• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 oktyabr 2022 il

    “Islam Dünyası” gənc klassik musiqi ifaçılarının XI beynəlxalq müsabiqəsində məktəb-studiya şagirdinin qələbəsi

     Bu yaxınlarda yekunlaşan İSESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, o cümlədən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi “İslam Dünyası” gənc klassik musiqi ifaçılarının XI Beynəlxalq müsabiqəsində məktəb-studiyanın fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Hüseyn Quliyev fortepiano nominasiyası üzrə Birinci yerə layiq görülmüşdür. 20 yaşadək gənc klassik musiqi ifaçılarının qatıldığı Beynəlxalq müsabiqədə 10-a yaxın ölkədən 2 yaş qrupu (böyük və kiçik) olmaqla, 2 nominasiya uğrunda mübarizə aparılırdı. Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş müsabiqə özlüyündə böyük maraqla qarşılanmışdır.

    Müsabiqənin beynəlmiləl tərkibli münsiflər heyətinin sədri Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova balaca Hüseynin ifasından danışarkən qeyd etmişdir: “Hər il keçirilən bu müsabiqə yeni gənc adlar kəşf edir. Bu dəfə BMA-nın Məktəb-studiyasının yetirməsi Hüseyn Quliyev, gənc yaşına baxmayaraq, daxili xarizması, parlaq artistizmi, özünəməxsus ifası və əsərlərin dramaturgiyasına dərindən nüfuz etməsi ilə dinləyiciləri valeh etmişdir. Beynəlxalq münsiflərin bütün üzvləri yekdilliklə gənc istedadın yaşına uyğun olmayan virtuoz imkanlarını vurğulayaraq, onun musiqi-ifaçılıq sənətində parlaq gələcəyini proqnozlaşdırmışdılar”.

    Şagirdi Hüseyn Quliyevin “İslam Dünyası” gənc klassik musiqi ifaçılarının XI Beynəlxalq müsabiqəsinə qatılmaq və özünü sınamaq təklifi Fəqan Həsənliyə müəllimi professor T.Seyidovdan gəlir. Qısa zaman kəsiyində, təxminən müsabiqədən bir ay öncə yarışma üçün ciddi hazırlıqlara başlayan Hüseynin proqramına İohann Sebastyan Bach`ın prelüdiya və fuqası, Fikrət Əmirovun variasiayaları və Carl Czerny`nin əsərləri daxil idi.

    Qeyd etmək lazımdır ki, bu yarışma H.Quliyevin iştirakçısı və qalibi olduğu ilk beynəlxalq müsabiqədir. Professor Tərlan Seyidovun “məktəbin”də təhsil almış Fəqan Həsənli qeyd edir ki, 6 yaşından musiqi ilə məşğul olmağa başlayan Hüseynin güclü yaddaşı var və kamil eşitmə bacarığına malikdir. Hüseynin bir pianoçu kimi öz üzərində ciddi əzm və həvəslə çalışması müəllimini daha da fərəhləndirir və onunla daha da maraqlı və mürəkkəb əsərlər üzərində çalışmağa stimul yaradır. Belə ki, Hüseyn paralel olaraq bəstəkarlıqla da məşğul olur.

     

    Günay Məhyəddinli

    BMA-nın məktəb-studiyasının müəllimi