19 aprel 2022-ci il
19 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyıi adına Bakı Musiqi Akademiyasında Beynəlxalq müsabiqələr laureatı, Köln (Almaniya) Musiqi Akademiyasının dosenti, pianoçu Toğrul Hüseynlinin açıq dərsi keçirildi.
T.Hüseynli 1994-cü ildə Bakı şəhərində anadan olmuş, 2 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunu olmuş, təhsil illərində Azərbaycan Respublikası Prezidenti təqaüdünə layiq görülmüşdür. 2010-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 1 il təhsil aldıqdan sonra Almaniyanın Köln şəhərində Musiqi Akademiyadına ən yüksək giriş balı ilə daxil olmuşdur. Bakalavr və magistr təhsilini ən yüksək nəticə ilə tamamlayaraq Avstriyanın Motsarteum Musiqi Akademiyasında professor P. Girilovun sinfində doktoranturada təhsili almışdır. Dünya şöhrətli professorlar V. Labanov, A. Frölih kimi musiqiçilərin tələbəsi olmuşdur. 2005-ci ildən müxtəlif nüfuzlu Beynəlxalq müsabiqələr və festivalarda iştirak etmiş və bir çox müsabiqələrin qalibi olmuşdur. Vətənimizi ölkə hüdudlarından kənarda uğurla təmsil etmişdir.
İstedadlı pianoçu hazırda Almaniyanın Köln Musiqi Akademiyasında dosent vəzifəsində fəaliyyət göstərir.
Açıq dərsdə Bakı Musiqi Akademiyasının lV kurs tələbəsi Leyla Cavadova, l kurs tələbəsi Ayan Aslanova, lV kurs tələbəsi Rəşid Behbudov, ll kurs tələbəsi Rəşad Ağayev, lll kurs tələbəsi Məryəm Məmmədova, Bülbül adına OİMM-nin VIII sinif şagirdi Əli Vəliyev iştirak etmişlər.
İfaçılar R.Şumanın “Fantaziya”sının l hissəsini, F.Şopenin fortepiano və orkestr üçün 1 saylı Konsertinin l hissəsini, F.Şopenin 1 saylı Skertsosunu, V.A.Motsartın C dur Variasiyalarını, N.Metnerin “Nağıllar”ını (op.26. no 1,2), İ.S.Baxın MTK məcmuəsinin ll cildindən e moll "Prelüd və fuqa"sını, F.Listin f moll "Xromatik etüd"ünü ifa etdilər.
Ustad dərs üç saatdan çox davam etdi.
Bu müddət ərzində T.Hüseynli gənc musiqiçilərə istənilən əsəri ifa etmədən öncə, bəstəkarın həyatını, yaşadığı dövrü öyrənməyi məsləhət görmüş, sonra öyrəndiklərini əsərdə tətbiq etməyi tövsiyə etdi. Pianoçu hər tələbənin ifa imkanlarını nəzərə alaraq, onlarla əsər üzərində düzgün işləmə metodları haqqında söhbətlər apardı. Maraqlı təfsiri ilə ifa olunan əsərlərin obrazlar aləmini, ifa üslubunu daha da zənginləşdirmiş oldu.