• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr  2022-ci il

    Üzeyir Hacıbəyli adına BMA-nın “Tarix-nəzəriyyə” fakültəsi tələbələrinin məktəb-studiyada açıq dərsləri

    Hər il müntəzəm olaraq BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri təcrübə keçir və yekun olaraq hesabat xarakterli açıq dərslərdə qazandıqları praktiki bilikləri nümayiş etdirirlər. Bu layihənin təməli məktəb-studiyanın direktoru, professor Tərlan Seyidovun xüsusi təşəbbüsü ilə qoyulmuşdur.

    2022 – 2023-cü tədris ilinin dekabrında BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin IV kurs tələbələri Məktəb-studiyanın şagirdləri ilə açıq dərslər keçirtdilər. Yoxlama dərslərdə tələbələrin “Pedaqoji təcrübə” fənnini tədris edən pedaqoq – BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina hər bir dərsdə iştirak etmiş və dərs sonrası öz fikirlərini yürütmüşdür. Dərslərin gedişatına məktəb-studiyanın yüksəkixtisaslı müəllimləri də nəzarət edir, eyni zamanda dəyərli məsləhətləri ilə tələbələrə düzgün istiqamət verirdilər.

    Dərslər məktəb-studiyanın IV–XI sinif şagirdləri ilə keçirilirdi. Həmin dərslərdə təcrübəçi-tələbələr “Solfecio” fənnindən proqram üzrə müxtəlif mövzularla çıxış etmişdilər. Hər bir tələbə özünəməxsus yanaşmasıyla müəllim və şagirdlərin diqqətini cəlb edirdi. Təqdirəlayiq məqam ondan ibarətdir ki, təcrübəçi-tələbələr, məktəb-studiyanın tədris prosesində geniş tətbiq etdiyi inteqrasiyalı dərs metoduna, yəni fənlərarası qarşılıqlı əlaqəsinə üstünlük vermişdilər. Ümumiyyətlə, “Tarix-nəzəriyyə” fakültəsinin bu ilki IV kurs tələbələri çalışqanlıqları və fəallıqları ilə seçilirlər. Belə ki, onlar 16 dekabr 2022-ci il tarixində BMA-nın baş müəllimi, Alyona İnyakinanın təşkil etdiyi “Ötən əsrin iki musiqi hekayəsi” təqdimat-konsertində tərifəlayiq çıxışları ilə yadda qalmışdılar.

    Xüsusilə vurğulamalıyıq ki, tələbələr, professor Tərlan Seyidovun təşəbbüsü ilə hazırlanmış, Uşaq Musiqi Məktəbləri üçün nəzərdə tutulmuş Lalə Dadaşovanın “Solfecio” dərsliyindən geniş istifadə etmiş və şagirdlərlə doğru istiqamətdə işlənilmişdir. Bu nəşrin böyük əhəmiyyəti ondan ibarətdir ki, burada Avropa və rus musiqi nümunələrindən savayı Azərbaycan xalq və bəstəkar musiqisindən parçalar da dərc olunmuşdur, həmçinin bu vəsaitdə “Solfecio” fənninin bütün mövzuları üzrə vokal-intonasiya məşğələləri təqdim olunmuşdur ki, bu da öz növbəsində şagirdlərə mövzunu qavramaqda köməklik edir.

    Tələbələrin nəzəri bilikləri nə qədər vacib bir amildisə, onların şagirdlərlə canlı ünsiyyət qurmaları da bir o qədər zəruri əhəmiyyət daşıyır. Məhz bu baxımdan Məktəb-studiyanın tələbələrə yaratdığı bu şərait olduqca önəmlidir. Bu musiqi ocağının mütəmadi olaraq həyata keçirdiyi layihələr həm tələbə, həm də şagirdlərin musiqi təhsilinə və ümumi dünyagörüşünə müsbət təsir edərək, onların gələcəklərini müəyyənləşdirir.

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

    Orta ixtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi

    Şəfəq HACIYEVA