12 dekabr 2022-ci il
Növbəti açıq dərs
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin 2022-ci il 12 dekabr tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 2 nömrəli UMM-də Kamança ixtisası üzrə açıq dərsi keçirildi.
Ustad sənətkarların keçirdiyi açıq dərslər elmi-tədqiqat laboratoriyasında artıq bir ənənə halını alıb. Belə ki, bu açıq dərslər Xalq artistləri Ramiz Quliyev, Zümrüd Məmmədova, professor Arif Əsədullayev tərəfindən yüksək səviyyədə həyata keçmişdir. Açıq dərslər təkcə Bakıda deyil, hətta Azərbaycanın bir sıra rayonlarında da böyük uğurla keçirilmişdir. Bu günkü açıq dərsdə Bakıda fəaliyyət göstərən Uşaq Musiqi Məktəblərinin şagirdləri - Bakı şəhər L.M.Rastropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin V sinif şagirdi Nigar Hacıyeva (müəllim – Aynur Məmmədova. Konsertmeyster – Aybəniz Vəkilova), 34 nömrəli UMM-nin III sinif şagirdi Fəridə Musazadə (müəllim – Aytən Axundova. Konsertmeyster – Hicran Lazımova), Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin IV sinif şagirdi Nazənin Məmmədli (müəllim – Şahnaz Muradova. Konsertmeyster Sevinc Kərimova) iştirak etdilər.
Açıq dərsdə C.Cahangirov “Rondo”, S.Ələsgərov “Tarantella”, P.Bülbüloğlu “Hicran mahnısı”, F.Əmirov “Aslanın mahnısı”, A.Gəray “Vətən nəğməsi” əsərləri səsləndi. Arif Əsədullayev ifaçıların kamançanı necə tutması, quruluşu, əsasən də, nüanslara – tembr, temp, dinamika haqda məlumat verərək, şagirdlərə özünün kamança aləti üçün nəşr etdiyi kitabları da hədiyyə etdi.
Nəsirova-Əhmədova Fidan
Ü.Hacıbəyli adına BMA-nın
Elmi-Tədqiqat laboratoriyasının elmi işçisi