• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 may 2024-cü il

    “Metodika və xüsusi pedaqojı hazırlıq” kafedrası tələbələrinin ixtisas Musiqi Məktəb-studiya şagirdləri ilə açıq dərsləri

    17 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin İxtisas musiqi məktəb-studiya şagirdləri ilə növbəti açıq dərsləri keçirilmişdir. “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Elnarə Məmmədova və həmin kafedranın müəllimlərinin  iştirakı ilə keçirilən açıq dərsdə tələbələr nümunəvi dərslər təqdim etdilər.

    Zərb alətləri ixtisası üzrə Firuz Hüseynovun 3-cü kurs tələbəsi Azər Səfərzadə 6-cı sinif şagirdi Miraqil Mirzəzadə ilə (müəllim: F.Hüseynov) marimba alətində A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən Türk qızlarının rəqsinin öyrənilməsi üzərində iş prosesini nümayiş etdirdi. Tələbə səslənmənin dolğun effekti üçün zərblərin düzgün istiqamətə yönəlməsinin vacibliyini izah etdi. İki cümlədən ibarət olan periodun fərqli kadanslarını dinamik çalarları ilə ifa edərək şagirdində bu intonasiyanın əldə edilməsinə nail oldu. Texniki çətinlikdə isə not üzərində qeyd etdiyi əllərə diqqət ayırmalı və çox çalışmalı olduğunu  vurğuladı.

    Violin ixtisası üzrə baş müəllim Nairə Qulamovanın 2-ci kurs tələbəsi Zeyn Cəfərov 7-ci sinif şagirdi Əmirhüseyn Əlişanlı ilə (müəllim: dosent G.Quliyeva) A.Rubinşteynin “Melodiya” əsəri üzərində işlədi. İfaya başlamazdan əvvəl təcrübəçi tələbə not üzərində ibarələri, dinamikanı, cümlənin ifadəsində mühüm əhəmiyyət kəsb edən nüansları  diqqətə çatdırdı. Şagirdin ifasında melodiyanın qırılmasının səbəbini yayın hərəkətində əllərin perpendikulyar istiqamətinin təmin olunmamasında görərək, bunu öz ifası ilə bir daha izah etdi.

    Fortepiano ixtisası üzrə dosent Nərgiz Əlizadənin 3-cü kurs tələbəsi Hidayət Sadıxbəyli 5-ci sinif şagirdi Sabir Rüstəmxanlı ilə birlikdə (müəllim: N.Əliverdizadə) İ.S.Baxın Kiçik prelüd (d-moll) əsərinin ifası üzərində çalışdı. Tələbə şagirdinin ifasını ilk xanələrdən saxlayaraq, onun ifasındakı staccatolu səslənmənin səhv olduğunu bildirdi. O, not üzərində legato yazılmasa da əsərin başlanğıcında onaltılıq notların əlaqəli ifasının lazım olduğunu izah etdi. Bunun həm də melodiyanın inkişafında crescendonun legato vasitəsi ilə ifadəsinin uyğun olduğunu vurğuladı. H.Sadıxbəyli şagirdinin ifasında yaranan qüsurları onun əsəri nota baxmadan çalmasında görərək, bir daha üzdən ifa etməsini tövsiyə etdi.

    Fortepiano ixtisası üzrə Əməkdar incəsənət xadimi, professor Elnarə Məmmədovanın 2-ci kurs tələbəsi Qönçə Verdiyeva vokal ixtisası üzrə 9-cu sinif şagirdi Rafiq Mirzəyevlə birlikdə “Ümumi fortepiano” fənnində K.Çerninin 2 № li Etüdünü (op. 299) təqdim etdi. İlk olaraq, tələbə müraciət etdiyi əsərin bəstəkarı haqqında qısa məlumat verərək, onun pedaqoji fəaliyyəti və yaradıcılığında etüd janrının əhəmiyyətini xatırlatdı. Şagirdin ifasını dinlədikdən sonra etüdün texniki olaraq sağ əl üçün olmasına baxmayaraq melodiyanın sol əldə keçməsini nəzərə almalı və sağ əldə qruplaşan onaltılıq notların vurğusuna diqqət yetirməli olduğunu qeyd etdi.

    Fortepiano ixtisası üzrə dosent Mədinə Tuayevanın 3-cü kurs tələbəsi Flora Umudova violin ixtisası üzrə 5-ci sinif şagirdi Emiliya Mirzəzadə ilə birgə “Ümumi fortepiano” fənnində Y.Nekadanın Mahnısınının öyrənilməsi prosesini nümayiş etdirdilər. Tələbə, ilk olaraq bəstəkarın yaradıcılığının mühüm cəhətlərini diqqətə çatdırdı. Sonra isə şagirdə melodiyanın oxunaqlı və emosional təsirinin göstərilməsini əldə etmək üçün vurğunun, dinamikanın əhəmiyyətini izah etdi.  

    M.Tuayevanın 3-cü kurs tələbəsi Əli Adıgözəlov 3-cü sinif şagirdi Məryəm Axundzadə ilə (müəllim: M.Tuayeva) Q.Qarayevin “Orta çətinlikdə altı uşaq pyesi” silsiləsindən “Qırılmayan fikir” əsərinin mənimsənilməsi üzərində işlədi.  Tələbə dərsə başlamazdan öncə Azərbaycan musiqi tarixində uşaqlar üçün yazılan fortepiano silsilələrinin müəlliflərinin adlarını çəkdi, eyni zamanda müraciət etdiyi silsilənin proqram xüsusiyyətindən söz açdı. Əsərin xarakteri, ölçüsü, dinamikasını xatırlatdıqdan sonra şagirdinin ifasını dinlədi. Dərs prosesində hər bir xanənin düzgün ifadəsi ilə təqdimatı şagird tərəfindən diqqətə alındı.

    Açıq dərsdə Elnarə Məmmədova və müəllimlərin sualları tələbələr tərəfindən dolğun şəkildə cavablandırıldı. Auditoriya qarşısında uğurlu dərs prosesini keçirən tələbələr artıq müəllimlik peşəsinin məsuliyyətini anladıqlarını nümayiş etdirdilər.

    Musiqişünas Tutu Hüseynova