• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 aprel  2023-cü il 

    10-20 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında IV Respublika Müsabiqəsi keçirildi.

    Müsabiqə 2 turdan ibarət olaraq, dörd yaş qrupu üzrə “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal”, “Xalq çalğı alətləri” ixtisasları üzrə aparıldı.

    I, ll, lll yaş qrupu üzrə ifaçıların müsabiqəsi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində baş tutdu.

    14 aprel 2023-cü il tarixində lV yaş qrupu üzrə olan ifaçıların  müsabiqəsi isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirildi.

    Müsabiqənin münsiflər heyətinin üzvləri sırasında Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar müəllim, “İxtisas Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi yer almışlar.