11 aprel 2025-ci il
11 aprel 2025 ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqi-təhsil layihəsi olan "SİMURQ" çərçivəsində P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dosenti Tatyana Titovanın SABAH qrupu tələbələri üçün ustad dərsi keçirildi.
Öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova qonağı təqdim edərək, onun musiqi sənətindəki əhəmiyyətli rolunu vurğuladı.
Sonra BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva çıxış edərək, layihə çərçivəsində keçirilən ustad dərsin tələbələr üçün əhəmiyyətindən danışdı.
Uzun illər fəaliyyət göstərən “Simurq” layihəsinin rəhbəri, BMA-nın “Kamera ansamblı” kafedrasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə hər iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın nə qədər vacib olduğunu qeyd edib, gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdi.
Ustad dərsdə Bakı Musiqi Akademiyasının tələbələri Zümrüd Əlizadə ( I kurs), Fidan İbrahimova (III kurs), Jasmin Dadaşova (III kurs), İluzər İbrahimzadə (IV kurs), Mehin Zalıyeva (Ikurs) aşağıdakı proqramla çıxış etdilər:
İ.S.Bax – “Prelüd və fuqa” E-dur (II cild), R.Şuman -“Fantaziya” C-dur, F.Şopen-“Etüd” №9 f-moll, L.V.Bethoven- “Sonata” №10, K.Debüssi “Berqamasskaya süita” № 4 “Passepied”.
T.Titova hər bir ifaçının çıxışını diqqətlə dinləyərək, texniki incəliklər, musiqi ifadəliliyi məsələləri ilə bağlı qiymətli məsləhətlər verdi. Gənc musiqiçilər ustad sənətkarın tövsiyələrini böyük maraq və həvəslə qəbul edərək, öz peşəkar inkişafları üçün yeni biliklər əldə etdilər.
Bakı Musiqi Akademiyası dünya miqyaslı musiqiçilərin iştirakı ilə keçirilən bu cür ustad dərslərin gənc ifaçıların inkişafında mühüm rol oynadığını əsas götürərək, gələcəkdə də bu ənənəni davam etdirməyi hədəfləyir.
Qeyd edək ki, 12 və 13 aprel tarixlərində "SIMURQ" layihəsi çərçivəsində daha əvvəl seçim turundan keçmiş gənc pianoçularla dərslər davam etməkdədir.