• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may 2023-cü il

    Xüsusi pedaqoji hazırlıq kafedrası tələbələrinin məktəb-studiya şagirdləri ilə açıq dərsləri

    Elmin bütün sahələrinin təməli təlim-tədrisdən başlayır. Azərbaycan professional musiqi təhsilinin təməli isə bizlərə Üzeyir bəydən miras qalmış Ü.Hacıbəyli adına Bakı Musiqi Akademyasında qoyulmuşdur. Bu ocaq dünya səhnəsini fəth edən görkəmli musiqiçilər yetirmişdir. Hər bir tanınmış musiqiçinin  keçdiyi məktəb xatırlanır, onun haqqında bir fikir söyləyir. 100 yaşlı musiqi pedaqogikamızın tarixindən gəlib keçmiş – Mayor Brenner, Georgi Şaroyev, Vladimir Kozlov, Lidiya Yeqorova, Regina Siroviç, Kövkəb Səfərəliyeva və s. kimi müəllimlərin məktəbləri bu gün davam etməkdədir. Məhz bu məktəbin uğurlu nümayəndələrindən biri – professor Tərlan Seyidovun təlim-tədrisə verdiyi dəyər hər kəsə məlumdur. Onun təşəbbüsü, zəhməti ilə yaradılan Orta ixtisas musiqi məktəb-studiya BMA tələbələrinin pedaqoji təcrübə məkanı kimi də mühüm əhəmiyyət daşıyır. Məktəb-studiya rəhbərliyi tərəfindən tələbələrin pedaqoji təcrübə dərsləri diqqət mərkəzində saxlanılmış, eyni zamanda müxtəlif konsert və tədbirlərə cəlb olunaraq səhnə fəaliyyətinə geniş yer verilmşdir.

    Tələbələr təhsil illərindən pedaqogika elmi ilə tanış olur və ilk təcrübələrini Məktəb-studiya şagirdləri ilə həyata keçirdirlər.  Burada onlar müəllimlərindən əxz etdiyi metodika və özlərində formalaşdırdığı yeni texnikaları ilə fəaliyyətə başlayırlar. Bu proseslər Məktəb-studiya şagirdləri üçün nə qədər əhəmiyyətli olsa da, tələbələr üçün müəllimlik peşəsinin məsuliyyətini anlamasında daha vacib anlardır.

    31 may 2023-cü il tarixdə baş tutmuş «Metodika və xüsusi pedaqoji hazırlıq» kafedrası tələbələrinin Məktəb-studiya şagirdləri ilə açıq dərslərini izləyirik:

    İlk növbədə onu qeyd etməliyik ki, tələbələr ciddi, səliqəli geyimi ilə məsuliyyətli müəllim obrazını yaratmışdılar. İndi isə hər bir tələbənin pedaqoji təcrübələrinə nəzər yetirək.

    Klarnet ixtisası üzrə Anar Məmmədovun 2-ci kurs tələbəsi Namiq Səlimov 1-ci sinif şagirdi Kənan Həsənliyə (müəllim: F.Məmmədov) V.Motsartın “Allegretto” əsərini keçir. Asta tempdə əl çalaraq şagirdi üçün  səslərin düzgün ölçüsünü anlamasına və əsərin ritmini saxlamasına kömək edir. Bu anda kafedra müdiri, professor Elnarə Məmmədova tələbəyə şagirdində ritm hissiyyatının formalaşması üçün  metronomdan istifadəni tövsiyə edir. Sonra isə tələbə alətin düzgün şəkildə əldə tutulma qaydasını şagirdinin hələ də mənimsəməkdə çətinlik çəkdiyi kiçik nüansları dinləyicilərə izah edir. Əlbəttə, 1-ci  sinif şagirdinin ilk növbədə aləti düzgün tutmasına nail olmaq vacib şərtdir. Tələbə sinfinə görə proqramı düzgün seçmişdir, ritm hissiyyatı isə tədricən formalaşa bilər.

