26 oktyabr - 06 noyabr 2021-ci il
26 oktyabr - 06 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilmiş “Jazzery Voices” layihəsi çərçivəsində İliya adına Tbilisi Dövlət Universitetinin estrada-caz fakültəsinin müəllimi, caz tədqiqatçısı, caz ifaçılığı və bəstəçiliyi üzrə fəlsəfə doktoru İrina Ebralidze tərəfindən 1 noyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans zalında caz-vokal ifaçılığı üzrə “Caz standartları üzərində çalışmanın əsasları” mövzusunda ustad dərsi keçirildi.
İlk öncə "Musiqi nəzəriyyəsi" kafedrasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva ustad dərsdə iştirak edən hər kəsi salamlayaraq, "Jazzery Voices" layihəsi, İrina Ebralidze haqqında məlumat verərək, çıxış edən ifaçıları tamaşaçılara təqdim etdi.
Ustad dərsi Beynəlxalq caz festivalları laureatı Əfqan Rəsulun müşayiətilə Azərbaycan Milli Konservatoriyasının "Populyar musiqi və caz
ifaçılığı" ixtisasının ll kurs tələbəsi Babək Quliyevin (Ray Charles "Georgia on my mind"), Azərbaycan Milli Konservatoriyasının "Populyar musiqi və caz ifaçılığı (vokal)" ixtisasının ll kurs tələbəsi Aynel Mehdiyeva (Duke Ellington "Satin Doll") və Sumqayıt Musiqi Kollecinin Skripka ixtisası üzrə məzunu, 2018-2019-cu illərdə Bakı Caz Festivalı çərçivəsində Caz müsabiqəsinin diplomantı, 2021-ci ildə eyniadlı müsabiqənin lll pilləsinə layiq görülmüş Əsmər Nəcəfovanın ifalarında caz kompozisiyaları (Lester Young "All of me") səsləndirildi.
İrina Ebralidze hər ifaçını diqqətlə dinlədikdən sonra ifaçıların xırda nöqsanlarını düzəltməyə çalışdı və hər bir tələbəyə öz tövsiyə və məsləhətlərini də verib, onlara uğurlar arzu etdi. O, parlaq müşayiətinə görə Əfqan Rəsula da dərin minnətdarlığını bildirdi.
Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və b. tədris müəssisələrinin tələbələri də ustad dərsdə iştirak edirdilər.
Qeyd edək ki, layihə çərçivəsində yetkin və gənc nəsil ifaçılarının konsertləri, caz vokal ifaçılığı üzrə ustad dərsi, Elmi-yaradıcı Konfrans və Qala-konsert keçiriləcəkdir. Konsertlər Beynəlxalq Muğam Mərkəzində baş tutacaqdır.