafı və musiqi mədəniyyətinin geniş auditoriyaya çatdırılması üçün vacibdir. Bu səpkili dərslər mütəmadi olaraq təşkil olunmalıdır. Göründüyü kimi, onlar həm öyrənmə, həm yaradıcılıq, həm də sosial qarşılıqlı əlaqə baxımından əvəzsiz bir vasitədir.

     

    Aytən BAXŞİYEVA

    BMA-nın İxtisas musiqi məktəb-studiyasının

    elmi-metodik işlər üzrə direktor müavini,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru