25 aprel 2022-ci il
25 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans zalında "Barokko günləri" Beynəlxalq musiqi festivalı çərçivəsində Teatro dell'Opera (Roma), San Carlo (Napoli), Teatro Comunale (Bologna) və digər teatrların Accademia D'arte Lirica (Osimo) kimi dünyaca məşhur təhsil ocağının bədii rəhbəri, dünya şöhrətli musiqi xadimi, professor Vincenzo De Vivonun ustad dərsi keçirildi.
Ustad dərsdə Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımovanın, Xalq artisti Gülnaz İsmayılovanın, Əməkdar artist İlham Nəzərovun tələbələri-Öztürk Adelin, Sübhan Rüstəmov, Leyla Baxışova, Emin İsmayıl, həmçinin BMA-nı müxtəlif illərdə bitirən məzunlar da iştirak etdilər.
İfaçılar G.F.Hendelin "Alcina" operasından Ruqqiyeronun ariyası, G.F.Hendelin "Yuli Sezar" operasından Sestonun ariyası, V.A.Mosart "Fiqaronun toyu" operasından Contessanın ariyası, F.Durante "Danza, danza fanciulla gentile..." əsərlərini ifa etdilər.
Ustad dərs üç saatdan çox davam etdi.
Bu müddət ərzində V.Vivo gənc musiqiçilərə barokko dövrünün musiqi əsərlərini ifa edərkən, həmin dövrün bədii üslubunun xüsusiyyətlərini, bəstəkarların yaradıcılığını yaxından öyrənməyi, ifa zamanı düzgün nəfəs texnikası, sözlərin tələffüzünə diqqətlə fikir verməyi, eyni zamanda hər bir ifaçıya fərdi yanaşaraq öz tövsiyələrini verdi.