16-17 may 2022-ci il
16-17 may 2022-ci il tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Dmitri Sitkovetski ilə görüşlər” layihəsi çərçivəsində müasir dövrün görkəmli musiqiçisi, dirijor və skripka ifaçı Dmitri Sitkovetskinin növbəti dəfə ustad dərsləri keçirildi.
16 may tarixində keçirilən ustad dərsin əvvəlində D.Sitkovetski Əməkdar incəsənət xadimi, professor Kəmalə Neymanova və istedadlı musiqiçilər Üzeyir Mahmudbəyli, Fatimə Nəsirli, Erol Rzayevin ifasında İ.Bramsın Fortepiano kvarteri N.3 (op.60, c moll), Leyla Zeynalova, Osman Mustafazadə, Orxan Cumayevin ifasında F.Mendelsonun Fortepiano triosu N.2 (op.66, c moll) əsərlərini dinlədi.
Sonra BMA-nın I kurs tələbəsi Məhəmməd Cavadov M.Bruxun konsertini (l hissə), I kurs magistr tələbəsi Aytac Kara E.Bloxun "Nigun" pyesini, o cümlədən Bülbül adına OİMM-nın şagirləri Qədir Günəşov L.V. Bethovenin F dur romansını, Gülsüm Cəfərova isə Tartini "Korelli mövzusunda variasiyalar", T.Vitalinin "Çakona" əsərlərini ifa etdilər.
17 may tarixində keçirilən ustad dərsdə isə BMA-nın lll kurs tələbəsi Osman Mustafazadə İ.Bramsın konsertini (III hissə), həmçinin Milli Konservatoriya nəzdindəki Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Nərmin Rəfiyeva F.Mendelsonun e moll konsertini (I hissə), Bülbül adına OİMM-nın şagirləri Xumar Novruzlu YRaff "Kavatina", K.Bom "İntroduksiya və polonez", Aydan Hacıməmmədova H.Venyavskinin konsertini (II, III hissə) səsləndirdilər.
Üç gün müddətində davam edən ustad dərslərdə D.Sitkovetski tələbələrlə ifaçılıq sənətinin sirrlərini bölüşmüş, hər bir musiqiçi üçün ifa zamanı texniki çətinliklərin necə aradan qaldırılması yollarını göstərmişdir. O, həmçinin istənilən bəstəkarın fərdi yaradıcılıq üslubuna yaxından bələd oldub, sonra öyrəndiklərini ifaya tətbiq etməyi tövsiyə etmişdir.