• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 yanvar 2021-ci il

    Klassik, xalq və caz musiqisi tandemi

    BMA məktəb-studiyasının 40 illiyinə həsr olunmuş 

    Beynəlxalq müsabiqənin nəticələri yekunlaşdırılıb

     Ölkəmizdə Zəfər ilinin başa çatması  musiqi sənəti aləmində uğurlu hadisə ilə əlamətdar olmuşdur. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, onun praktiki və elmi-eksperimental laboratoriyası – Orta ixtisas musiqi məktəb-studiyası – akademik (klassik), xalq və caz musiqisi ifaçılarının məktəb-studiyanın yaranmasının 40 illiyinə həsr olunmuş ilk beynəlxalq internet-müsabiqəsini keçirmişdir.

    Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə keçirilən müsabiqə üç mürəkkəb və müxtəlif istiqaməti – akademik (klassik), xalq və caz musiqisini birləşdirdi. Ancaq bu müsabiqənin özünəməxsusluğu təkcə bu üç istiqamətin tandemində deyil, həm də burada musiqiçilərin yaş həddinə məhdudiyyət qoyulmadan iştirak etmələrindədir.

    İştirakçılar Azərbaycan, Türkiyə və Rusiyanın görkəmli sənət xadimləri timsalında sərt və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirildi.

    Onlar arasında Atatürk Universitetinin professoru, pianoçu Həqiqət Məhərrəmova, Maqnitoqorsk Konservatoriyasının professoru, Rusiya Federasiyasının Əməkdar artisti, müğənni İrakli Qventsadze, Samara Dövlət Mədəniyyət İnstitutunun fortepiano kafedrasının müdiri, dosent Tatyana Svitova, Başqırdıstan Respublikasının Əməkdar incəsənət xadimi, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət Akademiyasının nəfəs və zərb alətləri kafedrasının müdiri, professor Lidiya Fomenko, Bakı Musiqi Akademiyasının professorları Xuraman Qasımova, Nərminə Quliyeva, Nəzmiyyə Abbaszadə, Nəzakət Rimazi, Elnarə Məmmədova, dosent Anar Məmmədov, Milli Konservatoriyanın dosentləri Yusif Vəliyev və Elşən Mansurov, BMA məktəb-studiyasının müəllimləri Ofeliya Axundova, Gülnarə Quliyeva və Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimiLalə Hüseynovaolmuşlar.

    Müsabiqə həm gənc musiqiçilər – musiqi məktəbləri və konservatoriyalarının tələbələri, həm də püxtələşmiş mütəxəssislər – müsabiqənin yuxarı yaş qrupu iştirakçıları arasında böyük marağa səbəb oldu. Bunu dünyanın 9 ölkəsindən: Azərbaycan, ABŞ, Avstriya, Türkiyə, İran, İsrail, Rusiya, Ukrayna, Qazaxıstandan daxil olan 150-dən çox müraciət sübut edir.

    İştirakçıların sayına görə pianoçular daha geniş tərkiblə təmsil olunurdu. Klavişli alətlər – "Fortepiano" və "Orqan" – nominasiyaları üzrə 85 iştirakçıdan 8 ifaçı birinci dərəcəli laureat adına layiq görülmüşdür. Orkestr alətləri ixtisaslarına görə 4 violin, 1 arfa, 2 klarnet, 4 fleyta, 1 zərb alətləri, 8 vokal ifaçısı qalib gəlmişdir.

    Pianoçularımız arasından BMA-nın məzunu və məktəb-studiyasının keçmiş tələbəsi Vüsalə Babayeva (pedaqoq professor N.Quliyeva), məktəb-studiyanın 9-cu sinif şagirdi Nurel Kərimova (pedaqoq N.Mansurova) xüsusilə fərqləniblər. Astaradan olan iştirakçı Aysu Mustafazadə (pedaqoq A.Dadaşova) öz ifası ilə sevindirmişdir.

