• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16-18 oktyabr 2023-cü il 

    2023-cü il 16-18 oktyabr tarixlərində Litvanın Vilnüs şəhərində V Beynəlxalq “World Harmony” gənc ifaçıların müsabiqəsi keçirildi.

    Üç gün davam edən müsabiqədə respublikamızın və dünyanın müxtəlif ölkələrindən ifaçılar iştirak etdilər. 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri müsabiqədə uğurla çıxış etdilər. Belə ki, Nəriman Məsimov Gran Pri (fortepiano 4-cü kurs), İlqarə Talıbova  l yer (fortepiano 4-cü kurs), Fidan Muxtarova və Nurel Kərimova ll yer (fortepiano 2-ci kurs), Fatimə Hacizadə lll yerə layiq görüldülər (fortepiano 4-cü kurs) və Əli Vəliyəv (Bülbül adına orta ixtisas məktəbinin şagirdi) Gran pri mükafatını qazandılar.

    Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin üzvü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tədris işləri üzrə” prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva idi. Məhz onun yüksək peşəkarlıqla apardığı iş fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın gənc musiqiçiləri ölkəmizə uğur qazandırdılar. 

    Müsabiqənin sonuncu günü Qala konsertdə N.Quliyevanın tələbəsi Nəriman Məsimov Tofiq Quliyevin “Qaytağı” əsərini yüksək peşəkarlıqla ifa etdi. 

    Sonra Azərbaycan Respublikasının Litvadakı səlahiyyətli səfiri cənab  Tamerlan Quliyev gənc musiqiçilər ilə görüş keçirdərək, müsabiqə ilə yaxından maraqlandığını və istedadlı gənclərə hər zaman dəstək olduğunu vurğuladı.