    Fortepiano ixtisası üzrə dosent Nərgiz Əlizadənin 2-ci kurs tələbəsi Hidayət Sadıqbəyli 2-ci sinif şagirdi Sabir Rüstəmxanlıya (müəllim: Nərminə Əliverdizadə) Y.Baraxtinanın Paqanini mövzusuna “Variasiyalar” əsərini keçərkən ilk növbədə variasiya formasından məlumat verir, kiçik motivlər üzərində işləyərkən vurğunun düzgün düşməsinə çalışır. Şagird əsəri artıq əzbər öyrənmişdir, bu halda müəllim asanlıqla, əsərin istənilən yerində saxlayıb hər bir nüansı üzərində – dinamika, səslərin bərabər ardıcıllığı, hətta 2-ci barmağının düzgün istifadəsinə nail olmaq üçün öz ifasını göstərməklə işləyir.

    Fortepiano ixtisası üzrə dosent Mədinə Tuayevanın 2-ci kurs tələbəsi Əli Adıgözəlov violin ixtisası üzrə 7-ci sinif şagirdi Yusif Məmmədliyə “Ümumi fortepiano” fənnində Sevda İbrahimovanın “Evləri var xana-xana” Azərbaycan xalq mahnısı işləməsini öyrədir. Sevindiricidir ki, tələbə özünü səhnədə daha sərbəst, müəllim kimi hiss edir. Bu onun açıq dərsə hazırlıqlı olmasından irəli gəlir. İlk öncə özünü və şagirdini təqdim etdikdən sonra öyrətdiyi mahnının bəstəkarı haqqında və mahnının xarakerindən qısa, vacib məlumatı diqqətə çatdırır. Dərs zamanı Əli Adıgözəlovun öz ifası ilə başlayan xalq mahnısının ansambl işləməsi, tələbənin vurğuladığı kimi – “lirik” ab-havada dinləyicilərdə xoş əhval yaratdı. Milli mahnımızın oxunaqlı ifasını əldə etmək üçün müxtəlif yolları izah edən gənc müəllimin əsərin ruhunu dərinliklərinə qədər duyduğunu hiss edirik. Violin sinfinin şagirdi Yusif Məmmədlinin isə fortepianoda sərbəst və cəsarətli ifasına görə alqışlayırıq.

    Zərb alətləri ixtisası üzrə Firuz Hüseynovun 2-ci kurs tələbəsi Kamil Hüseynzadə 6-ci sinif şagirdi Rüfət Məmmədova (müəllim: F.Hüseynov) marimba alətində D.Şostakoviçin “İspan rəqsi” əsərini keçdi. Tələbə alətin tarixindən, vətənindən və quruluşundan söz açdıqdan sonra, onun simfonik orkestrdə rolunu qeyd etdi. Nota nəzər yetirdikdə isə ilk öncə əsərin ölçüsü, tempi ilə bərabər onun solo və yaxud müşayiət üçün yazılmasına diqqət yetirdi. Geniş izahlı, açıq dərs sayəsində marimba alətində liqanın və müxtəlif  texniki səhvlərin üzərində işin necə aparılması ilə tanış olduq.

    Violin ixtisası üzrə Nairə Qulamovanın 2-ci kurs tələbəsi Səriyyə Nəsibova 10-cu sinif şagirdi Fatimə Tapdıqovaya (müəllim: M.Aslanova) Ç.Viottinin № 22 Konsertinin I hissəsini keçdi. Təcrübəçi tələbə bəstəkarın yaradıcılığına nəzər salaraq, burada konsert janrının üstünlüyünü söyləyir. Əsəri başlamazdan öncə temp, ölçü kimi vacib nüanslara diqqət ayırır. Səriyyə Nəsibova dərs zamanı, öz ifasında əsərin texniki çətinliklərinin aradan qaldırılması ilə yanaşı emosional təsirinin göstərilməsi üsullarında dinamikanın əhəmiyyətini nümayiş etdirdi.

     Dərs prosesinin açıq, geniş auditoriya qarşısında keçirilməsi təcrübəçi tələbələrin və Məktəb-studiya şagirdlərinin yaradıcı potensialını daha da inkişaf etdirir.

     

                                         BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi,

    AMEA-nın elmi işçisi,

    musiqişünas Tutu Hüseynova