    Laureatlar Sumqayıt Musiqi kollecinin tələbəsi Həmidə Süleymanova, Nərmin Hüseynli, Xənna Quliyeva və № 2 Uşaq İncəsənət Məktəbinin tələbəsi Büta Maqsudovanın yüksək hazırlığını xüsusi qeyd etməliyik. Onların hər dördü bir müəllimdən T.Abdullayevadan dərs alır.

    Təlimçilər arasından BMA-nın dosenti Q.Mirzəyeva (Bülbül adına məktəbin şagirdi Əli Vəliyev), Azərbaycanın Əməkdar müəllimi K.Əmirova (G.Şaroyev adına məktəbin şagirdi Cəlalə İsmayılzadə), professor E.Kəbirlinskaya (BMA-nın tələbəsi Jalə Mailova), X.Usubova (Gəncə, şagird İlqar Bədəlli ), E.Süleymanova (№ 36 musiqi məktəbinin şagirdi Nuray Zeynallı) və başqaları yüksək səviyyəli iş nümayiş etdirdilər.

    Violin ifaçılarının uğurları aşağıdakı kimi təqdim edildi. Birinci dərəcəli laureatlar Bülbül adına məktəbin şagirdləri Surə Həsənli (pedaqoq F.İdiatullina) və Kənan Məmmədzadə (pedaqoq N.Eyvazov), BMA-nın tələbəsi Nigar Əsgərova (professor F.İdiatulinanın sinfi) olmuşlar.

    Məktəb-studiyanın şagirdi Emil Hüseynov ikinci dərəcəli laureat adına (pedaqoq N.Salamzadə) layiq görüldü.

    Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək laureatların sayı da artırılır, nəfəs və zərb alətləri sinfi klarnet ifaçıları – Asim Rzazadə (G.Şaroyev adına məktəb, pedaqoq V.Məmmədov), Orxan İbrahimov (BMA, pedaqoq dosent F.Məmmədov), fleyta – Məsumə Əliyeva (№ 23 musiqi məktəbi, pedaqoq R.Quliyeva) və zərbli musiqi aləti marimba ifaçısı Məhəmmədəli Ibrahimov (BMA məktəb-studiyası, pedaqoq F.Hüseynov).

    BMA-nın tələbələri fleyta ifaçısı İlahə Məmmədova pianoçu Lalə Gözəlova ilə birlikdə "Ansambl ifaçılığı" nominasiyasında üçüncü yerə (pedaqoq professor T. Babayeva) layiq görüldü.

    Birinci yeri qazanan BMA məktəb-studiyasının şagirdi Teymur Kazımov (O.Axundovanın sinfi) yüksək səviyyədə vokal ifaçılıq sənətinümayiş etdirdi.

    Həmçinin Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının vokal ansamblı iştirakçılarını qeyd edək: Röya Əliyeva, Ellada Fətəliyeva, Aysu Cəbrayılova, Sara Tağızadə, Məhəmməd Səmədov və Müseyib Əsədov. Bu kollektiv pedaqoq V.Cəlilovanın rəhbərliyi ilə üçüncü yeri tutmuşdur.

    Müsabiqənin yekunlarında xarici iştirakçılar da uğurla çıxış etdilər. Bunlar amerikalı pianoçular Ethan Li və Laura Kay (həmyerlilərimiz professor Namiq Soltanov və Nərminə Soltanovanın rəhbərliyi ilə hazırlanırdılar), Saratov Konservatoriyasının fortepiano fakültəsinin tələbələri  Ulyana Nikolayeva və Tatyana Lipanina  (pedaqoq dosent T.Neçayeva),  Ankaradan olan türkiyəli pianoçu Nurnilay Pınar, həmyerlimiz dosent S.Mirzəyeva tərəfindən hazırlanmış, Kiyev Pedaqoji Universitetinin vokal kafedrasının tələbəsi Kamilla İmanova (Ukrayna), İsrailin Hayfa şəhərindən olan ifaçılar Yefim Edelşteyn və Vladislav Estrin, L.M.Rostropoviç adına Orenburq Musiqi Kollecinin vokal şöbəsinin tələbəsi Milana Hümbətzadə və Qazaxıstandan olan gənc ifaçı Günel Şirinova (pedaqoq N.Zıkova).

