• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 dekabr 2020-ci il

    Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov

    Cəbrayılova Saniyə

    “Tarix-nəzəriyyə” fakültəsi

    Musiqişünaslıq ixtisası IV kurs

    Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov

    29 dekabr 1973-cü ildə Dəvəçi (indiki Şabran) şəhərində dünyaya gələn Roman Yasəf oğlu Yusifov Vətən üçün böyümüşdü.

    Roman dəftər-kitabdan çox idmana, xüsusən də güləşə meyl salmışdı. O, öz əli ilə düzəltdiyi albomda ayrı-ayrı məşhur, adlı-sanlı güləşçilərin qəzet-jurnal səhifələrindən kəsib topladığı şəkillərini yapışdırmışdı. Roman özü isə tanınan idmançı olmadı. Qəhrəman oldu.                                                                                          

    Roman Yusifov Milli Ordu sıralarına həqiqi hərbi xidmətə 1992-ci ilin iyun ayında çağırılmışdı. Döyüş yolu Sədərəkdən başlamışdı. Erməni işğalçılarına qarşı torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə boğazından ağır yara almışdı. Naxçıvanda hospitalda müalicə olunan Roman yaralandığını bir müddət evlərindən, ata-anasından gizlətmişdi. O, valideynlərini nigaran qoymaq istəməmişdi.    

    Sədərəkdən sonra Romanın döyüş yolu az qala bütün cəbhə bölgələrindən keçmişdi. Füzuli, Tərtər, Kəlbəcər, Ağdam və başqaları. Roman yaşıdlarının, əsgərlərimizin cəsarətinə, mərdliyinə inanırdı. Elə onun özünün də cəsurluğu komandirlərinin diqqətindən yayınmamışdı. Romanı təhsil almaq üçün qısa müddətli zabitlər kursuna göndərmişdilər. Kursu müvəffəqiyyətlə bitirən kiçik leytenant Roman Yusifovu taqım komaniri təyin etmişdilər.        

    Romanın komandiri olduğu əsgərlər danışırdılar ki, erməni işğalçıları ilə hər bir döyüşə cəsarətlə atılardıq. Döyüşdən əvvəl komandirimiz bizi sağ qalacağımıza inandırırdı. Qorxmayın, sizi mən qoruyacağam, deyərdi, çünki komandirinizəm! Ata-analarınızın da qabağında cavabdehəm, amma mənim başıma bir iş gəlsə, qanımı yerdə qomayın!

    Bu sadə əsgər qəlbində anaya, doğma Vətənə məhəbbət sonsuz imiş! Roman doğulduğu yeri-yurdu tanıtdı, adını uca tutdu. Cəsur oğul Roman Yusifov da doğulduğu yerin adını böyüdən mərd, qeyrətli oğullardan biri oldu.

    Fiziki cəhətdən sağlam və gümrah olması ona ən çətin hərbi tapşırıqları yerinə yetirməyə imkan verirdi. Hərb sənətini - Vətəni, xalqı, dövlətçiliyi qorumaq elmini həvəslə təmkinlə öyrənirdi.

    Vaxtilə ümum milli liderimiz Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı apardığımız haqq mübarizəmiz haqqında xalqa müraciətlərinin birində deyib: “Biz Vətən müharibəsi aparırıq”.

    Roman müqəddəs torpaqlarımız uğrunda mübarizədə öz izini qoydu, öz hünər salnaməsini yaratdı.

    Böyük şairimiz M.Araz nə gözəl yazıb:

    Vətən mənə oğul desə nə dərdim,

    Mamır olub qayasında bitərdim...

    Xalqımızın qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” boylarında elin qədim adətlərindən çox söz-soraq verilir. Biri budur: “O zamanlar bir gənc hünər göstərməsə, qan tökməsəydi, ad qoymazdılar ona”. Bu qan Vətənin, torpağın birliyi, bütövlüyü naminə tökülməliydi. Yoxsa, o şəxs, o kəs adsız yaşayırdı. İndi o çağlar tarixə dönüb, yaddaşa hopub. Bu qeyrətli Azərbaycan əsgərinin qəhrəmanlığı, igidliyi heç vaxt unudulmayacaq, xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

    Vaxt gələcək Romanın hünər və şücaəti bu günlərin hünər salnaməsi kitabının qızıl səhifələrinə çevriləcək, neçə-neçə əsərin, şeirin mövzusu olacaq. Onun keçdiyi döyüş yolu hər kəs üçün qəhrəmanlıq simvolu, qəhrəmanlıq salnaməsi olacaq. Onun həyatı, Vətənə sevgisi yetişməkdə olan nəsillər üçün bir örnəkdir.

    Qəhrəmanlıq uşaq vaxtından insanla birgə doğulur. O, sonradan qazanılan keyfiyyət deyil. Elə Romanın da təsəllisi bu idi.  Roman qanı bahasına Vətənə məhəbbətini sübut etdi. 1995-ci ilin mart hadisələri zamanı müstəqilliyimizin, dövlətçiliyimizin qorunub-saxlanması yolunda qəhrəmancasına həlak oldu və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Onun ömrü yarımçıq qaldısa da, Vətənə sədaqət kimi əsas, ən əsas sözünü Roman Yusifov qanı bahasına yazdı. Mən qəhrəman həmyerlimin igidliyini heç vaxt unutmayacağam!

     

    İstifadə olunmuş ədəbiyyat siyahısı:

    1. Rizvan Zeynalov “Azərbaycanın Milli Qəhrəmanları” Bakı-1996
    2. Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” Bakı-2010