• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 noyabr 2020-ci il

    Xalq musiqimizin korifeyi Xan Şuşinski

    Adı: Neyjən

    Soyadı: Mustafayeva

    Ali Təhsil Müəssisəsi: Bakı Musiqi Akademiyası

    İxtisas: Musiqişünaslıq

    Kurs: I

    XALQ MUSİQİMİZİN KORİFEYİ XAN ŞUŞİNSKİ

       Çox zaman belə bir ifadə işlədirik: “Mənalı ömür”. Nə dərəcədə düzgündür bu deyiliş? Onu kim yaşayır yaşasın ömür ömürdür. Günlər, aylar, illər sıralanır, gəlimli-gedimli uzun bir yol yaradır. Bu yolun son ucunda durub dünənə baxanda kim nə görür. Xan Şuşinski 78 illik bir yol getdi. Bu ömrün 60 ildən çoxunu sənətə bağladı.

       Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinski 1901-ci ildə dünyaya göz açıb. Əsil adı İsfəndiyardır. İsfəndiyar Aslan oğlu Cavanşirov. Böyük sənətkar Şuşanın bünövrəsini qoyan Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb. Bəs “Xan” niyə? Xan-bəy nəslindən olduğuna görə mi bu adı vermişdilər ona? Hələ 10-12 yaşı vardı. “Cıdır düzü”ndə, “Qaya başı”nda, “İsa bulağı”nda, “Qızıllı qaya”da cilovsuz səsiylə zəngulələr vurardı, onda nə Xan idi, nə də Şuşinski. Qarabağın məlhəmli havasının, gözü gözəlliklə dolduran ormanlarının səs bağışladığı yüzlərlə uşaqdan biri idi – İsfəndiyar Cavanşirov idi.

       İsfəndiyarın sənətə gəlişində Segah İslamın xüsusi rolu olub. Belə ki, Segah İslam (Abdullayev) məclislərin birində səsini bəyəndiyi İsfəndiyarı özünə şagird götürüb. “Xan” ləqəbinin tarixçəsi isə belə olub. Segah İslam tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdəymiş. Məclis arəstə olmamış, ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur. Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı”nı dinləyirlər. Hamının heyranlıqla diqqət kəsildiyi bu ifadan sonra Segah İslam heç kimin gözləmədiyi halda üzünü tutur İsfəndiyara: “Bəlkə sən də bizim üçün “Kürd Şahnazı”nı oxuyasan?” İsfəndiyar 12-13 yaşından başlayaraq, saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını oxudub, onların ifasının ən incə nüanslarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir. Ancaq buna baxmayaraq, İslam Abdullayevin sözünü yerə salmır. Məclis əhli ikinci dəfə “Kürd Şahnazı” dinləməli olur. “Kürd Şahnazı”nı zilə çəkən İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, “əsil xan elə bu imiş ki!”, - deyir. Vəcdə gələn İslam Abdullayevsə, ustad xeyir-duasını verir: “Bu gündən sənin adın oldu Xan Şuşinski”. Illər ötəcək, bu ad xalq üçün o qədər mehriban səslənəcək, o qədər doğma olacaq ki, əsil adı heç yada düşməyəcək. Hətta  dost-tanışları belə əsil adını unudacaq. Xan Şuşinski çox məsuliyyətli insan olub. Püxtələşmiş, tanınmış böyük sənətkar olanda belə, dəfələrlə oxuduğu musiqi nömrəsini ifa edəndə daxili həyəcan keçirdiyi hiss olunub. Xan, səsini qoruyan idi. Səs bir təbiət vergisi idi, düşmüşdü baxtına. O, müəyyən təamlardan, nemətlərdən həmişə özünü təcrid edib. Bunun səbəbini soruşanda isə söyləyib ki, ilahi əmanətinə naxələf çıxa bilmərəm. Xan Şuşinski gənclikdə ona verilən Xan adının məsuliyyətini ömrünün sonuna qədər daşıyıb. O, Azərbaycan musiqisinin həqiqi Xanı olub...

       Xanın oxuduğu, bildiyi havaların hamısı elin sərvəti idi. O, havaları gül-çiçək toplayan kimi Azərbaycanımızın 4 bucağından bir ömür boyu yığmışdı. 200-dən artıq xalq havası bilirdi. Nə lentə yazıldısa, qaldı. Yazılmayanlar isə, Xan Şuşinski ilə birgə əlçatmaz oldu. Lakin topladığı mahnılarla yanaşı özünün də yazdığı mahnılar var idi. Məhz elə bu mahnıların da mayası xalq musiqisindən yoğrulmuşdu: “Şuşanın dağları”, “Qızıl gül”, “Qəmərim”,  “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a ceyran bala” və.s.

