• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 aprel 2021-ci il

    BMA-nın məktəb-studiyası “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” Beynəlxalq onlayn-müsabiqəsini təşkil edir

    Eksperimental tədris müəssisəsinin bərqərar olunmuş ənənələrinini qoruyub saxlayan,  müntəzəm olaraq yaradıcılıq yenilikləri ilə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası  növbəti dəfə Beynəlxalq müsabiqənin keçirilməsini planlaşdırır. Bu müsabiqə BMA-nın məktəb-studiyasının 40 illik yubileyinə həsr olunub.

    “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” Beynəlxalq müsabiqəsinin keçirilməsi 15 – 30 iyun 2021-ci il tarixlərinə təsadüf edəcəyi nəzərdə tutulub. Müsabiqə iştirakçılarının çıxışları onların təqdim etdikləri videoyazı əsasında qiymətləndiriləcək. Müsabiqə layihəsinin müəllifi BMA-nın məktəb-studiyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov, təşkilat komitəsi və münsiflər heyətinin sədri BMA-nın rektoru, SSRİ və AR Xalq artisti, professor Fərhad Bədəlbəylidir.

    Müsabiqə iştirakçıların qarşısına qoyulan tələb – musiqi ədəbiyyatı fənnindən tədris olunan mövzulardan  hər hansı birini həmin müsabiqədə təqdim etməkdir. Məruzə instrumental musiqinin fraqmentlərini fortepianoda (və ya digər musiqi alətində) ifa etmək və ya vokal musiqini öz müşayiəti ilə oxumaqla təsvir olunmalıdır.

    Bundan əvvəl keçirilən akademik, caz və xalq musiqisi ifaçılığına həsr olunmuş müsabiqədə olduğu kimi, hazırki müsabiqənin də metodik əhəmiyyəti ilk öncə musiqi fənlərinin inteqrallaşdırılması (birləşməsi), yəni nəzəri (musiqi ədəbiyyatı, solfecio, Azərbaycan xalq yaradıcılığı) və ifaçılıq musiqi fənləri arasında qarşılıqlı əlaqənin tapılması və tətbiq edilməsidir. Qeyd edək ki, BMA-nın məktəb-studiyasında dərs prosesi zamanı “inteqrallaşdırma” metodikasından geniş istifadə olunaraq, musiqi ədəbiyyatı fənni tədrisində solfecio fənninin mövzularına müraciət olunur (intervallar, akkordlar, sekvensiyalar, modulyasiyalar və s.) və yaxud, solfecio, ifaçılıq fənni dərslərində müxtəlif musiqi əsərlərindən (Azərbaycan və ya xarici musiqi) nümunələr göstərilir.

    Əlbəttə ki, qeyd olunan səpgidə tədrisin təşkil olunması dərs prosesinin daha da maraqlı və perspektivli olmağına zəmin yaradır. Nəzərə almalıyıq ki, müasir dövrdə geniş informasiya axınına məruz qalan gənc nəslin diqqətini cəlb etmək o qədər də asan deyil, məhz bu səbəbdən bütün sahələrdə innovasiyalara ehtiyac var.

    Müxtəlif tədris fənlərinin prinsipləri sintezi üzərində qurulmuş inteqrallaşdırılmış dərs təhsil alan şəxsin analitik fəaliyyətini stimullaşdırır, biliyinin bir sahədən digər sahəyə yönəldilməsi bacarığını formalaşdırır və bu üsul öz növbəsində fənlərarası əlaqələrin inkişafına, tədris prosesinin sistemli olmasına imkan yaradır.    

    “İnteqrallaşdırılmış dərs” anlayışının muisiqi fənlərinin tədris metodikasına daxil edilməsi ilk öncə musiqi təhsil sisteminin mükəmməl inkişafının təməlini qoyur və eyni zamanda gələcək musiqiçinin istedadının hərtərəfli formalaşmasına təsir edir. 

    Qeyd etməliyik ki, beynəlxalq forumun keçirilməsi müxtəlif ölkələrin mədəni ənənələrinin yaxınlaşması və qarşılıqlı zənginləşməsi prosesinin yeni pilləyə qalxmasına imkan yaradacaq, eyni zamanda bizim musiqi məktəb və kolleclərimizdə təhsil alan şagird və tələbələrimizin hansı dərəcədə müasir Azərbaycan və xarici musiqi mədəniyyətini mənimsəmələrini öyrənməyimizə kömək edəcək.  

    Üzeyir Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası elmi-metodiki işlərin aktual problemlərinə, kompleks təhsilin yeni formalarına toxunaraq böyük şövqlə yeni-yeni axtarışlara və kəşflərə doğru gedir.

    Müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün BMA-nın rəsmi saytına daxil ola bilərsiniz: http://musicacademy.edu.az

    Sənədlərin qəbulu 30 may tarixinə qədərdir.

    Şəfəq Hacıyeva

    musiqişünas