2-9 may 2022-ci il
2022-ci il 2-9 may tarixlərində Türkiyənin Antalya şəhərində X beynəlxalq “Harmony” müsabiqəsi keçirildi.
Hər il bu tədbir dünyanın hər yerindən ən yaxşı peşəkar gənc ifaçıları bir araya gətirir. Müsabiqənin yubiley ili bu dəfə də istisna olmadı. Müsabiqə iştirakçılarının ifaçılıq ixtisasları ilə bağlı müxtəlif nominasiyalarda Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, İran, Litva, Ermənistan və təbii ki, Azərbaycan kimi ölkələr təmsil olunmuşdur. Qeyd edək ki, bu müsabiqə onlayn və oflayn olmaqla iki formatda keçirilib. Peşəkar ifaçılar arasında əsas mübarizə üç kateqoriya üzrə təqdim olunan müsabiqənin oflayn hissəsində cərəyan etdi: vokal, fortepiano və fortepiano dueti.
Son dərəcə sevindirici haldır ki, bu üç əsas nominasiyanın hər birində Azərbaycan musiqiçiləri nüfuzlu beynəlxalq musiqi məkanında yüksək milli ifaçılıq ənənələri nümayiş etdirərək böyük qələbə qazanıblar. Müsabiqənin nəticələrinə görə, fortepiano nominasiyası üzrə l yer Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Zəhra Cahan Şıxəliyeva və Rəşad Ağayev arasında bölüşdürülüb. ll yer - BMA-nın tələbələri Elmar Hüseynov və Nərmin İbrahimova. III yer - BMA-nın tələbəsi Arian Qəhrəmani (İran) və Sumqayıt şəhər musiqi məktəbinin şagirdi Aytac Vəlizadə.
Müsabiqənin nəticələrinə görə fortepiano dueti nominasiyasında ölkəmizdən olan 2 duet BMA-nın müəllimləri Sevda Məmmədli və Vüsalə Babayeva, həmçinin BMA-nın tələbələri Cəmalə Abdinzadə və Əzizə Ağazadə öz aralarında birinci yeri bölüşüblər. Vokal nominasiyasında da ən yaxşı Azərbaycan təmsilçisi, BMA-nın tələbəsi Aqşin Xudaverdiyev olub. Onu da qeyd edək ki, bu mötəbər beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvlərindən biri də BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva olub.