8 dekabr 2020-ci il
Məcid Behbudov
Vəlibəyli Vüsalə
Tarixi-nəzəriyyə fakültəsi
Musiqişünas II kurs
“Qarabağın görkəmli musiqi xadimləri”
Məcid Behbudov
Bir Qarabağlı olaraq qeyd etmək istərəm ki, Dağlıq Qarabağ Azərbaycanın ən qədim və gözəl guşələrindən biridir. Azərbaycanın poeziya və musiqi beşiyi olan Dağlıq Qarabağ Azərbaycan Respublikasının əzəli-əbədi torpağı, ayrılmaz tərkib hissəsidir. Əsrarəngiz təbiəti, zəngin mənəvi və mədəni adət-ənənələri olan bir diyardır. Qarabağ həm də bir çox görkəmli Azərbaycan alimlərinin, yazıçısı və şairlərin, rəssam və musiqiçilərin vətənidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Musiqimizin məbədi və beşiyi olan Şuşa Qafqazın Konservatoriyasıdır. Şuşa Konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişdir.
Şuşa – Hacı Hüsünün , Sadıxcanın , Məşədi İsinin , Cabbar Qaryağdıoğlunun , Məşədi Məmməd Fərzəliyevin , Seyid Şuşinskinin , Məşədi Cəmil Əmirovun , Qurban Primovun , bəstəkarlardan Üzeyir Hacıbəyovun , Fikrət Əmirovun , Niyazinin , Əfrasiyab Bədəlbəylinin , Soltan Hacıbəyovun , Əşrəf Abbasovun və muğam ifaçısı Məcid Behbudovun Vətənidir. Bu əlbəttə Şuşa musiqiçilərinin tam siyahısı deyil. Onu sadalamaq üçün daha çox vaxtınızı ala bilərdim. Şübhəsiz ki, bu mövzu bir məruzənin hətta bir məqalənin deyil, böyük tədqiqat əsərinin mövzusudur. Məcid Behbudov muğam Qarabağ məktəbinin görkəmli yetişmələrindən biri olub. Cəlilbəy Bağdadbəyova əsasən Məcid Behbudov xanəndəliyə 1904-cü ildən başlamışdır. Erkən yaşlarından gözəl səsli Məcid Behbudov xüsusi yığıncaq və toy şənliklərində muğam ifası ilə dinləyicilərini heyrətə salıb. Xanəndə kimi Qarabağ və Gəncədə tanınmış sonra isə köçmüş Tiflisdə yaşamışdır.
1910 – cu ildə səsinin yazılması üçün Rigaya dəvət olunmuş, səsi dinlənilmiş və “Grammafon” yazı studiyasında xanəndə Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir sıra muğamlar təsniflər və xalq mahnılarını yazdırmışdır. Məcid Behbudovun repertuarı geniş və zəngin idi. O, “Mirzə Hüseyn Segahı” , “Şüştər” , “Çahargah” muğamlarının ustad ifaçısı kimi tanınmışdır. O, həmçinin insanları yalnız klassik muğam ifaçısı kimi deyil , həm də digər Qafqaz millətlərinin dilində ifaları ilə də özünə cəlb edirdi. Xanəndə Azərbaycan opera sənətinin inkişafında da mühüm rol oynamışdır. O yaradılmış bir neçə muğam opera və operattalarında çıxış etmişdir. Məcid Behbudov Azərbaycan və Qafqaz ölkələrinin şəhərlərində , həm də İranda qastrol səfərlərində olmuş və Azərbaycan muğamını təmsil etmişdir. Məcid Behbudov ömrünün son illərini Qazaxda keçirmişdir. Burada, mədəniyyət evində işləmiş və 40 il Azərbaycan musiqisinə xidmət etmişdir. Bir sıra ləyaqətli davamçılarını yetişdirmişdir. Bütün dünyaya öz səsilə səs salan SSRİ xalq artisti Rəşid Behbudov, xalq artisti Ənvər Behbudov , və Azərbaycan SSRİ – nin əməkdar artisti Nəcibə Behbudova məhz Məcid Behbudovun yetirmələridir. Onlar öz doğma atalarının musiqi irsini daha da inkişaf etdirmişlər. Və o, öz yetirmələrinin əməllərində ölməz olmuşdur.