• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    noyabr 2023-cü il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasıarasında bağlanmış elmi-ixtisasartırma müqaviləsi çərçivəsində 2 noyabr 2023-cu il tarixində İdirbay Baybaqtynın açıq dərsi keçirilmişdir. 

    Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında elmi-tədqiqat laboratoriyasının və BMA-nın ixtisasartırma şöbəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Görüşdə elmi-tədqiqat laboratoriyasının alim heyəti və Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri iştirak etmişdirlər.

    Tədbirin aparıcısı elmi-tədqiqat laboratoriyasının müdiri,sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İsmayılzadə Nuridə hər kəsi salamlayaraq xarici tələbələri auditoriyaya təqdim etmişdir. 

    BMA-nın ixtisasartırma şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynovanın rəhbərliyi altında toplanmış xarici magistr tələbələri: İdirbay Baybaqty (dombyra), Saparbek Ali (dombyra), Kakimbay Galı (bayan), Alimkul Yerbolat (dombyra) Qazaxıstan xalq çalğı alətləri ilə öz milli musiqi nümunələrini azərbaycanlı elm xadimləri qarşısında ifa etmişlər. Ardından Azərbaycanın xalq artisti, professor, baş elmi işçi Ramiz Quliyev «Bayatı-Şiraz» muğamından bir parça səsləndirmiş, xalq artisti, baş elmi işçiZümrüd Məmmədova öz ifası ilə Ramiz Quliyevə qatılmışdır. Daha sonra böyük elmi işçi Zeynal İsayev (piano) və Zümrüd Məmmədovanın ifasında «Küçələrə su səpmişəm», «Qubanın ağ alması» kimi xalq mahnıları səslənmişdir.

    Əməkdar incəsənət xadimi, professor, baş elmi işçi Arif Əsədullayev ifası ilə tələbələri kamança alətinin zəngin imkanları, səs tembri ilə tanış etmişdir. Görüş zamanı tələbələr Azərbaycan xalq musiqi alətlərinin həm nəzəri, həm də praktiki tərəflərini öyrənmək şansı əldə etmişlər. Eyni zamanda xalq muğamı və mahnılarını da dinləyə bilmişlər.

    Daha sonra mədəni əlaqələrin inkişafı fonunda qarşılıqlı sual-cavab, müzakirə bölməsi baş tutmuşdur. Burada tələbələri maraqlandıran musiqi istiqamətində məqamlara BMA-nın elmi-tədqiqat laboratoriyasının elm xadimləri tərəfindən aydınlıq gətirilmişdir.

    Sonda BMA-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə Qazaxıstan musiqisinin nəzəri cəhətləri, mədəniyyəti haqqında danışaraq,  bu ölkə ilə bağlı səfər xatirələrini bölüşdü.

     

    BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi,

    doktorant, bəstəkar İLAHƏ QİSMƏT