• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 aprel 2024-cü il

    26 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında görkəmli musiqiçi, dünya şöhrətli violin ustası və dirijor Dmitri Sitkovetski (Böyük Britaniya) tərəfindən ustad dərs keçirildi. 

    Ustad dərsə başlamadan öncə Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, dəyərli musiqiçinin yenidən Bakı Musiqi Akademiyasına təşrif buyurmasından şad olduğunu bildirdi. 

    İstedadlı musiqiçi D.Sitkovetski də ona əziz olan Bakı şəhərində, doğma məkanda olmasından, sevimli həmkarları ilə bir araya gəlməsindən məmnunluğunu ifadə etdi.

    Ustad dərsdə Bakı Musiqi Akademiyasının magistratura pilləsinin I kurs tələbəsi Osman Mustafazadə (professor Z. Quliyevanın sinfi), II kurs tələbəsi Kənan Məmmədzadə (professor Hökumə Əliyevanın sinfi) və Bülbül adına orta ixtisas Musiqi Məktəbinin 11-ci sinif şagirdləri Qədir Günəşov, Səidə Əhmədova iştirak etdilər. Musiqiçilər Y.Sibeliusun Konsert (I hissə), İ.S.Baxın II sonatadan Andante-allegro, S.Barberin Konsert (I hissə), P.İ.Çaykovskinin Konsert  (I hissə) əsərlərini ifa etdilər. 

    Üç saatdan çox davam edən ustad dərsdə D.Sitkovetski tələbələrlə ifaçılıq sənətinin sirrlərini bölüşmüş, hər bir musiqiçi üçün ifa zamanı texniki çətinliklərin necə aradan qaldırılması yollarını göstərmişdir. O, həmçinin istənilən bəstəkarın fərdi yaradıcılıq üslubuna yaxından bələd olub, sonra öyrəndiklərini ifaya tətbiq etməyi tövsiyə etmişdir.

    Ustad dərs bitdikdən sonra Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli tərəfindən Dmitri Sitkovetskiyə BMA-nın fəxri professoru adı verilərək, diplom təqdim olundu.

    Sonra Xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə ilə görkəmli musiqiçi Dimitri Sitkovetski duet ifa edərək, tamaşaçılara xoş ovqat bəxş etdilər.