    İrandan olan yeganə iştirakçı pianoçu Rana Heidarian (pedaqoq K.Bokuçava) diplomant adına layiq görülmüşdür. Eyni ad məktəb-studiyanın iki şagirdinə bir nəfər Azərbaycanda “defisitli” ixtisaslar üzrə təmsil olunan blok-fleyta (İnci Cəfərli, müəllim Q.Həsənov) və violonçel ifaçısına (Abdulfariz Məmmədzadə, pedaqoq T.Mustafayeva) verilir.  Fəxri diplomant adı "Xalq çalği alətləri" nominasiyasında yeganə iştirakçı Turqay Ramazanzadəyə də (qarmon, Milli Konservatoriya, pedaqoq H.Dadaşov) verilmişdir.

    "İnstrumental və vokal ansamblları" nominasiyasında üçüncü dərəcəli laureatların diplomlarını “Dolce Vita” qrupunun vokalistləri Hayfadan (İsrail) Elizabet Breytman, Yefim Edelşteyn, Vera Bıxovskaya, Vera Voyxanskaya, həmçinin Saratovdan  fleyta və fortepiano dueti Olqa Skripinskaya və Tatyana Neçayeva almışdır.

    Münsiflər heyətinin yekdil qərarı ilə bu nominasiyada ən yüksək nailiyyət Vyanadan (Avstriya) olan möhtəşəm musiqiçilərin instrumental triosu – Səbinə Həsənova (fortepiano), Cenni Lippl (violin) və Mixa Ferk (saksofon) oldu.

    Ümumiyyətlə dördüncü yaş qrupunda (25 yaş və yuxarı) çıxış edən – Azərbaycanın Əməkdar artistləri, BMA-nın dosentləri, müğənnilər İlham Nəzərov və Fəridə Məmmədova, habelə Türkiyədə yaşayan və çalışan Gülşən İbadova (vokal), pianoçular dosent Samirə Mirzəyeva və Yuri Sayutkin, fleyta ifaçıları Əminə Zülfüqarova  (Azərbaycan),  İnna  Fomenko və onun blok-fleyta üzrə şagirdi (yarışın ən gənc iştirakçısı) Səidə Biqayeva (Başqırdıstan, Ufa), "Orqan" nominasiyasında çıxış edən Nataliya Qolfarb (Rusiya, Saratov)  iştirakı ilə müsabiqənin yaradıcılıq səviyyəsini xeyli artırmıştanınmış sənətkarların adlarını qeyd etmək olar.

    Gözəl  pianoçu, BMA-nın fortepiano kafedrasının müəllimi, keçmişdə məktəb-studiyada baza musiqi təhsili almış Zərif Kərimova təkcə pianoçu kimi deyil, həm də bəstəkar kimi çıxış etdi. O, öz müsabiqə proqramına fortepiano üçün Sonata və "Sona xanım"  Azərbaycan xalq mahnısının konsert işləməsini daxil etmişdir.

    İştirakçıların bu qədər geniş coğrafiyası, müxtəlif alətlər və nominasiyalar, yubiley musiqi forumumuza peşəkarların marağının artması böyük əhəmiyyət kəsb edir.

    Müsabiqənin nəticələri ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rəsmi saytında tanış olmaq mümkündür:

    http://musicacademy.edu.az/kheberler/musabigeler/2404-musabiqe-30dekabr-2020.html

    Tərlan SEYIDOV,

    Akademik, milli, caz ifaçılarının

    Birinci Beynəlxalq müsabiqəsi

    layihəsinin müəllifi və münsiflər heyətinin həmsədri,

    BMA məktəb-studiyasının təsisçisi və direktoru,

    Əməkdar incəsənət xadimi, professor