       Həyatı boyu xeyirxah, nəcib hisslərlə yaşamışdı. 1923-cü ildən həyatını Bakı ilə bağladı. Bu şəhərdə də dünyadan köçdü. Bu dünyada qalan ən mühüm yadigarları bu şəhərdə qorunmaqdadır. Xan Şuşinski lentə yazılmaga biganə idi. Bəzi lentləri də  təsadüf ucbatından yaranıb. Buna misal Şövkət Ələkbərova ilə oxuduğu Azərbaycanın ilk məşhur dueti “Yaylağı”nı misal göstərmək olar. Xan Şuşinski “Qarabağ şikəstəsi”ni oxumağı çox sevərmiş. Bu sadə insanın öyünməyi də, fəxr eləməyi də kimsəyə bənzəməzdi. Oxuma tariximizdə nadir müğənnilərdən olması, muğam ifaçılığında özünə bir yol yaratması ilə yox, “Qarabağ şikəstəsi”ni oxuması ilə deyil, “O olmasın bu olsun” filmindəki iştirakı ilə qürrələnərdi. Xan Şuşinski bütün növ muğamların mahir ifaçısı idi. O, ritmik muğamları qeyri-adi bir ustalıqla oxuyurdu, dinləyicidə böyük ruh yüksəkliyi oyadırdı. “Mirzə Hüseyn segahı” XVIII əsrdə yaşamış Qarabağın məşhur xanəndəsi Mirzə Hüseynin adı ilə bağlı olsa da, ondan söz düşəndə, Xanın da adı xatırlanır. Adətən də, onu “Mirzə Hüseyn segahı”nın ikinci müəllifi adlandırırlar. Çünki 120-130 il sürən uzun fasilədən sonra bu muğama Xan yenidən “Manəndi müxalif” şöbəsini əlavə edib. Simfonik orkestrin müşayiətilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən xüsusi zövq alırmış. Xüsusən də, “Qaragöz” mahnısını. Yeri gəlmişkən, onu da deyək ki, 1926-cı ildə bəstələnən bu mahnının ilk ifaçısı da elə Xan Şuşinski olub.

       Xan geniş səs diapazonuna sahib olmaqla yanaşı, Azərbaycanın mədəniyyətini bütün dünyaya tanıtması ilə də xalq arasında böyük müvəffəqiyyət qazanmağa nail olub. Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. O, mürəkkəb muğamların mahir bilicisi olub. Xan Şuşinski gözəl qaval çalırdı. O qavaldan yalnız ritm saxlamaqdan ötrü istifadə etmirdi. Bu musiqi aləti mahir xanəndənin alində ram olmuş, avazının yeliylə gah sakit, gah da hərəkətli olurdu. Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi cəmisi 240 dəqiqəlik lent yazısı qalıb.

       “Şuşanın dağları” mahnısının sözləri də Xana məxsusdur. Doğma torpağımızda, Xanın ilahi səsi ilə vəsf etdiyi Şuşa oylağında 28 il idi ki, bəylər, xanımlar yox - həmişə ağlayan, sızlayan, ermənilər yaylayırdılar. Öz içimizdə yaşatdığımız, heç vaxt saya almadığımız, ehtiyatlanmadığımız ermənilər. Bu gün Ali Baş Komandanımız və canlarını vətən üçün qurban verən şəhidlərimiz, döyüşən əsgərlərimiz tarix yazırlar. Qürur və fəxr hissi ilə Azərbaycanımızın bütövlüyünü təmin ediblər. Artıq Qarabağımız – Şuşamız qollarını gen açaraq övladlarını qarşılayır. Bu gün Üzeyir Hacıbəylinin, Xan Şuşinskinin, Soltan Hacıbəylinin, Xurşud  banu Natavan və onların simasında digər görkəmli şəxsiyyətlərin ruhları şaddır. Çoxdan idi ki, Şuşamızın düşmən tapdağı altında qalan, təkcə Şuşada bitən Xarı bülbül böyük həsrətlə yolumuzu gözləyirdi. Bilirik ki, üzümüzə gələn baharda Xarı bülbül sevinclə gül açacaq. Şuşanın dumanlı dağlarında daima 3 rəngli bayrağımız dalğalanacaq!

    İstifadə olunan mənbələr:

    1. https://portal.azertag.az/az/node/1051
    2. http://konservatoriya.az/?p=1145
    3. http://www.mct.gov.az/az/umumi-xeberler/13040
    4. http://anl.az/down/meqale/ses/2011/avqust/195138.htm
    5. Rafael Hüseynov “1002-ci gecə” kitabı