20 sentyabr 2022-ci il
20 sentyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli XIV Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında məşhur fransız pianoçusu və müəllimi Olivye Qardonun ustad dərsi keçirildi.
Ustad dərsə başlamazdan əvvəl Olivye Qardon Azərbaycanda olmaqdan və yaradıcı insanlarla tanışlıqdan şad olduğunu bildirdi, həmçinin azərbaycanlı gənc pianoçuların təhsilinin və ifaçılıq bacarıqlarının artırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğuladı.
Ustad dərsdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - Ayan Aslanova (II kurs), İlqarə Talıbova (III kurs), Fidan Rəşidova (I kurs), BMA-nın magistr tələbələri Günel Hacıyeva (II kurs) və Nərminə İsmayılova (I kurs) iştirak etdilər. Onlar Friderik Şopenin Ballada N.3, Skerzo N.2, etüd N.8 op.10, İohan Sebastian Baxın “Y.T.K” klavirinin l cildindən Prelüdiya və Fuqa Cis dur, Robert Şumanın “Kinderszenen”, İohan Bramsın “Macar rəqsi”ni, Ferens Listin f-moll etüdünü ifa etdilər.
İş prosesində Olivye Qardon öz bilik və təcrübəsini gənc ifaçılarla bölüşdü. Gənc azərbaycanlı musiqiçilər pianoçu və müəllim Olivye Qardondan dəyərli məsləhət və tövsiyələr aldılar.
Qeyd edək ki, tədbirdə Alfred Korto adına Ali Paris Musiqi Məktəbinin professoru Rəna Şereşevskaya da iştirak etmişdir.