• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 dekabr 2020-ci il

    Soltan Hacıbəyov yaradıcılığının ümumi xarakteristikası

    Məmmədova Rəşidə

    Tarixi-nəzəriyyə fakültəsi

    Musiqişünas ixtisası IV kurs

    Soltan Hacıbəyov yaradıcılığının ümumi xarakteristikası

    Soltan Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, ictimai xadim kimi daxil olmuşdur. Onun əsərləri respublikamızın musiqi mədəniyyətinə mühüm töhfədir. Nikbinlik, həyatsevərlik, dinamiklik Soltan Hacıbəyovun musiqisinin fərqləndirici xüsusiyyətləridir. Dövrümüzün aktual problemləri, sovet adamlarının çoxcəhətli həyatı, sosializm quruculuğu lövhələri, vətənpərvərlik mövzusu Soltan Hacıbəyovun diqqət mərkəzində durur. Bəstəkar öz əsərlərində şən həyat lövhələrini və yeni həyat qurucularının cəsarətini tərənnüm edir.

    Dünya klassiklərinin, Üzeyir Hacıbəylinin ənənələrini davam etdirərək, Soltan Hacıbəyov bu ənənələri öz yaradıcılığında müasir musiqi dilinin zənginlikləri ilə üzvi surətdə birləşdirir. Bununla birlikdə, bəstəkar həmişə, bütün əsərlərində özü üçün başlıca yaradıcılıq mənbəyi saydığı və gözəl bildiyi milli-xalq incəsənətinə istinad edir.

    Soltan Hacıbəyovun musiqisi zənginliyi ilə, melodiyasının ifadəliliyi, orkestr dilinin parlaqlığı ilə fərqlənir. Orkestrin ifadə vasitələrinə məharətlə yiyələnmiş Soltan Hacıbəyov orkestrin orijinal tembr birləşmələrindən və müxtəlif alətlərin solo çalğısından ustalıqla istifadə edir.

    Soltan Hacıbəyov yaradıcılığında bir çox janrlara müraciət etmişdir. Onun yaradıcılığında simfonik musiqi, simfonik əsərlər daha mühüm yer tutur. Soltan Hacıbəyovun bəzi əsərləri geniş şöhrət qazanmış və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Simfonik orkestr üçün konserti Azərbaycan SSRİ Dövlət mükafatına, "Gülşən" baleti isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

    Böyük Vətən müharibəsi illərində S. Hacıbəyov konsert birliyinin bədii rəhbəri vəzifəsində işləyir. Sovet xalqı üçün ağır olan müharibə dövründə Azərbaycanın bütün bəstəkarları kimi S. Hacıbəyovun da yaradıcılığında vətənpərvərlik və faşizmə qarşı mübarizə mövzusu mühüm yer tuturdu. Bəstəkarın həmin illərdə yazdığı Birinci simfoniyası Q. Qarayevin, C. Hacıyevin simfoniyaları ilə yanaşı, Azərbaycanda simfoniya janrının yaranması faktını göstərən əsərlərin sırasına daxil olmuşdur. Bəstəkarın 1946-cı ildə yazılmış İkinci simfoniyası diplom işi olmuşdur. Sovet vətənpərvərliyi mövzusuna həsr edilmiş bu böyük kamil əsər, bəstəkarın mürəkkəb formaya yiyələnmə ustalığını, ideya-bədii təfəkkürünün yetkinliyini nümayiş etdirdi. Birinci simfoniya kimi, İkinci simfoniya da hərbi-vətənpərvərlik mövzusu ilə bağlıdır.

    40-cı illərin ortasında S. Hacıbəyov Türkmənistan Dövlət Opera və Balet teatrının sifarişi ilə "Kəminə və Qazı” operasını yazmağa başlayır. Təəssüf ki, opera başa çatdırılmamışdır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi də var idi. 1945-ci ildə S. Hacıbəyov onun əsasında “Karvan” simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar “Karvan”-ın yeni redaksiyasını işləmişdir və hazırda əsər həmin redaksiyada ifa olunur.

    1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzu əsasında yazdığı ilk Azərbaycan baleti olan “Gülşən” tamaşaya hazırlanmışdır. 1952-ci ildə balet SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

    Hacıbəyov 1947-ci ildən başlayaraq, bir çox illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1947-ci ildən 1962-ci ilədək M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, sonra isə direktor işləmişdir. 1969-cu ildən 1974-cü ilə qədər o, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur.

      

    Ədəbiyyat siyahısı

    1) Solmaz Qasımova, Nazim Bağırov - Azərbaycan Sovet Musiqi Ədəbiyyatı

    2) İnternet Resursları