• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 oktyabr 2025-ci il

    31 oktyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyəti “Milli musiqimizin iki zirvəsi – Dahilərdən gələcəyə” adlı tələbələr arasında elmi müsabiqə həyata keçirildi. 
    Müsabiqənin münsiflər heyətində Ü.Hacıbəyli adına BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, Ü.Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, Əməkdar müəllim, sənətşünaslıq doktoru Gülzar Mahmudova, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Könül Nəsirova, həmçinin Tələbə Elmi Cəmiyyətinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva çıxış etdilər.
    Müsabiqə çərçivəsində TEC-in sədri Minaxanım Babayeva “ALLEGRO” qəzetinin ikinci buraxılışını professor-müəllim heyətinə, eləcə də tələbələrə təqdim etdi. O, qəzetin səhifələrində müxtəlif mövzulara müraciət edən tələbələrin yazılarının musiqi elmimiz üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı və qəzetin böyük həvəslə hazırlandığını qeyd etdi.
    Daha sonra M. Babayeva çıxışını davam etdirərək müsabiqənin keçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğuladı.
    Müsabiqə Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olmasının 140 illiyinə həsr olunmuşdu. Müsabiqə Ü.Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başladı və Üzeyir bəyin musiqişünaslıq elmi üçün dəyərli fikirləri slayd şəklində nümayiş etdirildi.
    Müsabiqədə “Tarix-nəzəriyyə” fakültəsinin bakalavr və magistr pilləsində təhsil alan tələbələri öz elmi məqalələri və təqdimat videoları ilə çıxış etdilər. Çıxışlarda hər iki dahi sənətkarın həyat və yaradıcılığı, eləcə də onların musiqi irsinin müxtəlif istiqamətləri ətraflı şəkildə təqdim olundu.
    Sonda müsabiqədə iştirak edən tələbələrin çıxışları və təqdim olunan məqalələr münsiflər heyəti tərəfindən müzakirə olundu.