31 yanvar 2025-ci il
Azərbaycanlı Gənc Pianoçu Beynəlxalq Müsabiqədə Uğur Qazanmışdır
2025-ci il 17-31 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində “Fujairah International Piano Competition” VI Beynəlxalq Piano Müsabiqəsi keçirildi.
Qeyd edək ki, müsabiqənin Azərbaycanda keçirilən dinləyişində Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova münsiflər heyətinin üzvü olmuş, Fujairah şəhərində keçirilən müsabiqədə isə Azərbaycan üzrə fəxri qonaq qismində iştirak etmişdir. BMA-nın “Kamera ansamblı” kafedrasının müdiri, professor Kəmalə Neymanova müsabiqənin qrup rəhbəri təyin olunmuşdur.
Müsabiqənin əhəmiyyəti ondan ibarətdir ki, təşkilatçılar müxtəlif ölkələrə səyahət edərək, ən istedadlı pianoçuları seçir və onların bütün xərcləri Fujairah şəhərinin vəliəhdi Sheikh Mohammed Bin Hamad Al Sharqi tərəfindən maliyyə dəstəyi ilə qarşılanır.
Azərbaycanda keçirilən dinləyişdən seçilən istedadlı üç ifaçı bu mötəbər müsabiqədə ölkəmizi təmsil etmişdir:
B qrupu – Mədinə Nurəliyeva
C qrupu – İnci Həsənli
D qrupu – Vurğun Vəkilov
Təmsilçilərimiz birinci turda uğurlu çıxış edərək, növbəti mərhələyə yüksəldilər.
Müsabiqənin münsiflər heyəti dünyanın ən nüfuzlu musiqiçilərindən ibarət olmuşdur. Münsiflər heyətinin sədri Moskva Dövlət Konservatoriyasının professoru Natalya Trull; Brüssel Royal Konservatoriyasının rektoru, professoru Olivia Wahnon, Qahirə İncəsənət Akademiyasının rektoru, professor Ghada Gobbara, Francesco Cipoletta, İlya Kondratiev, Oleg Polianskyi, Olivier Cazal, Sayyora Gafurova mötəbər tədbirdə münsiflər arasında yer almışlar.
Sevindirici haldır ki, İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi İnci Həsənli (müəllim: professor Kəmalə Neymanova) II turda uğurla çıxış edərək, pul mükafatı və motivasiya diplomu ilə təltif olunmuşdur. Bu il müsabiqədə çox güclü ifaçıların iştirak etməsinə baxmayaraq, İnci Həsənlinin öz yaşıdları arasında layiqli yer tutması, Azərbaycanın fortepiano məktəbinin yüksək səviyyəsindən xəbər verir.
???????? Azərbaycanlı gənc musiqiçilərin beynəlxalq arenada böyük müvəffəqiyyət qazanması ölkəmizin zəngin musiqi ənənələrinin dünyada tanınmasına zəmin yaradır.
???? İnci Həsənlini və digər iştirakçılarımızı təbrik edir, onlara yeni uğurlar arzulayırıq!